Əlaqə Arxiv
news Image
2019.01.23
09:15
| A A A
Bakı-Tiflis-Qarsa Avropa ölkələrinin də diqqəti artır
Natiq Cəfərli: “Çexiyanın da prosesə qoşulması ilə bu dəmir yoluyla mal daşınmalarının həcminin artımına, bu fonda da tranzit ölkəsi olmaqla birbaşa büdcə ödənişlərinin həcminin yüksəlməsinə nail olacağıq”

Artıq Avropa ölkələri də Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşımalara xüsusi diqqət yetirməyə başlayıb. Məsələn, Çexiyanın sənaye və ticarət naziri Marta Novakova bildirir ki, Çexiya şirkətləri bu dəmir yolu ilə yükdaşımalarda iştirak etməyə maraq göstərir. 

Proses ondan xəbər verir ki, sözügedən dəmir yolunun cəlbediciliyi artdıqca daha çox ölkə orada iştirak etmək arzusunu dilə gətirir və onu reallaşdırır. Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyi ərazi elə bir məkanda yerləşir ki, həm şimal, həm qərb, həm şərq, həm də cənub istiqamətdə yerləşən ölkələrin yükdaşımaları üçün olduqca əlverişli yerdir. Bunun nəticəsidir ki, artıq Avropa qitəsi ölkələri də bu dəmir yolundan öz mal və məhsullarının daşınması zamanı istifadəyə önəm verməyə başlayırlar.  
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Avropa ölkələrinin də Bakı-Tiflis-Qars dəmir yoluna önəm verməsi fonunda buradan daşınan yüklərin həcmi və ona müvafiq olaraq tranzit yolundan əldə edilən gəlirlərimiz artacaq: “Ümumilikdə götürəndə Avropa ölkələrinin Çin və Hindistanla qarşılıqlı ticarət dövriyyəsi az qala bir trilyon dollara çatır. Həmin ticarət dövriyyəsinin böyük hissəsi gəmi vasitəsilə daşınsa da, dəmir yolu daha tez, daha çevik və daha effektiv olduğundan məhz həmin yolla mal-məhsullarını daşımağa üstünlük verən şirkət və müəssisələrin sayı da getdikcə artır. 
Təbii ki, Şərq-Qərb dəhlizinin, yəni Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi və Şərqdən Avropaya, oradan da əks istiqamətə malların daşınmasının məhz bu marşurut üzərindən keçməsi ehtimalı Azərbaycanı regional nəqliyyat dövlətinə çevirə bilər. 
Bunun da nəticəsində gələcəkdə ölkəmiz daha böyük dividendlər qazana, mal dövriyəsindən gələn tranzit xərcləri vasitəsilə valyuta qismində əlavə vəsaitlər qazana bilər. Bu mənada Avropa ölkələrinin də bir-birinin ardınca Bakı-Tiflis-Qars layihəsinə qoşulması, ona “köhnə qitə”də də marağın artması Azərbaycan üzərindən mal daşınmalarının həcminin artmasına yardımçı olacaq. Həcmin artması ilə də həm  ölkənin dəmir yolu sisteminin qazancları, həm də tranzit ölkəsi olmaqla birbaşa büdcə ödənişlərinin həcminin artması ehtimalı var. 
Böyük ehtimalla, yük dövriyyəsinin artması ilə gəlirliyin də kifayət qədər artması yüksələcək. Bütün hallarda dövriyyənin də ciddi şəkildə artımına ehtiyac var. Hələlik hədəf olaraq ildə təxminən 5-7 milyon tonluq yükün daşınması götürülüb. Amma çalışmalıyıq ki, ölkə üzərindən azı 20-25 milyon ton yük keçsin. Bu halda nəzərə çarpacaq dərəcədə tranzit gəlirləri də əldə edəcəyik”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz