news Image
2013.04.30
13:42
| A A A
"Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər" mövzusunda tədbir keçirilib

Aprelin 30-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər" mövzusunda tədbir keçirilib.


Mövqe.az-ın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və onun tərkibinə daxil olan inzibati rayonların, bələdiyyələrin, mənzil-kommunal təsərrüfatı birlikləri və mənzil istismar sahələrinin nümayəndələri iştirak edib.


İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulayıb. Qeyd edilmişdir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib. 1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Diqqətə çatdırılıb ki, mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar həyata keçirilən işlərin əlaqələndiriməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür.


Sevinc Həsənova yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.


İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov və Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev mənzil-kommunal sahəsində yeni münasibətlər mövzusunda təqdimatlarla çıxış edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlərə dair müxtəlif məruzələr dinlənilib.


Sonda tədbir iştirakçılarına "Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu" adlı broşurlar paylanıb.