news Image
2019.02.09
07:00
| A A A
Xaricdən borcun manatla alınması davam etdirilə bilər
Fuad İbrahimli: “Bu addım ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşmasına, elastikliyə, makroiqtisadi tarazlığın bərqərar olmasına yol açacaq”

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır. Bunu  bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, AYİB-nin manatla kredit verməsi yerli sahibkarlarımız üçün daha əlverişli biznes mühitinin formalaşmasına rəvac verəcək: “Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı yerli şirkətlərə manatla kredit ayırması ilə bağlı istəyində ən böyük əhəmiyyət kəsb edən məqam odur ki, yerli sahibkarlara xarici valyutalarla deyil, manatla kredit ayırılacaq. Bu, ilk növbədə o deməkdir ki, həmin qurumun Azərbayan iqtisadiyyatının makroiqtisadi səviyyədə dayanıqlığı ilə bağlı verilən proqnozlar prioritet olaraq saxlanılır.

Yəni, həmin qurum konkret rəqəmlər üzrə göstəricilər əsasında gəldiyi analizə əsasən bu qənaətdədir ki, ölkəmizdə makroiqtisadi dayanıqlıq təmin edilib. Belə bir vəziyyətdə də həmin bank yerli istehsalçılara manatla kredit vermək üçün artıq danışıqlara getməyə hazır olduğunu bəyan edir. Beynəlxalq qurumdan yerli sahibkarlarımıza manatla kredit verilməsi ona görə əlverişlidir ki, istənilən halda sahibkar gələcəkdə kredit şərtlərini həyata keçirəndə heç bir halda manatla bağlı baş verən təsirlərə, onun ucuzlaşması və yaxud möhkəmlənməsi istiqamətində gedən proseslərə, risqlərə məruz qalmayacaq. Yəni  sahibkar ən azından bu risqlərdən tamamilə qorunur. Belədə rahat və şəkildə kredit şərtlərinə uyğun öz biznes fəaliyyətilə məşğul olmaq imkanı qazanacaq. Bu da öz növbəsində daha əlverişli biznes mühitinin formalaşdırılmasına, elastikliyinə, makroiqtisadi tarazlığın bərqərar olmasına yol açacaq”. 

İqtisadçı-ekspert Yaşar Əsədov AYİB-nin bu addımının ölkəmizdə iqtisadi inkişafa yeni təkan verəcəyi qənaətindədir: “Son devalvasiyadan sonra artıq uzun müddətdir ki, manat sabit valyuta rolunda çıxış etməyi bacarıb. Avropa Yenidənqurma və İnkişaf Bank, ümumiyyətlə, beynəlxalq qurumlar da krediti ancaq sabit inkişaf və sabit milli valyutanın olduğu ölkələrə daha həvəslə verir. Həmin bu bankın verdiyi kreditlər də aşağı faiz dərəcəsində, təxminən 3-4 faiz civarında olur.

AYİB-nin manatla kredit vermək niyyəti əlbəttə ki, Azərbaycan iqtisadiyyatı, sahibkarlar, biznesmenlər üçün əlverişlidir. Bir var onlar ölkə daxilində krediti 12-15 faizə alsınlar, bir də var 3-4 faizlə. Bu addım sahibkarların istər-istəməz ürəyincə olacaq. Çox güman ki, AYİB-nin verdiyi kreditlər də hansısa konkret layihələrə yönəldiləcək. Ola bilsin, həmin kreditlər  Azərbaycandan Avropaya ixrac edilməsi gözlənilən hansısa məhsul istehsalına yönəldiləcək. Daha dəqiqi isə o ola bilər ki, həmin kreditlər Azərbaycanın Avropadan müxtəlif malların, avadanlıqların alınmasına yönələcək.

İstənilən halda, faizlər nəzərə alınmaqla kreditlə işləmək sərfəlidir. AYİB-nin verdiyi kreditlər aşağı faizli olmaqla yanaşı, həm də uzunmüddətli olur. AYİB-nin manatla kredit vermək istəyi olduqca sərfəlidir. Azərbaycanda davam edən iqtisadi inkişafın daha da güclənməsinə gətirib çıxaracaq”.

Rüfət NADİROĞLU