Əlaqə Arxiv
news Image
2019.02.09
09:00
| A A A
Əmanətlərin sığortalanması ilə bağlı Prezidentin mövqeyi iqtisadiyyata yeni nəfəs verir
Samir Əliyev: “Müddətin uzadılması banklara öhdəlikləri yerinə yetirməyə imkan verəcək, əmanətçiləri risqlərdən xilas edəcək və iqtisadiyyatımıza müsbət təsir göstərəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmanətlərin tam sığortalanması daha bir il uzadılacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, artıq “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir.

Xatırladaq ki, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-də verilib və bu qərar 3 il müddətinə nəzərdə tutulmuşdu. İndi isə daha bir il müddətinə uzadılacağı gözlənilir.  

İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, əmanətlərin tam sığortalanması qanunun daha bir il müddətinə uzadılması banklar, əhali qrupu və ölkə iqtisadiyyatının inkişafına ciddi töhvələr verəcək: “Bu gün Azərbaycanda bank sektoru hələ ki, devalvasiyanın təsirindən tam olaraq qurtula bilməyib. Hələ də bir sıra banklar var ki, onların bağlanma risqi mövcuddur. Onların aktivlərinin əksər hissəsi zərərlidir və nprmal fəaliyyət göstərə bilmirlər. Belə bir vəziyyətdə əmanətlərin sığortalanması müddəti uzadılmasa, həmin əmanətlərin geri çəkilməsi prosesi başlaya bilər. Burada söhbət orta statistik əmanətçidən, banka 5-10 min manat qoyanlardan getmir. Çünki bu qanun qüvvədən düşərsə, avtomatik olaraq köhnə qanun geri qayıdacaq. Yəni bu qanun qüvvədən düşəcəyi təqdirdə 30 min manatadək əmanətlərin sığortalanması məsələsi yenidən qüvvəyə minəcək. Ona görə də əmanətlərin tam sığortalanması müddəti uzadılmasa bu halın 30 mn manatdan az əmanət qoyan əmanətçilərə heç bir mənfi təsiri olmayacaq.

Ancaq elə qrup insanlar var ki, onların banklarda yüz minlər, bəlkə də milyonlarla manat əmanəti var. Müddət uzadılmayacağı təqdirdə, bu insanlar öz əmanətlərini geri çəkmək barədə düşünə bilərdilər. Bu isə elə də güclü olmayan banklar üçün müəyyən təhlükələr, öhdəliklərin yerinə yetirilməsində problemlər yaradardı. Əmanətlərin tam sığortalanması müddətinin uzadılması da məhz bu təhlükənin qarşısını almağa hesablanıb. Nə qədər ki, banklar tam olaraq sağlamlaşdırılmayıb, sözügedən məsələ ilə bağlı müddətin uzadılması daha məqbuldur. İndi daha bir il müddətinə uzadılır. Bu müddət ərzində bankların mövcud problemləri aradan qaldırılmalıdır. Yenə də aradan qaldırılmasa, proses daha növbəti ilə qədər də uzadılmalıdır. Həmin müddətin uzadılmasının əmanətçilərə də xeyri vardır. Əhali bu fonda artıq bankın istənilən vaxt bağlanma təhlükəsindən narahat olmayacaq. Çünki əmindir ki, hökumət tam sıportalanma fonunda həmin pulları artıqlaması ilə qaytaracaq. Atılacaq bu addımın iqtisadiyyata da faydası vardır. Bank sektorunda  sabitlik saxlanılacaq, təmin olunacaq  ki, bunun özünün də iqtisadiyyatımıza müsbət təsirləri olur. Həmin addımın həyata keçməsilə əhalinin banklara etibarı da artır. Bu etibar uzun müddət olsa da, bildiyiniz kimi, 2015-ci ildə müəyyən dərəcədə sarsıldı. Verilən bu qanun isə həmin etibarı müəyyən qədər bərpa edib. Müddətin uzadılması ilə isə etibarlılıq dərəcəsi daha da yüksələcək”.

Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz