Əlaqə Arxiv
news Image
2019.02.16
07:00
| A A A
Sahibkarlara dövlətdən növbəti mühüm dəstək
Natiq Cəfərli:”Fərdi məsələlərin həllində sözügedən institutun yaradılması sahibkarlara, iqtisadiyyata müsbət təsir göstərəcək” Vüqar Bayramov: “Vergi Ombudsmanının yaradılması iqtisadi aktivliyin artmasına, biznesin inkişafına müsbət təsir göstərəcək”

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı naziri Mikayıl Cabbarov Vergi Ombudsmanı institutunun yaradılacağını bəyan edib.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Vergi Ombudsmanının yaradılması fərdi məsələlərin həlli sahəsində sahibkarlar və iqtisadiyyatımızın inkişafı üçün müsbət addım olacaq: “Bu institut ümumiyyətlə, sahibkarlarla bağlı fərdi məsələlərin həllilə məşğul olacaq. Ona görə də həmin institutun yaradılması çox önəmlidir. Çünki institusional sistemin həlli üçün daha geniş yanaşmaya ehtiyac var. Amma ombudsman institutunda ola bilər ki, problemli məsələlər fərdi qaydada həll edilsin.

Bildiyim qədər vergi ombudsmanı tək vergi məsələlərilə deyil, ümumiyyətlə, biznes sahəsində olan problemlərlə məşğul olacaq. Ona görə də həmin institut dövlətlə biznes adamları arasında bir vasitəçi rolunda çıxış edəcək ki, problemlər fərdi qaydada həllini tapsın. Həmin institut bu mənada fərdi qaydada problemləri həll edə bilər. Amma sistemli, qlobal şəkildə məsələlərin həlli üçün mütləq çevik çalışan, sayı artırılan və ədalətli məhkəmə sisteminə ehtiyac var. Dediyim kimi, fərdi məsələlərin həllində sözügedən institutun yaradılması sahibkarlara, iqtisadiyyata müsbət təsir göstərəcək”.   

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd etdi ki, belə bir qurumun yaradılması vergi orqanları ilə vergi ödəyən sahibkarlar arasında mübahisələrin çevik şəkildə həllinə, habelə iqtisadiyyat və biznesdə aktivliyin artmasına gətirib çıxaracaq: “Vergi Ombudsmanının yaradılması vergi ödəyicilərilə dövlət arasındakı münasibətlərin daha çevik müstəvidə tənzimlənməsinə imkan verəcək. Çünki nəticə etibarı ilə bu addımla vergi mübahisələrinin həllinə müdaxilə etmək və bu məsələni əlaqələndirmək imkanına malik olacaqlar.

Eyni zamanda nəzərə alsaq ki, bir sıra hallarda, xüsusən də məbləğin dairəsi kiçik olan mübahisələrin vergi qurumları və yaxud məhkəmələr tərəfindən deyil, ombudsman tərəfindən araşdırılması və qərar verilməsi daha məqsədəuyğundur.

Bu, bir tərəfdən daha qısa zamanda qərarın əldə edilməsinə imkan yaradır, digər tərəfdən də imkan yaradacaq ki, az miqdarda proseduralardan keçməklə belə mübahisələri həll etmək mümkün olsun. Eyni zamanda, həmin addım birmənalı şəkildə vergi orqanlarına vaxt və zamana qənaət etmək baxımından, həmçinin mübahisəli məsələlərin onlar tərəfindən baxılmasının azaldılması aspektindən də vacibdir. O baxımdan ombudsmanın yaradılması vergi ödəyiciləri üçün yeni imkanların yaradılması kimi qiymətləndirilməlidir. Həmin addım nəticə etibarı ilə vergi ödəyicilərinə mübahisəli məsələləri daha qısa zamanda həll etməyə şərait yaradacaq. Vergi orqanları da bu institutun fəaliyyətindən bəhrələnəcəklər. Onlar daha vaxt itkisinə yol verməyəcək və araşdırdıqları mübahisəli məsələlər azalacaq.  Belədə vergi mübahisələrini daha səmərəli və şəffaf şəkildə həll etmək mümkün olacaq.

Vergilər təbii ki, iqtisadiyayt üçün vacibdir.  Xüsusən də vergi ödəyicilərinin dövlət qurumları ilə münasibətlərinin yaxşılaşdırılması nəticə etibarı ilə iqtisadi aktivliyin artmasına da öz müsbət təsirlərini göstərəcək. Bu da öz növbəsində imkan yaradacaq ki, biznesin inkişafı baxımından atılan addımın müsbət təsirləri olsun. Real sektorda bağlı vergi proseduralarının sadələşdirilməsi, xüsusən də vergi mübahisələrinə daha qısa zamanda baxılması mənasında addımın pozitiv təsirləri olacaq. Həmin addım əsasən də qeyri-neft sektoruna daha çox müsbət təsir göstərəcək”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz