Əlaqə Arxiv
news Image
2019.02.18
12:37
| A A A
“Azərsu” bu il ölkədə bir sıra su şəbəkələrinin tikintisini başa çatdıracaq

“Azərsu” ASC bu il ölkədə həyata keçiriləcək işləri açıqlayıb.

Movqe.az xəbər verir ki, “Azərsu” ASC-nın sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində 2019-cu il üçün planlarının geniş olduğunu bildirib.

Onun sözlərinə görə, bu ilin birinci yarısında regionlarda tikilən ən böyük sutəmizləyici qurğu – Şəmkirçay sutəmizləyici qurğular kompleksi istismara veriləcək: “Sutkalıq məhsuldarlığı 140 min kubmetr təşkil edən qurğu Gəncə, Şəmkir və Samux şəhərlərinin, həmçinin magistral kəmərlər boyu yerləşən kəndlərin içməli su təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Yeri gəlmişkən, qeyd edim ki, qurğudan adşçəkilən şəhərlərə 27 km uzunluğunda Şəmkirçay-Gəncə və 16 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəmərlərinin tikintisi başa çatdırılıb”.

Q.Hüseynov qeyd edib ki, bu il Ağdaş, Qəbələ, Qax şəhərlərində su və kanalizasiya, Xırdalan və Şəmkir şəhərlərində isə su şəbəkələrinin tikintisi yekunlaşacaq: “Eyni zamanda, Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində layihələrin son komponenti olan tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq”.

“Bununla yanaşı Pirşağı qəsəbəsinin yaxınlığında Xəzər dənizinin sahilində tikilən müasir tullantı sutəmizləyici qurğu da ilin sonuna qədər tikilib təhvil veriləcək. Eyni zamanda 2019-cu ildə 10-dan çox şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılması nəzərdə tutulur”, - deyə o bildirib. 

Sizin Reklam Yeriniz