Əlaqə Arxiv
news Image
2019.02.19
08:00
| A A A
Azərbaycan yenə MDB-nin liderləri sırasındadır
Əli Əlirzayev: “Özünüməşğulluq, özəlləşməsinin sürətlənməsi, torpaqların əhaliyə verilməsi, müxtəlif təsərrüfat formalarının yaradılması və inkişafı, aparılan islahatlar işsizlik məsələsinin həllində həlledici rol oynayıb”

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, Azərbaycan işsizlərin sayına görə MDB-də daha yaxşı göstəriciyə malik olmaqla ən aşağı sıralardadır. Belə ki, Azərbaycanda işsizlərin sayı 5 faizdən də azdır. MDB-nin digər dövlətlərində isə bu göstərici daha yüksəkdir.

İqtisadçı alim Əli Əlirzayevin fikrincə, ölkəmizdə həyata keçirilən ardıcıl siyasət və struktur islahatları Azərbaycanda işsizlərin sayının MDB məkanında daha az olmasına gətirib çıxarıb: “Azərbaycanda  bildiyiniz kimi, işsizliyin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadi inkişafa, xüsusən də qeyri-neft sektorunun inkişafına yönəlik bir sıra vacib islahatlar həyata keçirilib. Ölkəmizdə işsizliyin aradan qaldırılması ümumiyyətlə strateji və prioritet məqsəd olaraq qarşıya qoyulub. İşsizliyin səviyyəsinin azaldılması üçün yalnız dövlət müəssisələrinin olması da hökmən deyil. Özəlləşmənin sürətli inkişafı, torpaq islahatları, ailə təsərrüfatları, ona verilən dotasiyalar subsidiyalar, bu sahəyə göstərilən qayğı və himayəçilik, son zamanlar həyata keçirilən özünüməşğulluq siyasəti, kiçik sahbkarlığın inkişafına yönəlik dəstək proqramları, bütün bunlar hamısı birlikdə ölkəmizdə işsizlik səviyyəsinin aşağı olmasına gətirib çıxarıb. Burada ölkəmizdə yaşayan əhalinin öz xüsusiyyəti də mühüm rol oynayıb. Belə ki, Azərbayan xalqı qədimdən həmişə ev təsərrüfatı ilə məşğul olmağı sevən xalqdır ki, bu da milli iqtisadiyyatımızın bir hissəsidir. Yəni bizim xalq təsərrüfata bağlı xalqdır.

Verilən subsidiyalar, kreditlər, faizlərin azaldılması istiqamətində görülən işlər, yaradılan yeni təsərrüfat formaları, sənaye parkları və məhəllələri də həmin işə öz töhvəsini verir. Azərbaycanın kənd təsərrüfatı məhsulları, subtropik meyvələri rahat şəkildə xaricdə satılır. Bu mənada kənd təsərrüfatı məhsulları üzrə artımın baş verməsi də məşğulluğun artımına gətirib çıxarıb. Dediyim kimi, işsizliyin aradan qaldırılması ölkəmizdə bir nömrəli prioritet məsələdir.

Burada özünəməşğulluq, özəlləşməsinin sürətlənməsi, torpaqların əhaliyə verilməsi, müxtəlif təsərrüfat formalarının yaradılması və inkişafı, aparılan islahatlar məsələnin həllində həlledici rol oynayıb. Struktur islahatları həyata keçdikcə də yeni-yeni iş yerləri açılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan MDB mənakında işsizlərin sayına görə ən az miqdara malik olan ölkələr sırasında yer alıb”.

Rüfət NADİROĞLU        

 

Sizin Reklam Yeriniz