Əlaqə Arxiv
news Image
2019.02.20
08:00
| A A A
Azərbaycan daha çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edəcək
Natiq Cəfərli: “Avropaya bu yolla nəql edilən qazın 10 milyarddan 30-35 milyard kubmetrə qaldırılması ilə Azərbaycanın həm siyasi çəkisi artacaq, həm də tranzit gəlirlərimizin kifayət qədər artması gözlənilir”

Energetika naziri Pərviz Şahbazov 7 ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi"nin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıran strateji əhəmiyyətini diqqətə çatdırıb: "Cənub Qaz Dəhlizi" hazırda dünya enerji təhlükəsizliyi sisteminə şaxələnməni mənbə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, "Cənub Qaz Dəhlizi"nin inkişafı ilə Avropada enerji təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək". "Cənub Qaz Dəhlizi"nə daha çox sayda Avropa ölkəsinin qoşulması Azərbaycan üçün hansı üstünlüklər qazandırır? 

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, «Cənub Qaz Dəhlizi”nə daha çox Avropa ölkəsinin qoşulması ilə həm Azərbaycanın siyasi çəkisi artacaq, həm də tranzit prosesindən gələn gəlirlərimiz daha çox olacaq: “Əslində Azərbaycanın Avropaya satacağı qazın həcmi elə də çox deyil. Gələn ilin sonlarından başlayaraq “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Avropaya ildə təxminən 10 milyard kubmetr qaz satılması nəzərdə tutulur. Bu mənada mavi yanacağımızın hansı ölkələrə satılmasının bir o qədər də əhəmiyyəti yoxdur. Çünki Avropada ortalama qiymər aşağı-yuxarı eynidir. Ona görə də Avropa məkanında daha çox ölkənin həmin sistemə qoşulması ilə sadəcə Azərbaycanın siyasi və iqtisadi çəkisi daha da artacaq. Yəni bu addım ölkəmizin siyasi və iqtisadi çəkisinin artmasına xidmət edəcək. Amma satış həcmləri baxımından bir çox ölkələrin tələblərinə cavab vermək üçün o qədər də böyük həcmdə qaz istehsal edib satmayacağıq. Əslində Azərbaycandan qaz alıb bu bazarlarını diversifikasiya etmək istəyən ölkələr çoxdur. Lakin mövcud həcm buna imkan vermir. Cəmi 10 milyard kubmetr qaz satılacaq. Bu istiqamətdə artıq bir çox müqavilələr bağlanıb. Gələcəkdə isə Avropa ölkələrindən daha çox tələb gələrsə, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi və başqa Avropa ölkələrinin də xammal tədarükçüsü kimi prosesə qoşulması məsələsi gündəmə gələcək. Türkmənistan qazının da həmin dəhlizə qoşulması istiqamətində uzun zamandır ki, danışıqlar gedir. Bəzi siyasi əngəllər var, amma onun da aşılması mümkündür. Şimali İraqdan qaz kəmərinin çəkilərək onun da “Cənub Qaz Dəhlizi”nə qoşulması məsələsi gündəmdədir.  Bu da aktual məsələdir. Bu yolla daha 10-12 milyard kubmert  qazı Avropaya nəql etmək mümkün olar. Həmin sadaladığım bu layihələrin gerçəkləşməsilə Azərbaycanın tranzit gəlirləri artacaq. Çünki “Cənub Qaz  Dəhlizi”nin əsas xərclərini Azərbaycan çəkdiyindən çox yüksək paya malikdir. Məsələn, TANAP layihəsində 57 faizə yaxın pay məhz ölkəmizə məxsusdur. Oradan keçən qazın tranzit gəlirlərinin də müvafiq olaraq Azərbaycana daxil olması gözlənilir. Yəni gələcəkdə digər ölkələrin də prosesə qoşulması, Avropaya bu yolla nəql edilən qazın 10 milyarddan 30-35 milyard kubmetrə qaldırılması ilə Azərbaycanın həm siyasi çəkisi artacaq, həm də tranzit gəlirlərimizin kifayət qədər artması gözlənilir”.

Rüfət NADİROĞLU

 

 

 

 

Sizin Reklam Yeriniz