Əlaqə Arxiv
news Image
2019.02.20
09:30
| A A A
Qeyri-neft sektorunun ixracda payı sürətlə artır
Azərbaycanda sənayeləşmə müasir texnologiyalarla genişləndirilir

Bu günlərdə Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Bu, artıq eyni MMC-nin ikinci böyük zavodudur. Ötən 40 il ərzində gücünə və miqyasına görə Azərbayvanın ən güclü müəssisələrindən biri kimi respublikanın sənaye xəritəsinə düşüb. İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” kimi xarici şirkətlərin iştirakı ilə həyata keçirilən bu layihə müasirliyi və texnoloji proseslərin mükəmməlliyi ilə seçilir.

Müəssisənin inşasında xarici banklar, daxili və xarici investorlar fəal iştirak ediblər. Sərmayənin 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində bir ilkdir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edib. Zavodların istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergi ödəmələri nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq. İlkin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. Prezident İlham Əliyevə məlumat verildi ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb. Bunlar böyük rəqəmlərdir.

“SOCAR Polymer”in polypropilen və polietilen zavodları Sumqayıt texnologiya parkının yeni zavodları sırasında əhəmiyyətli yer tutur. Respublika iqtisadiyyatının aparıcı müəssisələri sırasına daxil olan bu zavodların mühüm əhəmiyyəti qeyri-neft sektoruna aid olması və əhalinin rifah halının yaxşılaşdırılmasında ciddi paya sahib olmasıdır. Belə ki, hər iki zavodda birlikdə 1000 nəfər işçi çalışır. Həm də bu işçilər yüksək ixtisaslı mütəxəssislərdir. Onlar xaricdə staj keçərək müvafiq ixtisasa yiyələniblər. Yeni istifadəyə verilmiş polietilen zavodunun milli mühəndis-texnik işçiləri “Fluor” şirkətinin, digər işçilər isə Amsterdamda, Milanda və Mumbayda fəaliyyət göstərən ixtisas kurslarında təlim alıblar. Əminliklə deməkj olar ki, kimya sənayesinin bu istiqamətində artıq milli kadrların bazası yaradılıb və gələcək nəsillərin yetişdirilməsi üçün daha xaricə üz tutmağa ehtiyac qalmayacaq.

Yeni müəssisələrin mühüm xüsusiyyətlərindən biri də zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi kimi ekoloji və sosial təsirlərin minimuma endirilməsidir. Belə ki,  beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərən bu zavodların  istehsal prosesləri və buraxılan məhsul keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verir.

Yeni müəssisələrin kollektivi əsasən gənclərdən ibarətdir. Burada maaş kifayət qədər yüksəkdir. Çünki, müəssisələr rentabellidir və onların məhsulları artıq alıcılara yola salınır, ölkəyə valyuta axınının daha bir kanalı işə düşür. Belə müəssisələrin işə salınması ölkədə uğurla aparılan iqtisadi strategiyanın tərkib hissəsidir, yeni iqtisadi mərhələnin başlıca məqsədlərindəndir. Müasirliklə texnoloji yeniliklər ölkə sənayesində abadlıq yaratması ilə yanaşı xalqın sosial vıziyyətinin yüksəlməsinə dəı xidmət edir. Bu göstəricilər sübut edir ki, Azərbaycanın inkişafı daha da dərinləşir, dövlətin siyasəti düzgün yoldadır və xalqa xidmət kimi qarşısında duran böyük missiyanə şərəflə yerinə yetirir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz