Əlaqə Arxiv
news Image
2019.02.22
07:00
| A A A
“Cənub Qaz Dəhlizi“ Azərbaycana böyük siyasi, iqtisadi dividendlər vəd edir
Vüqar Bayramov: “Əldə edəcəyimiz gəlirin həcmi 100 milyard dollardan çox olacaq” Fikrət Yusifov: “Layihə Azərbaycana Avropa və dünya məkanında böyük siyasi və iqtisadi dividentlər qazandıracaq”

“Biz “Cənub Qaz Dəhlizi“ layihəsinin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaq“. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “ Cənub Qaz Dəhlizi “ Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxışı zamanı deyib.

Qeyd edək ki, sözügedən layihənin açılış mərasimi 2018-ci ilin mayın 29-da Səngəçal terminalında baş tutub.  “Cənub Qaz Dəhlizi”nin təməli isə 2014-cü ildə qoyulub. Onu da vurğulayaq ki, “Cənub Qaz Dəhlizi” layihəsi TANAP və TAP qaz kəmərləri layihələrinin genişləndirilməsi üzrə layihədir. Bu dəhliz çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və Adriatik dənizi ərazisindən keçməklə İtaliyaya qədər 3500 km. məsafəyə malik bir layihədir və adı çəkilən Cənub-Şərqi Avropa ölkələrinin qaza olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Həmçinin, gələcəkdə bu layihəyə digər dövlətlərin də qoşulması istisna deyil. Məsələn, Türkmənistanın da öz qazını məhz bu kəmər vasitəsilə Avropaya nəql edəcəyi proqnozlaşdırılır. Azərbaycan üçün isə deyildiyi kimi, həmin layihə uzunmüddətli uğur hekayəsidir.

Bu, uzunmüddətli uğur hekayəsi Azərbaycan hansı siyasi, iqtisadi dividendlər qazandıracaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, bu layihənin gerçəkləşməsilə ilkin qiymətləndirməyə görə, Azərbaycan 100 milyard dollardan artıq qazanc əldə edəcək: “İlk növbədə onu qeyd edim ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Trans Adriatik Qaz Kəməri (TAP) "Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi "Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Beləliklə, Azərbaycan artıq öz qazını birbaşa, Rusiyadan kənar Avropa bazarına çıxara biləcək. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin "Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. "Şahdəniz” yatağının ehtiyatları bu gün 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir. Cənub Qaz Dəhlizi bir tərəfdən, Avropanın enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək, digər tərəfdən də bu fonda sözügedən məkanda Azərbaycanın siyasi və geosiyasi çəkisi artacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu rəqəm 20 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Məsələn, mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırır. Bu fonda “köhnə qitə”nin alternativlərdən olmaqla Azərbaycan qazına marağı birmənalı olaraq daha da artacaq”.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da qeyd etdi ki, həmin layihə ölkəmizə sözün həqiqi mənasında ciddi siyasi və iqtisadi dividentlər gətirməlidir: “Bu layihə əslində əsrin ən böyük enerji layihəsidir. Nə yaxşı ki, belə bir nəhəng layihə Azərbaycanın payına düşüb. “Cənub Qaz Dəhlizi” layihəsinin müəllifi və onun icrasına bilavasitə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun siyasi iradəsi və qətiyyəti olmasaydı belə bir nəhəng layihənin ərsəyə gəlməsi praktik olaraq mümkün olmazdı. Azərbaycan idarəçilikdə bu layihə ilə üzərinə ciddi bir missiya götürüb. Nəticədə ölkəmiz bu layihənin ərsəyə gəlməsinə nail olub. Həmin layihədə 7 ölkənin 11 nəhəng tikinti şirkətlərinin iştirak edir və ona 40 milyard dollardan çox maliyyə yatırılıb. Layihənin artıq 3 seqmenti tam istifadəyə verilib. 4 seqmenti, TAP layihəsi üzrə işləri isə  artıq 86 faizi icra olunub. Nəticədə cari ilin sonuna qədər layihə tamamilə başa çatdırılacaq. İlkin məlumatlara görə layihə başlanğıcda dəyərləndirildiyindən daha az xərclə başa gələcək.

Layihə Azərbaycana Avropa və dünya məkanında böyük siyasi dividentlər gətirəcək. Həmçinin, ciddi iqtisadi dividentlər də əldə edəcəyik. Bu layihəni keçən əsrin 90-cı illərin ortalarında başlanan “Əsrin müqaviləsi” ilə bir səviyyədə tuturam. Bu layihə Avropanın qaz təchizatının şaxələndirilməsində öz sözünü deyəcək. Ölkəmiz “Cənub Qaz Dəhlizi” vasitəsilə dollar ekvivalentində milyardlarla vəsait qazanacaq. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir ki, bu da ciddi rəqəmdir. Gələcəkdə həmin kəmərə başqa ölkələr də qoşulacaq.Türkmənistanın da ora qoşulacağı proqnozlaşdırılır”.

Rüfət NADİROĞLU 

 

 

Sizin Reklam Yeriniz