Əlaqə Arxiv
news Image
2019.02.23
07:00
| A A A
Azərbaycandakı sosial islahatlar dünya miqyasında dəstəklənir
Əksər ölkələrdə böhran yaradan sosial problemlər ölkəmizdə uğurla həll olunur

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon bu günlərdə bildirib ki, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatlar təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu fakt göstərir ki, Azərbaycanda  həyata keçirilən islahatlar dünya miqyasında hər cəhətdən təqdir olunur. Belə bir rəyin ortaya çıxması Dünya Bankının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylərinə Azərbaycan hökuməti tərəfindən ciddi qarşılıq verilməsi və təklif olunan layihələrin həyata keçirilməsinə hərtərəfli dəstək nümayiş olunmasıdır.

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının başlıca istiqamətlərinə struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdir.  2003-cü ildə Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar, sıçrayışlı iqtisadi inkişaf strategiyası irəli sürüləndən sonra ölkədə radikal dönüş baş verib, milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. Yoxsulluq 10 dəfə azalıb, 3 milyondan çox insan yoxsulluqdan xilas olub, 1 milyondan çox yeni iş yeri yaradılıb.

İndiyədək Azərbaycanda 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Ümumiyyətlə, Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilir. Dünya Bankının Azərbaycan üçün strateji layihələrə, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi yer tutur.

Ölkəmizin Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurla əməkdaşlıq edir. Müxtəlif dövrlərdə IFC çoxsaylı layihələrin maliyyələşdirilməsinə yarım milyard dollar vəsait ayırıb. Dünya Bankının Azərbaycanda ilk layihələri 1995-ci ildə təsdiq edilib. O vaxtdan bəri bu tərəfdaşlıq yüksələn xətlə inkişaf edərək həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşib. Azərbaycan bankın sadiq tərəfdaşına çevrilib. Çünki, dünya iqtisadi böhranı zamanı yaranan gərgin iqtisadi mühitdə Azərbaycanda bir sıra islahatlar həyata keçirməyə nail olub. Məhz sosial layihələrin dayanıqlılığı və dövlət rəhbərliyinin bu yolda qətiyyətli addımlar atması  Dünya Bankının müasir çağırışlarına cavab verib və ölkənin gələcəyi üçün möhkəm və dayanıqlı zəmin yaradıb.

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda özəl bölmənin müxtəlif sektorlarına, o cümlədən maliyyə xidmətlərinə, infrastruktur və sənayeyə 56 layihə çərçivəsində 470 milyon ABŞ dollarından çox sərmayə qoyub. Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi qazanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət sosial xidmətlərinin vahid mərkəzdən “bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması da beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Təsadüfi deyil ki, Nazirliyin yeni Məşğulluq Strategiyasının hazırlanmasına Dünya Bankı texniki dəstək verib, “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işləri təqdir edib.

Prezident İlham Əliyev tərəfindən qəbul edilən xanım M.Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu bildirərək  islahatlar prosesində Dünya Bankının Azərbaycanla birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz