Əlaqə Arxiv
news Image
2019.02.23
09:30
| A A A
“Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada yeni vizit kartıdır
Siyasi və iqtisadi əhəmiyyətə malik bu böyük layihəyə dünya miqyasında böyük maraq göstərilir

Hər il Azərbaycanın iştirak etdiyi beynəlxalq layihələrin açılışı və ya həyata keçirilməsi ilə  irimiqyaslı tədbirlər baş tutur.  Bu günlərdə “Cənub Qaz Dəhlizi” ilə bağlı Bakıda keçirilən tədbir də bu qəbildəndir. Tədbirdə inkişaf etmiş nüfuzlu dövlətlərin nümayəndələrinin iştirakı Azərbaycanın da beynəlxalq nüfuzunun yeni mərhələyə yüksəlməsinin təcəssümü sayılmalıdır. Çünki, belə layihələr ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə xidmət edir.

Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Ölkəmizin təşəbbüsü ilə bu mühüm layihənin gerşəkləşdirilməsinə 2015-ci ildə başlanılıb. Toplantıda iştirak və çıxış edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev toplantıda iştirak və sıxış edib. İlham Əliyev deyib ki, bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başlandı: “ Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosesdə fəal iştiraka görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şuranın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ilə biz bunun nəticəsini görürük”.

“CQD” layihəsinə həm yerli siyasilər, həm də dünya miqyasında dövlət xadimləri tərəfindən böyük dəyər verilir. Azərbaycan Milli Məclisinin deputatı Vahid Əhmədov mətbuata açıqlamasında deyib ki, Azərbaycana diqqət böyükdür: “Çünki faktiki olaraq Avropa Rusiya qazından çox asılıdır. Fikir verdinizsə, o vaxt Ukraynada baş verən hadisələr zamanı boru kəmərinə çox ciddi təhdidlər var idi. Ona görə də Azərbaycan qaz ixracını artırmağa başladı. Bu iki kəmərin çəkilməsi böyük əhəmiyyət kəsb edir. 2020-ci ildə istifadəyə verilməlidir. Həm Avropa dövlətləri, həm də ABŞ bu kəmərin çəkilməsinə çox maraqlıdırlar, hərtərəfli yardım edirlər. Hətta İrana sanksiyalar tətbiq ediləndə Tramp bu layihə ilə əlaqədar sanksiyaya imza atmadı, dedi ki, bu layihə sanksiyalara düşmür”.

Layihənin qlobal əhəmiyyətini göstərən faktlardan biri də davamlı olaraq bu işə qoşulanlarının sayının artmasıdır. Artıq Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Builki Bakı toplantısında Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr qonaq qismində iştirak etsələr də yaxın gələcəkdə potensial tərəfdaşlara çevrilmələri gözləniləndir.

Neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə olan Azərbaycanın regiondakı rolu “QCD” ilə sürətlə artır. Düzdür, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı sayəsində ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrilib. Ancaq Cənub Qaz Dəhlizinin reallaşan layihəsi bu oistiqamətdə fundamental dəyişiklik edəcək.  Dəhlizin birinci fazası olan TANAP uğurla işləyir. İkinci fazanı hədəfləyən TAP-ın isə inşasında böyük irəliləyiş var. Belə ki, hazırkı ststistikaya görə işlərin 87 faizi başa çatdırılıb. Azərbaycanın dövlət başçısı “Cənub Qaz Dəhlizi”ni enerjinin şaxələndirilməsi istiqamətində yüksək qiymətləndirir: “Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür”.

Bu fikirlər təkzibolunmaz həqiqəti əks etdirir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının sonuncu toplantısında çıxış edən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger də bu fikirləri bölüşür: “2019-cu il bizim Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacaq. Mən ötən ilin mayında baş tutmuş ilk qaz mərasimindən sonra Bakıda keçirilən neft-qaz konfransında Avropa İttifaqı adından iştirak etmək şərəfinə nail olmuşam. Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək”.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz