Əlaqə Arxiv
news Image
2019.02.23
10:30
| A A A
Xəzərdə Azərbaycan üçün daha bir mühüm layihə işə düşür
Fuad İbrahimli: “Dünyada və regionumuzda cərəyan edən siyasi vəziyyət elə bir nöqtədədir ki, bu zaman kəsiyində “Transxəzər” layihəsinin çəkilişi üçün ən münbit şərait yaranıb”

"Cənub Qaz Dəhlizi" ilə bağlı Bakıda keçrilən tədbirdən sonra "Transxəzər" kəmərinin çəkilişi yenidən aktuallaşıb və Aşqabad bunda maraqlı olduğunu bildirir. Avropa da prosesə hər cür dəstək niyyətini ifadə edir. 

Qeyd edək ki, "Transxəzər"  qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri təxminən 8 milyard avro dəyərindədir. 
İqtisadçı ekspert Fuad İbrahimlinin fikrincə, hazırda “Transxəzər” kəmərinin çəkilməsi istiqamətində ən münbit şərait yetişib: “Müstəqillik dövründən üzü bəri dünyada və  regionumuzda cərəyan edən siyasi vəziyyət elə bir nöqtədədir ki, bu zaman kəsiyində “Transxəzər” layihəsinin çəkilişi üçün ən münbit şərait yaranıb. Yəni diaqramma ilə ötən dövrləri müqayisə etsək, həmin layihənin gerçəkləşməsi üçün şübhəsiz ki, məhz indi daha münbit şərait yetişdiyini görə bilərik. Bu müstəvidə də həmin layihənin gerçəkləşməsi prosesinin sürətlənəcəyini gözləmək olar. Hazırda həmin layihənin reallaşması üçün hər cür şərait var. Sadəcə olaraq, həmin istiqamətdə aparılan danışıqlar bütün tərəflərin maraqlarına cavab verməlidir. 
Sözsüz ki, "Transxəzər"in işə düşməsindən Azərbaycan böyük dividendlər və mənfəət qazanacaq. Nəzərə alaq ki, Türkmənistan qaz ehtiyatları məsələsində dünyanın ən zəngin dövlətlərindən biridir. Türkmənistan elə bir geostrateji mövqedədir ki, asanlıqla Çin bazarına daxil ola bilər. Amma eyni zamanda, ödəyicilik qabiliyyəti fonunda dayanıqlığı ilə seçilən Avropa da tərəzinin digər tərəfindədir. Azərbaycanın kommunikasiya seti həmin layihənin gerçəkləşməsinə hər cür şərait yaradır. Bunun olmasının nəticəsidir ki, "Transxəzər" layihəsi məsələsi öz aktuallığını saxlamaqda davam edir. Nəticədə avtomatik surətdə "Transxəzər" layihəsi də aktuallıq qazanır və Aşqabad da buna razılıq verib. Azərbaycan həmin layihənin gerçəkləşməsi fonunda həm xidmət, hə də transfer haqqı fonunda kifayət qədər çox həcmdə əlavə mənfəət əldə edəcək. Layihə baş tutmaqla dünyanın ən mühüm əhəmiyyətli layihəsi olacaq. Onun olması ilə Asiya ilə Avropa məhz Azərbaycan vasitəsilə birləşəcək. Avropa qitəsi mavi yanacaq məsələsində ancaq bir mənbədən asılı olmaqdan qurtulacaq. Bu fonda da “köhnə qitədə” Azərbaycanın nüfuz və çəkisi bir qədər də artacaq”. 

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz