Əlaqə Arxiv
news Image
2019.03.14
09:00
| A A A
Qərb Cənubi Qafqazda Azərbaycanı əsas tərəfdaş qismində görür
İqtisadi əlaqələrin inkişafı siyasi və hərbi münasibətləri formalaşdırır

Qərb ölkələrinin son dövrlərdə Azərbaycanla siyasi, itqtisadi, hərbi sahədə əməkdaşlığı daha da genişləndirməyə çalışması müşahidə olunur. Bunun səbəbləri haqda danışanda hər xırdalığa fikir verilsə, çox böyük həcm alınar. Amma ümumi müddəalarla danışmaq daha məqsədyönlüdür, ona görə ki, söhbət üçuçi təsəvvürlər üzərindədir.

Qərb ölkələri ilə 1994-cü ildən başlayan energetika üzrə əməkdaşlıq telləri indiyədək davam edir və perspektivdə genişlənməyi nəzərdə tutur. Əslində enerji əməkdaşlığının indiki halını kulminasiya nöqtəsi saymaq olar. Dövlətlərin dünya çatında yerini və çəkisini müəyyənləşdirən yanacaq daşıyıcıları üzərində ağıllı siyasətə görə Azərbaycan böyük və əhəmiyyətli təkamül yolu keçib. İnkişaf etmiş Avropanın regionunun enerji təhlükəsizliyinin aparıcı simalarından birinə çevrilməsi ölkəmizin həm daxili, həm regional, həm də beynəlxalq nüfuzunu müəyyənləşdirən ən güclü faktorlardandır.   

Ötən il yayında Prezident İlham Əliyevin Avropaya növbəti səfərini Fransaya etməsi həm iqtisadi, həm də siyasi baxımdan əlamətdar hadisə oldu. Bu səfər, onu göstərdi ki, Fransanın timsalında Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın xarici siyasətində Fransa ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Prezident İlham Əliyevin Fransaya səfəri strateji xarakter almış münasibətlərin sürətli inkişafına yeni impuls verdi. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevin parisə səfəri də eyni ruhda keçib. Həm keçmiş, həm də hazırkı ölkə rəhbərləri ilə görüşlərdə M.Əliyeva iqtisadi və siyasi sahədə önəmli müqavilələrin imzalanmasına nail olub. Əməkdaşlıq sürətlə inkişaf edir və ölkəmizin nüfuzu ilə yanaşı iqtisadi gücü də artır. Çünki, ölkəyə yeni investisiyalar gəlir, ixracyönlü məhsullar istehsal edən müəssisələrimizin sayı artır. 

Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir. Hazırda respublikamızda 59 fransız şirkəti fəaliyyət göstərir və ticarət dövriyyəsi getdikcə artır. Fransız müəssisələri neft və neft məhsullarının istehsalı ilə yanaşı, bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Həmin müəssisələrin bir qismi, həmçinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir.

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr müxtəlif sahələrdə uğurla davam edir. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkətin fəaliyyət göstərdiyi, ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlərin podratçı qismində iştirak etdiyi bildirilib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya yatırılıb.

İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes-forum və investisiya sammiti təşkil edilib.

Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib və ölkəmizdə dərman preparatlarının, tibbi avadanlığın birgə istehsalı sahəsində Böyük Britaniya ilə əməkdaşlıq perspektivləri genişdir. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir.

Böyük Britaniyanın BP şirkəti neft-qaz sektorunda 7 layihədə, eləcə də Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrdə iştirak edir.

Almaniya kansleri Angela Merkelin ötən ilin avqust ayında ölkəmizə səfəri əlaqələrin yeni inkişafı mərhələsinə qədəm qoyması üçün önəmli olub. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-sentyabr ayları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 80% artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir.

Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər dövlət əsaslı podrat layihələrində də iştirak edirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir.

Son vaxtlar Avropanın inkişaf etmiş ölkələri, o cümlədən İngiltərə, Fransa, İtaliya Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək haqda da müəyyən müzakirələr aparırlar. Çünki, birincisi, Azərbaycan öz inkişafı qazandığı maliyyə resursları ilə sübut edib ki, bütün sahələrdə etibarlı ticarət tərəfdaşıdır. İkincisi, ölkəmiz onsuz da iri silah ixracatçıları ilə əməkdaşlıq qurub və bunların sırasına digər ölkələrin qoşulması daha çox həmin ölkələrin özlərinə xeyirdir. Üçüncüsü, Azərbaycan öz hərbi-sənaye kompleksini işə salıb və getdikcə öz istehsalını artırır. Dördüncüsü, silah satışı Ermənistanının işğalı ilə Azərbaycanın müharibə şəraitində olmasına görə qadağan olunsa da, artıq bütün dünya bilir ki, Azərbaycan hücum edən tərəf yox, müdafiə olunandır, yəni ordumuz silahı insan qırğınına yox, əksinə, buna qarşı istifadə edir. Bütün bu amillər hərbi sahədə də Qərb ölkələri ilə əməkdaşlığı stimulizə edir.

Qərbin sadalanan maraqları isə Azərbaycan diplomatiyasının birbaşa uğuru kimi dəyərləndirilə bilər. Çünki, ölkəmizə qarşı erməni diasporu və lobbisi kimi güclü təşkilatların lmasına baxmayaraq bütün stereotiplər məhz diplomatlarımız tərəfindən darmadağın edilib və dünyanı fəth edib. Qərblilərin arzusunun kökündə daha çox bu amil dayanır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz