news Image
2019.03.15
07:33
| A A A
Sosial siyasət və islahatlar məşğulluq səviyyəsini artırır
Vüqar Bayramov: “Sosial islahatlar sosial təminatın gücləndirilməsinə, məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək”

Azərbaycanda həyata keçirilən sosial siyasət və islahatlar ölkəmizin uğurlu yolda olduğunu göstərir. Belə ki, sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər bütün sahələrdə müsbət göstəricilərin əldə olunmasını şərtləndirib. Məhz buna görə də Azərbaycan sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun rifahı dayanır. 

Dayanıqlı iqtisadi inkişaf və uğurlu sosial siyasət nəticəsində ölkədə işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib və bu göstəricinin daha da azalacağı gözlənilir. Son illər qeyri-neft sektorunun inkişafına xüsusi diqqət və qayğının artması da sözsüz ki, insanlarımızın rifah halının daha da yüksəlməsinə hesablanmış addımlardandır. Son 13 ildə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artıb. Həmin müddətdə ölkədə 70 mindən çox müəssisə fəaliyyəyə başlayıb. Bütün bunlar da davamlı xarakter daşıyan sosial siyasət və keçirilən ardıcıl islahatların nəticəsində baş verib.  
Azərbaycanda davamlı xarakter daşıyan sosial siyasət, aparılan islahatlar fonunda məşğulluq səviyyəsinin daha da yüksəlməsini gözləmək olarmı? Bu hal əhalinin madddi rifah halına nə vəd edir? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, həyata keçirilən sosial islahatlar məşğulluq səviyyəsinin daha da yüksəlməsi, əhalinin rifah halının artmasına əhəmiyyətli şəkildə töhfə verəcək: “Təbii ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların başlıca hədəfi ondan ibarətdir ki, məşğulluğun təmin edilməsi istiqamətində addımlar atmaq mümkün olsun. 
Nəzərə alaq ki, ümumiyyətlə sosial istiqamətdə həyata keçirilən islahatlar fərqli hədəflərə malikdir, fərqli proioritetləri vardır. Bu gün sosial islahatları qiymətləndirsək, xüsusən 2019-cu ilin ilk iki ayında həmin istiqamətdə həyata keçirilən islahatların qiymətləndirilməsi göstərir ki, bu həm birbaşa minimum əmək haqqı, minimum pensiya və həssas qrupların aldığı müavinətlərin alınması formasında həyata keçirilir. Nəticə etibarı ilə də dövlət birbaşa sosial dəstəyini gücləndirir. Xüsusən də nisbətən az pensiya və əmək haqqı alanların gəlirlərində artımlar olub. Bu da sözsüz ki, birbaşa yardımların artımı baxımından çox vacibdir. Digər tələb ondan ibarətdir ki, məşğulluğu təmin etmək mümkün olsun. 
Məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin yaradılması Azərbaycan üçün xüsusən də büdcədən kənar sektorlarda çalışanların həm əmək haqlarının artımı, həm də işlə təmin olunmaları baxımından vacibdir. Hazırda müşahidə edilən tendensiya ondan ibarətdir ki, Azərbaycanda mövcud siyasət daha çox regionlarda yeni iş yerlərinin yaradılmasına ünvanlanıb. Təbii ki, bu mərhələli prosesdir. Regionlarda iş yerlərinin yaradılması ilə məşğulluğun təmin edilməsi, əsasən də sənaye parklarının bölgələrdə açılamsı, inşa edilən zavodların əhəmiyyətli hissəsinin regionların payıa düşməsi ondan xəbər verir ki, ölkənin paytaxtdan kənar  ərazilərində də ixtisaslı kadrlara olan tələbin ödənilməsi baxımından yeni iş yerlərinin yaradılması prioritet məsələdir. Bu kontekstdə həm də məşğulluğun regional coğrafiyasında da dəyişikliyi müşahidə edə biləcəyik. Çünki regionlarda məşğulluğun təmin edilməsi nəticə etibarı ilə burada yaşayan vətəndaşlarımızın elə həmin ərazidə işlə təmin olunmasına xidmət edəcək. Bu da öz növbəsində onların paytaxta axınını da azaldacaq. Digər tərəfdən, bu addım regionlararası fərqlərin mərhələli şəkildə aradan qaldırılmasına gətirib çıxaracaq. Ona görə düşünürəm ki, regional məşğulluğun təmin edilməsi istiqamətində aparılan işlər yüksək qiymətləndirilir. O baxımdan sosial islahatlar həm sosial təminatın gücləndirilməsinə, həm məşğulluğun təmin edilməsilə yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək. İslahatların cari ilin növbəti aylarında da davam edəcəyini nəzərə alsaq, qarşıdakı dövrdə də birbaşa məşğulluğun təmin edilməsinə ünvanlanan islahatları müşahidə edəcəyik”.
Rüfət NADİROĞLU