Əlaqə Arxiv
news Image
2019.03.19
07:00
| A A A
Bakı iclası OPEC-in neft siyasətinə mühüm yeniliklər gətirdi
Vüqar Bayramov: “OPEC Bakı toplantısından sonrakı dövrdə də neftin dünya bazarındakı qiymətdə stabilliyi qoruyub saxlamağa çalışacaq”

OPEC neft istehsalçılarını bu il də bazarın sabitliyini saxlamağa çağırıb. Qeyd eək ki, hazırda bir barrel neftin qiyməti 66-67 dollar arasında dəyişir. Qiymət məsələsi Bakıda baş tutan OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında da əsas müzakiər predmetlərindən birini təşkil edib.

Xatırladaq ki, 14 neft ölkəsi və OPEC Katibliyinin yüksək səviyyədə təmsil olunduğu bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutub. Ekspertlər hesab edir ki, bu təklifin qəbulu neft bazarının tənzimlənməsi məqsədilə OPEC+ formatının yaradılması təşəbbüsü ilə ilk dəfə çıxış edən Azərbaycan Prezidentinin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Belə ki, hələ 2016-cı ilin yanvarında Azərbaycan prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər. məhz bundan sonra müvafiq formatın yaradılması istiqamətində əməli addımlar atılıb. Neft bazarında balansın qorunması və qiymət sabitliyinə nail olmaq məqsədilə Azərbaycan OPEC+ əməkdaşlığı çərçivəsində fəal rolunu bu gün də davam etdirərək, bu formatda keçirilən tədbirlərə ev sahibliyi edir və neft bazarının tənzimlənmə prosesinə töhfə verir.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun qənaətincə, OPEC-in Bakı toplantısından sonra neftin qiymətində mövcud olan sabitlik qorunub saxlanılacaq: “OPEC və bu quruma üzv olmayan digər neft istehsal edən ölkələrin indiki məqamda əsas prioritetləri ondan ibarətdir ki, neftin dünya bazarındakı mövcud qiymətlərini qoruyub saxlaya bilsinlər.

Nəzərə alaq ki, hazırda dünya bazarında “qara qızıl”ın qiyməti 67 dollar ətrafında dəyişir. Halbuki, ondan bir müddət əvvəl neftin dünya bazarındakı qiyməti 60 dollardan da aşağı düşmüşdü. Belədə indi neftin qiyməti 67 dollara yüksəlibsə, deməli, son iki ayda neftin qiymətində hardasa 20 faizlik artım baş verib. O baxımdan 2019-cu ilin ilk aylarından neftin dünya bazarında qiymətinin stabilləşməsi müşahidə edilir ki, bu da əslində neft icrac edən ölkələr üçün məqbul səviyyədir. Bu qiymət eyni zamanda, neft istehlak edən ölkələr üçün də məqbuldur.

OPEC-in Bakı toplantısından sonra da təbii ki, neftin qiymətinin stabilləşməsi OPEC və ora üzv olmayan digər neft istehsalçı ölkələri üçün prioritet məsələlərdəndir. Təbii ki, OPEC və onun qərarlarını dəstəkləyən qeyri-OPEC ölkələri neftin dünya bazarındakı qiymətlərində mövcud stabilliyin qorunub saxlanılmasına nail olmağa çalışırlar. Bu kontekstdə güman olunur ki, qurumun ölkəmizdə olan toplantısından sonra da OPEC-in mövcud hədəfi dəyişməyəcək.

Mövcud qiymətin qorunub saxlanılması OPEC üçün vacibdir. Amma təbii ki, bir sıra hallarda bazardakı qiymətlər heç də OPEC-in  səylərindən asılı olmur. Ara-sıra baş qaldıran ticarət müharibələri, xüsusən də  Vaşinqtonla Pekin arasında olan ticari gərginlik neftə olan tələbatın azalmasına gətirib çıxarır. Burada həmçinin siyasi faktorlar da rol oynayır. Bu amillər də neftin dünya bazarındakı qiymətinə birbaşa təsir göstərən faktorlardır. Bu baxımdan gözləniləndir ki, OPEC mövcud qiyməti qoruyub saxlamaq üçün hasilatın azaldılması istiqamətində səylərini də davam etdirsin.

Bakı toplantısında da bu səy və təşəbbüslər müzakirə olunur. Nəticədə həmin təşəbbüslər fonunda qiymətin stabil olaraq qalması başlıca hədəf olaraq qalır. Ona görə prioritet dəyişməyib. Bakı forumu da məhz bu prioritetlər üzərində qurulub. Ona görə güman olunur ki, OPEC Bakı toplantısından sonrakı dövrdə də neftin dünya bazarındakı qiymətdə stabilliyi qoruyub saxlamağa çalışacaq”.

Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz