Əlaqə Arxiv
news Image
2019.03.23
12:22
| A A A
Azərbaycanda meyvə ixracı artacaq
Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub

 

2019-2023-cü illər üçün Azərbaycanda meyvəçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi meyvəçiliklə bağlı ixrac potensialını artırmaq, əhalinin meyvəyə olan tələbatını tam ödəməkdir.

Bu fikirləri mətbuata açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisi Eldar Quliyev bildirib. O qeyd edib ki, proqramda məhsuldarlığın artırılması üçün tədricən intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulub. Həmçinin meyvələrin saxlanması üçün soyuducu anbarların sayı artırılmalı, emal sənayesi inkişaf etdirilməli, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması istiqamətində tədbirlər görülməlidir.

Mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə intensiv bağlar yaradılır. Yeni bağlar Quba, Xaçmaz, Şabran, Tovuz, Samux, Şəmkir, Göyçay, Şamaxı və Kürdəmirdə salınır. Bu bağlarda məhsuldarlıq yüksək olmaqla yanaşı, zərərverici və xəstəliklərə qarşı da davamlıdır. İstehsal xərcləri isə ənənəvi bağçılıqla müqayisədə intensiv bağçılıqda aşağıdır. Bundan başqa, Dövlət proqramında ayrıca olaraq gilas, ərik, şaftalı və heyvanın məhsuldarlığının artırılması da nəzərdə tutulub.

Eldar Quliyev əlavə edib ki, ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir: “Tropik meyvələr ölkəmizdə yetişmədiyi üçün bu məhsullar xaricdən idxal edilir”.

Sizin Reklam Yeriniz