news Image
2019.04.08
12:13
| A A A
STAR zavodunda ilin sonuna 8 mln. ton neft emal olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə yerləşən STAR neft emalı zavodunda bu ilin sonunadək 8 mln. ton həcmində xam neft emalı nəzərdə tutulur.

Movqe.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji”dən bildirilib.

“Sınaq mərhələsi uğurla tamamlanaraq bütün qurğuların istismara verildiyi STAR zavodunda bu ilin qalan müddətində təxminən 8 mln. ton xam neft emal olunacaq”, - məlumatda qeyd edilib

Xatırladaq ki, ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Martın sonuna zavodun bütün qurğuları istismara verilib.

STAR yanvar ayında istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxarıb.