Əlaqə Arxiv
news Image
2019.04.13
08:40
| A A A
Saxlama kameralarının azlığı bazar qiymətlərinə mənfi təsir edir
Yerli məhsulların bazara daha çox çıxması isə qiymətlərin tənzimlənməsinə təsir edəcək

Son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində yaşanan artım aqrar məhsullarla təminat sahəsində müəyyən yeni addımların atılmasını zərurətə çevirib. Eyni zamanda qiymət siyasətində də yeniliklərin olması artıq obyektiv tələb kimi çıxış edir.  

Öncə qeyd edək ki, bazarda bahalaşmaya səbəb olan amillər isə müxtəlif səbəblərdən qaynaqlanır. İiqtisadçı-ekspert Natiq Cəfərli bazarda bahalaşmaya səbəb olan bu amillərdən danışarkən bildirir: "Bu gün Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biri də saxlama kameralarının olmaması, infrastrukturun zəifliyi ilə bağlıdır. Hər il noyabrın sonlarından etibarən yerli məhsulların bazarda azalması qiymətlərə təsir edən amillərdəndir. Bundan başqa yerli məhsulların ixaracata yönəldilməsi daxili bazarda defisitə, təkliflərin azalmasına səbəb olur". İqtisadçının sözlərinə görə, bu amillərdən asılı olaraq yay aylarınadək hər il qiymətlərin qalxdığı müşahidə edilir. Lakin N.Cəfərli yaxın aylarla bağlı pozitiv proqnoz verib: "Yaxın aylarla bağlı proqnozları müsbət qiymətləndirmək olar. Çünki mövsümü xarakterli səbəblərə görə, bir neçə aydan sonra yerli məhsulların bazara daha çox çıxması qiymətlərin tənzimlənməsinə təsir edəcək".
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb. Soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib. Nazirlər Kabineti gözlənilən addımı atdı və son qərara görə, aprelin 30-dək 1 kiloqram kartofun ixracı üçün 1 ABŞ dolları, mayın 30-dək 1 kiloqram soğanın ixracı üçün 1 ABŞ dolları dəyərində ixrac rüsumu müəyyən olunub.
Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirlinin  sözlərinə görə, qərarda göstərilmiş müddətlər çox dəqiqliklə seçilib, mövsümi amil nəzərə alınıb. Kartof daha tez yetişdiyi üçün bu ayın sonuna qədər qiymətlər yerli istehsal hesabına stabilləşdiriləcək, onun ardınca təzə soğanın yığımı başlanacaq və qiymətlər aşağı düşəcək. Mayda kütləvi yetişmə baş verəndə isə qərar qüvvədən düşməklə tələbatdan artıq qalan hissənin xarici bazarlara ixracını təmin edəcək. Nicat Nəsirli deyib: “Daxili bazarın qorunmasına yönəlmiş bu qərar dolayısı ilə Azərbaycan soğanına xarici bazarlarda böyük marağın olmasının təsdiqidir. Üstəgəl, bizim məhsulumuzun istehsal xərci daha ucuz olduğu üçün onu daha cəlbedici edir. Ötən ilin ikinci yarısında xarici bazarlardan gələn sifarişlər “hansı qiymətə olursa olsun, Azərbaycan soğanı almağa hazırıq” tezisinə köklənmişdi. Çünki, ətraf region ölkələrdə, eyni zamanda, Şərqi Avropa dövlətlərində tərəvəz məhsullarına ciddi tələbat yaranmışdı. Əlverişsiz iqlim amilləri səbəbindən əksər ölkələrdə soğana tələbat artmış, hələ ötən ildən mərhələlərlə Türkiyə, Albaniya, Bolqarıstan, Rumıniya, Qətər, BƏƏ və digər ölkələrə ixrac başlamışdı. Rəsmi təsdiq olunan bir faktı vurğulayım. Əgər soğan 2018-ci ilin dekabrında “Azexport.az” portalı üzərindən ixrac sifarişi alan məhsullar sırasında 4-cü yerdə idisə, 2019-cu ilin yanvarında 1-ci yerə yüksəldi. Demək ki, ixrac olunan 7200 ton soğan əhalinin tələbatının pik həddə olduğu yanvar-fevral aylarına təsadüf edib”.
Ekspert bildirib ki, rayonlarımızda 10 gündən sonra soğan yığımına başlanılacaq, sahədən ilkin satış qiyməti 0.60 qəpik müəyyən olunub. Bu gündən artıq təzə soğan iri bazarlarda görünməyə başlayıb: “Dinamika göstərir ki, region ölkələrində soğana tələbat bu il də yüksək olacaq, bu amil yerli sahibkarlarımız üçün böyük perspektivlər açır. Ölkəmizdə soğanın yığılmasını, qablaşdırılmasını, saxlanmasını bilən çoxsaylı biznes təfəkkürlü sahibkarlar var. Onlar yalnız soğan əkən, lakin onun logistikasını bilməyən sadə torpaq adamları ilə kooperasiya münasibətlərinə gedərək milyonlarla qazanc əldə edə bilərlər. Fermer əkib becərməli, sahibkar isə müasir anbar kompleksi tikərək soğanı yığıb saxlamalı və ixracı ilə məşğul olmalıdır”.

 

Sizin Reklam Yeriniz