Əlaqə Arxiv
news Image
2019.04.16
07:00
| A A A
Daşınar əmlakın sığortası ilə bağlı böyük çatışmazlıqlar
Xəyal Məmmədxanlı: “Maarifləndirmə işinin zəif olması, sahibkarların səhlənkarlığı, prosesin icbarı olmaması iş adamlarını daşınar əmlaklarını sığorta etdirməkdən vaz keçməyə sövq edir”

Araşdırmalar göstərir  ki, bu gün sahibkar hər ay 200-2000 manat arası  icarə haqqı ödəməyə hazırdır, amma ay ərzində təxminən 7,5 manat ödəməklə bütövlükdə daşınar əmlakını sığorta etdirmək mexanizmindən istifadə etmir. Halbuki fövqəladə hallarda, yanğın zamanı dəymiş ziyanın ödənilməsi baxımından daşınar əmlakın sığortalanması məsələsi olduqca mühümdür. Əks halda, sahibkar özünə nə qədər ziyan dəyməsinə baxmayaraq, onu kompensasiya edə bilməyəcək. Belədə daşınar əmlakı sığortalamamaqla sahibkar ilk növbədə özünə zərər vurmuş olur.

Səbəb nədir və məsələ necə həllini tapmalıdır?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlının fikrincə, sahibkarların daşınar əmlaklarını sığorta etmək mexanizmindən yararlanmamalarında əsas səbəb prosesin icbari olmamasıdır: “İcarə haqları adətən, məcburi olduğundan sahibkar bilir ki, onu ödəməsə, bundan yayınsa, yaratdığı müəssisə və yaxud dükanını işlədə bilməyəcək. Amma daşınar əmlakın sığortası məcburi olmadığından sahibkarlar əksər hallarda heç nə olmaz məntiqilə yaşayaraq, onu sığortalamaqdan vaz keçirlər”.

Ekspert düşünür ki, burada sahibkarların da günahı vardır: “Bir çox hallarda isə sahibkar hətta istəsə də belə, daşınar əmlakını sığortalaya bilmir. Problem odur ki, əksər sahibkarların daşınar əmlaklarının ümumiyyətlə rəsmi uçotu yoxdur. Sahibkardan risqi qiymətləndirmək üçün qiymət və maya dəyərilə birlikdə dükanda nəyin olduğu təqdim etməyi rica etdikdə, bu məlumatları da onlardan almaq demək olar ki, mümkünsüzdür”.

Heç kimə sirr deyil ki, hər hansı bir işdə maarifləndirmə prosesi olduqca mühüm rol oynayır. Yəni hər hansı bir işin irəli getməsi üçün ciddi maarifləndirməyə də ehtiyac vardır. Ancaq sığorta məsələsində maarifləndirmə, məlumatlandırmanın səviyyəsi hələ də aşağı olaraq qalır. Həmsöhbətimiz də bununla razılaşaraq qeyd etdi ki, yaranmış tendensiyada sığorta şirkətlərinin maarifləndirmə sahəsində zəif iş aparmaları da öz sözünü deyir: “Onların əksəriyyəti avtomobillərin icbari sığortasının arxasınca düşüb, amma əmlak və sahibkarlarla bağlı demək olar ki, normal iş aparmır. İkinci bir problem isə odur ki, daşınmaz əmlakın sığortası məsələsində təəssüf ki, elektronlaşma baş tutmayıb. Yəni əksər sığorta müqavilələri hələ də kağız üzərində qalmaqdadır. Bu kimi süründürməçilik prosesi də belədə bir çox hallarda işin ləngiməsinə səbəb olur. Bütün hallarda problemin kökündə əksər sahibkarların sığorta vasitəsilə əmlaklarının qorunması mexanizmindən ya xəbərlərinin olmaması, ya da ona etibar etməmələri dayanır. Bu məsələ prosesdə özünü açıq-aydın şəkildə göstərir. Digər tərəfdən, sahibkarlar əksər hallarda öz əmlaklarının siyahısını hansısa sığorta şirkətinə verməklə sonradan həmin məlumatlardan başqalarının xəbər tutmasından əsassız şəkildə qorxurlar. Daşınar əmlakı sığorta etməməklə sahibkar bir çox hallarda fövqəladə vəziyyətdə öz malını kompensasiya edə bilmir. Yəni bu fonda sahibkarın əmlakı yanaraq məhv olsa da, ortada heç bir kompensasiya olmadığından o dəymiş ziyanı ödəyə bilmir”.

X. Məmmədxanlı düşünür ki, problemin həllində sahibkarlıq fəaliyyətinin şəffaf olması olduqca mühüm amildir:  “Daşınmaz əmlakla bağlı problemin tək həlli var. Yəni daşınmaz əmlak qanunla icbaridir. Bu proses məcburi şəkildə olmalıdır. Düşünürəm ki, normal nəzarət mexanizmi qoymaq lazımdır. İkinci bir tərəfdən, maarifləndirmə işləri aparmaq lazımdır ki, sahibkarlar sığortaya həvəslə cəlb olunsunlar. Daşınar əmlaka gəldikdə, ilk növbədə sahibkarlar öz işlərini təhlükəsizlik standart və qaydalarına uyğun şəkildə qurmalıdır. Müəssisələri və mağazalarda bütün texniki təhlükəsizlik, yanğından mühafizə qaydalarına əməl etməlidirlər.

Ən əsası isə fəaliyyətlətləri şəffaf olmalıdır. Yəni gətirib mağazalarda satdıqları malların hamısı rəsmi olaraq Azərbaycana gətirilən olmalı, onların bəyannaməsi, real qiyməti olmalıdır. Çamadanla Çin və Türkiyədən mal gətirib satırsa, onun sığortası demək olar ki, qeyri-mümkündür”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz