news Image
2019.04.16
09:00
| A A A
İnkişafın yeni mərhələsi yeni model tələb edir
Davamlı iqtisadi nailiyyətlər daha mükəmməl və sadə struktura keçidi stimullaşdırır

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu günlərdə deyib ki, Azərbaycanın yeni iqtisadi modeli hazırlanır. Ə.Həsənov Xəzər TV-yə müsahibəsində açıqlayıb ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Bu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında diqqəti cəlb edən canlanma ilə başlayıb. 3 milyon nəfərdən çox şəxsi əhatə edən sosial paketin tətbiqinə dövlət büdcəsindən milyonlarla vəsait sərf olunub. Dövlətin sosial mahiyyəti özünü tam mənası ilə təsdiqləyib. Dövlət başçısı və digər müvafiq qurumların açıqlamalarından bəlli olur ki, bu tendensiya davam edəcək və getdikcə miqyasını genişləndirəcək. İqtisadçı ekspertlər və sosioloqlar birdən-birə həyata keçirilən sosial islahatların miqyasını inqilabi səviyyədə baş tutan layihə adlandırırlar. Bu məsuliyyətli işdir. Belə bir geniş sosial profilli proqramı davam etdirmək də asan məsələ deyil və iqtisadiyyatın davamlı olaraq daha da gücləndirilməsini tələb edir.

Hazırda dünyada geosiyasi proseslərin intensivli artıb. Dövlət başçılarından, siyasilərdən çevik fəaliyyət, müasir və innovativ layihələrin hazırlanması və həyata keçirilməsi, iqtisadi siyasətdə şaxələndirmənin gücləndirilməsi, qlobal layihələri tezləşdirilməsi tələb olunur. Azərbaycanın sürətli iqtisadi inkişafının əsasında məhz bu amillər fonunda işin daim yenilənməsi, baş verən proseslərə vaxtında və məsuliyyətli yanaşma durur. Qlobal inbteqrasiya prosesində dəstədən geri qalmamaq üçün fəaliyyətin genişləndirilməsi indi idarəetmə strukturlarının başlıca vəzifələrindəndir. Prezident İlham Əliyev Azərbaycanın daxili həyatda və beynəlxalq aləmdə strategiyasını müəyyənləşdirərkən bütün bu amilləri nəzərə alır və ölkənin yolunu seçərkən istifadə edir. Buna görə də Azərbaycanın həm siyasi, həm də iqtisadi münasibətləri durmadan inkişaf edir. 

Azərbaycanın qlobal inteqrasiya proseslərindəki rolu göz qabağındadır. Hətta inkişaf etmiş iri dövlətlər belə bu sahədə ölkəmizin fəaliyyətini təqdire edir, Cənubi Qafqazın lideri olan dövlətlə əlaqələri şaxələndirməyə üstünlük verirlər. Bu fakt indiyədək həyata keçirilmiş layihələrin miqyasında öz təsdiqini tapır. Üstəlik, Azərbaycan sadəcə tərəfdaş olmaqla kifayətlənmir, öz təşəbbüsü ilə tərəfdaşlıq üçün innovativ təşəbbüslər irəli sürür ki, bu da siyasi yaradıcılıq nümunəsi kimi digər dövlət rəhbərlərinin diqqətini cəlb edir, inteqrasiya üçün onların qarşısında yeni üfüqlər açır. Təbii ki, bu işdə ölkənin birinci şəxsi-Prezident İlham Əliyevin fəaliyyəti və şəxsi keyfiyyətləri əsas rol oynayır.

Prezidentin köməkçisi müsahibəsində onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır. Ə.Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır. Daxildə gedən proseslər xarici iqtisadi fəaliyyətin genişləndirilməsi ilə davam edir və büdcə gəlirləri durmadan artır. Dövlətin artan imkanlarının vətəndaşların rifahına yönəldiləcəyi isə şəksizdir.

Ölkənin ictimai-siyasi həyatının mühüm bir məqamı ölkə rəhbərliyinin və Prezident İlham Əliyevin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsidir. Fransanın "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri bunun bariz göstəricisidir. Sorğunun “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbiidir. Bu isə seçilmiş istiqamətin sürətlə davam edəcəyinə, dövlətin güclənməsi və xalqın rifah halının daha da yaxşılaşdırılması sahəsində cahanşümul layihələrin həyata keçirilməsinə güclü bir təminatdır. Azərbaycanın hazırlanan yeni iqtisadi modeli bu təminatı reallaşdıracaq bir struktur olacaq.

N.NOVRUZ