Əlaqə Arxiv
news Image
2019.04.19
08:00
| A A A
Rəqabət Məcəlləsinin bəxti açılır?!
Əli Əlirzayev: “Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda əsas təkanverici qüvvə rolunda çıxış edəcək”

Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət var. Bu istiqamətdə sahibkarlar üçün hər bir imkan və şərait yaradılır. İstər qanunvericilik, iş adamlarının hüquqlarının qorunması,  istərsə də sahibkarların maliyyə təminatı istiqamətində ötən illər ərzində mühüm addımlar atılıb. Bu fonda Rəqabət Məcəlləsinin qəbulu məsələsi də gündəmə gəlir. Bəs, onu ntezliklə qəbulu mümkündürmü və bunun iqtisadiyyat, sahibkarlığın daha da inkişaf etdirilməsinə nə kimi təsirləri olacaq?  

İqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, ölkə iqtisadiyyatının inkişafı Rəqabət Məcəllsəinin qəbulunu da mümkün edir: “Rəqabət Məcəlləsinin olması, rəqabət qabiliyyətinin təmin edilməsi ümumiyyətlə bazar iqtisadiyyatının yaradılması,  təşəkkülü və inkişafının əsas prinsipidir. Artıq neçə illərdir bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Belə olan şəraitdə rəqabət qabiliyyəti əsas meyar və hədəfdir.  Ona görə rəqabət qabiliyyətinin təmin edilməsi üçün hüquqi baza olmalıdır. Bu baza rolunda da məhz Rəqabət Məcəlləsi çıxış edir. Onun əsaslarını, hüquqi və qanunvericilik bazasını yaratmaq, təşkilatı-iqtisadi strukturları təkmilləşdirmək, iqtisadiyyatın inkişafını təmin etmək üçün belə bir məcəllənin qəbulu nəinki mümkün, hətta vacibdir.

Rəqabət Məcəlləsi çoxdan hazırlanmalı idi. Təbii ki, onu birdən-birə işləmək mümkün deyil. Bütün qanunlarda olduğu kimi, Rəqabət Məcəlləsində də müəyyən mənada müasir şərait nəzərə alınmalı, burada qanunun nəyi tənzimləyəcəyi, hansı istiqamətdə və nə kimi işlər görüləcəyi öz əksini tapmalıdır”.

Ə. Əlirzayev onu da vurğuladı ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sözügedən məcəllənin qəbulunu vacib edir:  “Ona görə də belə bir qanunun qəbul edilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda əsas təkanverici qüvvə rolunda çıxış edəcək.  Rəqabət Məcəlləsi rəqabət qabiliyyətli iqtisadiyyat yolunda ali məqsəddir. İqtisadi artımın davamlı inkişafını təmin etmək istəyiriksə, uzun müddətli rəqabət qabiliyyətli müəssisə, məhsul yaratmalıyıq. Yəni məhsulun, fəaliyyətin rəqabət qabiliyyəti təmin edilməli, sahibkarlar öz məhsullarını satmaq üçün bazar tapmalıdırlar. Bu yolda da onlara Rəqabət Məcəlləsi yardımçı olur.  Ona görə də rəqabət qabiliyyəti üzrə prinsiplərin olması mütləq lazımdır. Onun üçün də müasir dövrün tələblərinə cavab verən innovasiyalı, yeni keyfiyyətli məhsul istehsal edilməli, sahibkar üçün stimul yaradılmalı, bazarlar genişləndirilməlidir.

Həmçinin burada kadr potensialı da mühüm rol oynayır. Rəqabət mühitində tələblə təklif amili də mühüm əhəmiyyət kəsb edir. Digər məhsulları istehsal edən müəssisələrlə rəqabətə girmək lazımdır. Bu bazar iqtisadiyyatı şəraitində onun diktəsilə edilən bir yarışdır. Rəqabət qabiliyyətinin olması müəssisələrin uzunmüddətli davamlı inkişafına da stimul yaradır, eyni zamanda onun gəlirləri artır. Gəlirlərin artırılması ilə müəssisə yeni-yeni axtarışlara meyl edir, müasir texnologiyalar tətbiq edir, tədqiqatlar aparır. Ona görə də sahibkarlığın inkişafında əsas amil olaraq məhz rəqabət qabiliyyəti çıxış edir. Onun üçün də Rəqabət Məcəlləsinin qəbulu mümkün olmaqla yanaşı, vacibdir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz