Əlaqə Arxiv
news Image
2019.04.19
09:00
| A A A
Asiya nəhənginin diqqəti Azərbaycana yönəlir
Azərbaycan-Çin əlaqələrinin genişlənməsində beynəlxalq nəqliyyat layihələri mühüm rol oynayır

Aprelin 17-də Çinin Sinxua agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib. Müsahibədə iki dövlət arasında münasibətlərin xarakteri və inkişafə sahəsində dəyərli fikirlər bildirilib. Dünyanın ən böyük dövlətləri sırasında yer tutan və iqtisadi inkişaf sürətinə görə dünyada ikinci sırada addımlayan Çin Xalq Respublikasının cöğrafiyasına və əhalisinin sayına görə özü ilə müqayisədə min dəfələrlə kiçik Azərbaycana xüsusi diqqət yetirməsi təsadüfi deyil. Çünki, beynəlxalq əlaqələrin formalaşmasında və yaradılmasında bəzən kiçik dövlətlərin ərazisi və iqtisadiyyatı həlledici əhəmiyyət kəsb edir. Cənubi Qafqazın lideri olan Azərbaycan məhz bu anlamda güclü iqtisadi və çoğrafi mövqeyə malikdir. Əgər beynəlxalq əhəmiyyətli çoğrafi mövqeni xalqımıza təbiət bəxş edibsə, iqtisadi və siyasi mövqe dövlətimizin diplomnatik gedişlərinin və iqtisadiyyatın sürətli inkişafının töhfəsidir.

Azərbaycan və ÇXR arasında əlaqələrin bu il 27-ci ilidir. Bu əlaqələrin bir çox bağları var və bunlardan ən güclüsü “Bir kəmər, bir yol” layihəsi üzrə görülən işlərdir. Bu, Qədim Böyük İpək Yolunun bərpası istiqamətində atılan addımlardır. Müsahibədə bu layihəni Azərbaycanın dövlət başçmısı belə şərh edir: “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır”.

Çin Xalq Respublikası öz inkişaf dəst-xətti olan ölkədir. Tarixdən məlumdur ki, bu ölkə sosializm yolunu seçsə də leninçi xülyalara uymayaraq iqtisadiyyatda xüsusi mülkiyyətçilik prinsipindən uzaqlaşmayıb. Elə bunun nəticəsidir ki, qeyri-məntiqi yol tutan sovetlər birliyi dağılıb getdi, sosializm yolundan imtina etdi, ancaq Çin 70 il əvvəl seçdiyi yolla bu gün də inamla irəliləyir. Çinlilər iqtisadi təşçəbbüslərlə tez-tez beynəlxalq miqyasda çıxış edirlər. Belə təşəbbüslərdən birinə qoşulan Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Təsadüfi deyil ki, hazırda bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir.

Bu gün Böyük İpək Yolunun birləşdirici xətti olan Bakı-Tiflis-Qars dəmir yolunun xidmətindən həm Şərq, nəm də Qərb ölkələri məmnuniyyətlə istifadə etmək arzusundadır. Prinsipcə, bu arzuya maneçilik törədən heç bir səbəb yoxdur. Sadəcə, ənənəvi istiqamətlərdən fərqli olaraq bu yolun intensivliyinin güclənməsi məntiqi surətdə evolyusion əsasda baş verir və tədricən yüklərin daşınması sürətlənir. Çünki, bu istiqamət digərlərinə nisbətən, ilkin hesablamalara görə, təqribən iki dəfə sərfəlidir. Eyni zamanda öz dəmiryol xətlərini bu marşruta inteqrasiya edənlərin də sayı kifayət qədər yüksəkdir. Buna görə inamla ifadə etmək olar ki, Böyük İpək Yolu təkcə yükslərin yox, mədəniyyətlərin, ölkələrarası münasibətlərin də daşıyıcısıdır. Çünki, sərnişindaşıma və turizm səfərləri bu ildən etibarən təşkil olunmağa başlayıb. Bu əlaqələrin inkişafında Azərbaycan və Çin prinsipial tərəfdaşdırlar.

Prezident İlham Əliyev məhz bu tərəfdaşlığı nəzərə alaraq müsahibəsində deyib ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır: “Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq”.

Qurulan gələcəkdə Azərbaycan və Çin Xalq Respublikası arasında yaranmış xoş və işgüzar əlaqələrin özünəməxsus yeri və əhəmiyyəti var.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz