Əlaqə Arxiv
news Image
2019.04.20
09:43
| A A A
Ölkənin iqtisadi inkişaf dinamikası ticarət dövriyyəsində də aydın əks olunur
İl ərzində ticarətin 37,4 faiz artması sürət və səmərənin göstəricisidir

İqtisadi inkişaf ölkədə tək sənayenin və kənd təsərrüfatının genişlənməsi, yeni müəssisələrin və istehsalların yaranması, mükəmməl texnologiyaların tətbiqi sayəsində məhsuldarlığın artırılması ilə ölçülmür. Çünki, məhsul istehsal etmək işin yarısıdır, onu reallaşdırmaq və ölkəyə, insanlara xeyir gətirməsini təmin etmək də gərəkdir. Bu isə ticarətlə həll olunur. Ancaq iqtisadi inkişafın sanbalı ixrac-idxal məhsullarının xaraxterinə bağlı məsələdir. Söhbət ölkəyə gətirilən və ölkədən göndərilən məhsulların strateji dəyəri barədədir. 

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb. Bu o deməkdir ki, ixrac məhsullarımız idxal etdiyimizdən çoxdur, özü də nə az, nə çox, düz 1 milyard 348 milyon 972 min dollarlıq. Cari ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac edilib, 138 ölkədən idxal olunub. Sevindirici göstəricidir, amma hələ hamısı deyil. Məsələ burasındadır ki, ticarət dövriyyəsinin bir sıra parametrləri var ki, bu nəinki indi, hətta gələcək üçün də əsaslı zəmin deməkdir.

Son bir ildə ixrac 33,7 faiz, idxal isə 43,1 faiz artıb. Faizlərdəki fərq yalnız rəqəmlərdir, mahiyyət deyil. Çünki, ortada müsbət saldo var. Demək, maliyyə hesabatında ixrac daha iri məbləğlə ifadə olunur. İlk baxışda əkslik kimi nəzərə çarpan bu fərqlilik onu sübut edir ki, Azərbaycanın xaricə göndərdiyi məhsullar strateji cəhətdən daha mühüm əhəmiyyət daşıyır. Bu, birincisi, ikincisi isə xaricdə bizim məhsullara tələbatın artmasına dəlalət edir. Bu hal Azərbaycan iqtisadiyyatının sürətli inkişafının sübutu və stimullaşdırıcı amilidir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixrac əsasən İtaliyaya, Türkiyəyə, Almaniyaya, İspaniyaya, Portuqaliyaya, Hindistana, Gürcüstana, Avstriyaya, Çexiyaya, Rusiyaya, Yunanıstana, Fransaya, İsrailə və digər ölkələri əhatə edib. Siyahıdan görünür ki, bizim məhsulları əsasən inkişaf etmiş güclü dövlətlər alır. Düzdür, ixracda enerji daşıyıcıları miqdar və maliyyə sarıdan üstünlük təşkil edir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan ilk öncə neft ölkəsidir və qeyri-neft sektorunun yüksək sürət götürməsi son bir neçə ilin göstəricisidir. Bu sektor üzrə ixrac əvvəlki illərlə müqayisədə böyük üstünlüyə malikdir və artımın xeyli hissəsi onun payına düşür. Belə ki, təkcə yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollarlıq qeyri-neft sektorunun istehsalı olan məhsullar ixrac edilib. Bu sırada olan müxtəlif növ məhsullar-təzə meyvə, faraş tərəvəz, tütün, şəkər, çay, meyvə və tərəvəz konservləri, bitki yağları, təbii üzüm şərabları, pambıq lifi və ipliyi, emal olunmamış alüminium, bentonit gili, qara metal yarımfabrikatları 16,5 faizdən 2,5 dəfəyə qədər artıb. Marqarin, kartof, polietilen, qara metallardan boruların ixracı isə azalıb. Tikinti materialları sahəsində ixracın azalması ölkədə güclənən sosial proqramlar çərçivəsində inşaat işlərinin genişlənməsi ilə əlaqədardır.

Təsadüfi deyil ki, qeyri-neft sektorunun genişlənməsi ilə əlaqədar idxal edilən bir sıra məhsullar sahəsində azalmalar baş verib. Bu da əsasən yeyinti məhsullarına və maşın-texnikaya aiddir. Çünki, bu istiqamətdə respublikamızın özündə açılmış fabrik və zavodlarda daxili tələbatı ödəyəcək qədər məhsullar istehsal edilir. 

Beləliklə, 2019-cu ilin ilk 3 ayının göstəriciləri bir neçə ay əvvəldən bu ilin proqnozlaşdırılan sənaye artımı artıq baş verir. Yəni, bu ilkin göstəricidir və ilin sonuna qədər beynəlxalq maliyyə qurumlarının da hesabladığı kimi artım bir neçə faiz olacaq ki, bu da yüksək göstəricidir. Lakin, məsələnin digər vacib məqamları da var. Müsbət saldo ölkəyə daha çox valyutanın daxil olması, daxili investisiyaların güclənməsi, əhalinin gəlirlərinin artması, dövlətin sosial layihələrinin daha da dərinləşməsi üçün sanballı zəmanətdir.

N.NOVRUZ

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz