Əlaqə Arxiv
news Image
2019.04.20
16:44
| A A A
Şabran rayonunda heyvanlar arasında profilaktik tədbirlər davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Şabran rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Şabran Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

Şabran Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 24019 baş iribuynuzlu, 1368 baş təkdırnaqlı heyvanda qarayara və 2576 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2223 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Bununla yanaşı vərəmə görə 750 baş iribuynuzlu və 736 baş təkdırnaqlı heyvanda manqoya görə diaqnostik müayinələr aparılıb. Heyvanlar arasında xəstəlik aşkar edilməyib. Eləcə də 2200 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görüb.

Fevral ayından Şabran rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə və quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 24882 baş iribuynuzlu heyvanda dabaq və 307982 baş quşda nyukasl xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Aprel ayının ilk günlərindən isə Şabran Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 12 min baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Şabran rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Sizin Reklam Yeriniz