Əlaqə Arxiv
news Image
2019.04.23
07:00
| A A A
Kənd təsərrüfatına qayğı artsa da buğda idxalı hələ azalmır
Natiq Cəfərli: “Məhsuldarlıq iki dəfə artsa, keyfiyyət yüksəlsə, Azərbaycanın buğda idxalına ehtiyacı kifayət qədər azalacaq” Fuad İbrahimli: “Buğda idxalını artırmaqla qida təhlükəsizliyinin təmin edilməsi yolunda özümüz sığortalıyırıq”

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci rübündə ölkəyə 405 min 801 ton buğda idxal olunub. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 91 milyon 130 min ABŞ dolları olub. Ötən ilin eyni dövründə ölkəyə 55 milyon 220 min dollarlıq 316 min 131 ton buğda idxal edilib. Bu isə o deməkdir ki, buğda idxalında artım müşahidə edilir. Halbuki, son illər Azərbaycanda aqrar sektora, o cümlədən taxıl istehsalına dəstək xeyli dərəcədə artıb. Belə bir şəraitdə buğda idxalında müşahidə edilən artıma səbəb nədir? Yaranmış bu vəziyyət necə aradan qaldırılmalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda buğda idxalının artımına iki amil səbəb olur: “Azərbaycanda təəssüf ki, uzun illərdir, buğda istehsalı sahəsində iki ciddi problemlə üzləşməkdə davam edirik. Ölkəmizdə buğda istehsalı sahəsində bir tərəfdən, məhsuldarlıq azdır, digər tərəfdən isə keyfiyyət məsələsində axsayırıq.

Buğda istehsal edən digər ölkələrin statistik göstəricilərinə baxanda görürük ki, Azərbaycanda məhsuldarlıq ortalama dünya standartından azı iki dəfəyə qədər aşağıdır. Əkinə yararlı torpaqların məhdud olduğu Azərbaycan şəraitində məhsuldarlığın az olması istənilən həcmdə məhsul yığımına imkan vermir. Ona görə də mütləq mənada məhsuldarlıq yüksəldilməlidir.

Bu məsələdə ikinci mühüm problem buğdanın keyfiyyəti məsələsidir. Azərbaycanda istehsal olunan buğdadan keyfiyyətli çörək və un məmulatları istehsal etmək mümkün deyil. Mütləq gərək Qazaxıstan, Ukrayna və yaxud Rusiyadan daha keyfiyyətli buğda almalıyıq. Yalnız alınan buğda ilə yerli məhsulun müvafiq olaraq 70-in 30-a nisbətində qarışdırılması fonunda daha keyfiyyətli çörək və un məmulatları ala bilirik. Yəni buğda idxalının artımına bu iki problem təsir göstərir. Azərbaycan iqlimi və şəraitinə uyğun bol məhsul verən buğda növlərinin seleksiya üsulu ilə tapılması və əkilməsinə çalışılmalıdır. Yəni bu məsələyə elmi yanaşma olmalıdır. Keyfiyyətlə bağlı problemi aradan qaldırmaq üçün isə Azərbaycanda indiki şəraitdə hansı növ keyfiyyətsiz buğda daha çox əkilirsə, həmin toxumlardan imtina edilməlidir. Bu müstəvidə imkan varsa, xaricdən toxum almalıyıq, yaxud da yerli seleksiyanın elmi yanaşma fonunda inkişafı ilə daxildə keyfiyyətli toxum alınmasına çalışmalıyıq. Yəni məhsuldarlıq və keyfiyyət artsa, əslində Azərbaycanda əkilən buğda sahəsilə özümüzü təmin etməklə bahəm, onun ixracını da həyata keçirə bilərik.

Məhsuldarlıq iki dəfə artsa, keyfiyyət yüksəlsə, Azərbaycanın buğda idxalına ehtiyacı kifayət qədər azalacaq. Hətta bir müddət sonra ümumiyyətlə, buğda idxalı məsələsi gündəmdən çıxa bilər”.

İqtisadçı-ekspert Fuad İbrahimli sözügedən məsələyə iki prizmadan yanaşmağın tərəfdarı olduğunu dedi: “Birinci məqam odur ki, buğda istehsalının dünya miqyasında qiymət müstəvisində qalxması fonunda ehtiyat rezervləri tamamilə təkmilləşdirilərək doldurulmalıdır. Azərbaycanda xaricdən daha çox buğda idxal etməklə mövcud vəziyyətdə rezervlərini artırır.

İkinci bir tərəfdən, buğda idxalının çoxalması tələbatın artması ilə bağlıdır. Əslində isə kənd təsərrüfatına dövlət qayğısının artdığı bir dövrdə buğda idxalı da azalmalı idi. Amma artırsa, görünür, daxili imkanlar hesabına artan tələbatın öhdəsindən gələ bilmirik.

İkinci bir tərəfdən, verilən proqnozlar özünü doğrultmur. Digər tərəfdən, qeyd etdiyim kimi tələbat artıb. Habelə ölkədə ehtiyat fondun doldurulması prosesi gedir. Yəni buğda idxalını artırmaqla qida təhlükəsizliyinin təmin edilməsi yolunda özümüz sığortalıyırıq”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz