Əlaqə Arxiv
news Image
2019.04.25
07:00
| A A A
Azərbaycan beynəlxalq iqtisadi inteqrasiyanı gücləndirir
Asiya nəhəngi Çin Xalq Respublikası ilə münasibətlərin genişlənməsi ölkəmizin inkişafına əlavə təkandır

Prezident İlham Əliyevin Çinə səfərə getməsi indiyədək iki ölkə arasında yaranmış əlaqələrin gündəmə gətirdiyi zərurətdən doğur. Belə ki, dünya iqtisadi məkanında ikinci yeri tutan Çinin Asiyadan Avropaya uzanan bir çox layihələrində Azərbaycan uğurla iştirak edir və təşəbbüsləri ilə seçilir. Bu ölkələr arasında dostluğun və əməkdaşlığın təməli 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə səfərində qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərləri ilə ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb.

İkitərəfli əlaqələrin intişarında ticarət əlaqələri ilə yanaşı beynəlxalq nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi özünü xüsusilə qabarıq göstərir. Tarixi Böyük İpək Yolunun üzərində yerləşmələri Azərbaycanla Çin arasında olan münasibətlərin qədimliyini göstərir. Təsadüfi deyil ki, bu qədim yolun dirçəldilməsi və müasirləşdirilməsi işinə ilk başlayanlar arasında bu ölkələr də olub. Çinin təşəbbüsünə qoşulan Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçilərindən biridir. Bir çox Çin şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir.  İki ölkə arasında 1,3 milyard dollarlıq ticarət dövriyyəsi var və Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Təsadüfi düyil ki, paytaxt Bakıda Çin ticarət nümayəndəliyi fəaliyyətdədir. Azərbaycanın da bu ölkənin iri şəhərlərində Ticarət evləri açılıb. Bu faktlar ticarət dövriyyəsinin sürətlə artacağını stimullaşdırır.

Qeyri-neft sənayesi, xüsusilə turizm üzrə əməkdaşlıq sürətlə genişlənir. Keçən il ölkəmizə gələn çinli turistlərin sayında birdən-birə 53 faiz artım olub. Azərbaycan bu ölkədən gələnlər üçün sadələşdirilmiş viza növü tətbiq edir. 2013-cü ildə Çin hökumətinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü iqtisadçılar “meqalayihə” adlandırırlar. Həqiqətən, minlərlə kilometr uzunluğu olan şaxələndirilmiş Yeni İpək yolu öz iqtisadi möhtəşəmliyi ilə seçilir. Daha əvvəl mövcud olmuş layihələri birləşdirən bu konsepsiya yerüstü və dəniz nəqliyyatı infrastrukturunun inkişafı vasitəsilə iqtisadiyyatın qloballaşdırılması və inteqrasiya proseslərinin gücləndirilməsi ideyalarına əsaslanır.

Yerüstü nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə təklif edilən mexanizmlər əsasən Çindən Avropaya konteyner daşımalarının işə salınmasına toxunub. İndiyədək yük göndərənlər 90 faiz hallarda dəniz daşımalarına üstünlük veriblər. Bu cür daşımalar ənənəvi olaraq daha sərfəli çatdırılma variantı hesab edilir. Hazırda konteyner qatarları lider mövqelərə çıxırlar.

İqtisadçı-ekspertlərin fikrincə, Çinin Dövlət Şurası 2020-ci ilədək Avropaya 5000 yük qatarı yola salınacağını proqnozlaşdırır. Bu səbəbdən dəmiryol əlaqəsinin optimallaşdırılması hökumətin iqtisadi proqramında sistemli xarakter daşıyır.  Hazırda bu ölkənin Avropanın 12 ölkəsində 35-dən çox şəhərlə müntəzəm nəqliyyat əlaqəsi qurulub. Məsələ burasındadır ki, sürət qatarları daşıma müddəti kritik önəm kəsb edən müştərilər üçün ideal şəkildə uyğun gəlir. Çünki, həmin müştərilər üçün boşdayanma və ya yubanma riskləri aradan qalxır. Bu yol isə Azərbaycan ərazisindən keçir. Bu mənada Azərbaycan Asiya nəhənginin iqtisadi strategiyasının mərkəzində yer alan ölkələrdəndir. Məhz, bu iki ölkəni birləşdirən yeni nəqliyyat dəhlizi nəql müddətini azaltmağa, xərcləri aşağı salmağa və “qapıdan qapıyadək” prinsipi üzrə yüklərin avtomobillə çatdırılması servisini inkişaf etdirməyə imkan verir. Bundan başqa, yeni marşrutların yaradılması da Yeni İpək yolunun inkişafında böyük addımdır.

Göründüyü kimi, Azərbaycan Çinin “Kəmər - Yol” strategiyasını dəstəkləyir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradıb.

Heç şübhəsiz, Azərbaycanın dövlət başçısının budəfəki səfəri iqtisadi əlaqələrin daga genişlənməsi ilə yanaşı yeni meqalayihələrin meydana çıxmasına səbəb olacaq. Çünki, ölkəmizin coğrafi mövqeyi və geistrateji maraqları bu istiqamətdə fəaliyyəti gücləndirmək üçün yaxşı mühit yaradıb. Səfər çərçivəsində bir sıra dövlətlərarası sənədlərin imzalanması da gözləniləndir. Çünki, münasibətlərin dərinləşməsi hər iki dövlətin marağına uyğundur.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz