Əlaqə Arxiv
news Image
2019.04.25
09:45
| A A A
Manat ən sabit valyutalar sırasındadır
Əkrəm Həsənov: “Milli valyutanın sabitliyi imkan verir ki, əhalinin real gəlirləri artsın” Vüqar Bayramov: “İqtisadi-ticari balansdakı müsbət saldo manatın məzənnəsinin sabit qalmasını şərtləndirib”

Xəbər verildiyi kimi, Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir çox mühüm məqamalar barədə söhbət açıb. Dövlət başçısı maliyyə sektorunda olan vəziyyətə də toxunub, milli valyutamız olan manatın uzun müddət sabit qaldığını bildirib:  “Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir”.

Manatın uzun müddət ərzində öz sabitliyini qoruyub saxlamasını şərtləndirən səbəblər hansılardır? Bu vəziyyət ölkə iqtisadiyyatı və sahibkarlığa nə vəd edir?

Bank və maliyyə məsələləri üzrə eksper Əkrəm Həsənovun fikrincə, manatın məzənnəsinin sabit qalmasında neft amili, onun qiyməti əsas rol oynayıb: “Prinsipcə, Azərbaycan milli valyutasının məzənnə baxımından uzun müddət sabit qalmasının başlıca səbəbi neftin qiymətilə bağlıdır. Prezident də çıxışında bir daha vurğuladı ki, burada neftin qiyməti mühüm rol oynayıb. Son dövrlər isə neftin qiymətində yenidən bahalaşma tendensiyası müşahidə edilir. Bu da dünyada baş verən geosiyasi amillərlə bağlıdır. ABŞ-ın İrana, Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar, habelə Liviyada daxili çəkişmələrin kəskinləşməsi “qara qızıl”ın bahalaşmasına rəvac verib. Yəni dünyanın əsas neft ixracatçısı olan ölkələrdə yaşanan problemlər neftin də bahalaşmasına səbəb olub. Bu ölkələr problemlər üzündən artıq bazara az neft çıxarmalı olur ki, nəticədə də neftin qiyməti qalxır. Əlbəttə ki, bu da Azərbaycan kimi ölkələrin xeyrinədir.

Bu halda təbii ki, manat da sabitliyini qoruyub saxlayır.

Yaranmış vəziyyət valyuta ehtiyatlarımızın artımına imkan verir. Eyni zamanda, bu fonda milli valyutaya təzyiqlər də minimuma enir.

Manatın sabitliyi öz növbəsində xariclə işləyən, oradan mal, məhsul gətirən sahibkarlara da müsbət mənada birbaşa təsir göstərir. Digər sahibkarlar kateqoriyası və əhaliyə isə manatın sabit olaraq qalması dolayısı ilə müsbət təsir edir. O baxımdan ki, Azərbaycanın idxal həcmi böyükdür, çox məhsul və malı idxal edirik. İdxalı da dollar və avro ilə edirik ki, həmin valyutaların da çox olması vacibdir. Bu da birbaşa neftin qiymətinə bağlıdır. Yəni dollar neftin qiyməti baha olanda daha çox olur. O da öz növbəsində milli valyutanın sabitliyinə stimul yaradır. Hazırda ölkədə əhalinin  rifahının artımı üçün xeyli müsbət addımlar atılıb. Pensiyalar, müavinətlər artırılıb. Bu fonda pulun həcmi çoxalır. Ancaq onun manata mənfi təsirini müşahidə etmirik. Bu da manatın stabil qalmasının nəticəsidir. Milli valyutamızın sabitliyi imkan verir ki, əhalinin real gəlirləri də artsın. Bu mənada milli valyutanın sabit olaraq qalmasının ölkə iqtisadiyyatı üçün olduqca mühüm müsbət təsirləri vardır”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə qeyd etdi ki, ölkənin iqtisadi inkişafı, iqtisadi əlaqələrdə müsbət saldonun əldə edilməsi manatın məzənnəsinin sabit qalmasına xüsusi olaraq təsir göstərib: “Manatın məzənnəsinin növbəti dövrlərdə də sabit qalması vacibdir. Mərkəzi Bank da çalışmalıdır ki, növbəti dövrlərdə də manatın məzənnəsindəki stabilliyi qoruyub saxlaya bilsin. Bu konteksdə növbəti mərhələdə də manatın məzənnəsinin qorunub saxlanılmasını məqsədəuyğun hesab edirik.

Mövcud şərtlər Mərkəzi Banka imkan verir ki, manatın məzənnəsindəki stabilliyi qoruyub saxlamaq mümkün olsun. Yaranmış durum Mərkəzi Banka imkan verdi ki, dedollarizasiya prosesinə başlasın. Digər tərəfdən, 2017-ci il Azərbaycan iqtisadiyyatının stabilləşməsi ili kimi yadda qaldı. Bu il iqtisadi artım əldə edildi. Nəticədə 2018-ci ildə ticarətdə əldə edilən müsbət saldo Mərkəzi Banka imkan verdi ki, manatın mövcud vəziyyətini qoruyub saxlaya bilsin. Proses indi də davam edir. 2019-cu ilin birinci rübünün yekunları da göstərir ki, Azərbaycanın həm xarici ticarət, həm də əmtəə dövriyyəsində, o cümlədən tədiyyə balansında müsbət saldo yaranacaq. Müsbət saldo da Mərkəzi Bank üçün yeni imkanlar yaradır.

Digər tərəfdən, neftin dünya bazarındakı qiyməti də Azərbaycan üçün əlverişlidir. Qeyri-neftr sektoru vasitəsilə ölkəyə daxil oaln valyutanın həcmində artımlar var. 2017-ci ildə qeyri-neft ixracatında  25, keçən il üçün 12 faiz artımlar baş verdi. Cari ildə də qeyri-nef ixracatının artacağı gözlənilir. Bu kontekstdən mövcud şərait Mərkəzi Banka manatın məzənnəsini qoruyub saxlamağa imkan yaradır. Manatın məzənnəsinin sabit qalması sahibkarlar və bütövlükdə qeyri-neft sektoru üçün çox vacibdir.Bu sabitlik sahibkarlara gəlirlərini və xərclərini proqnozlaşdırmağa imkan yaradır. Eləcə də biznes planının icrasında xeyli üstünlük verir. Manatın məzənnəsi sosial baxımından da vacibdir. Çünki sabit manat fonunda inflyasiya təhlükəsi də aşağı olur”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz