Əlaqə Arxiv
news Image
2019.04.26
07:00
| A A A
Azərbaycana bu dəfə Çin sərmayəsinin axını başlanır
Hikmət Babaoğlu: “1 milyard dollara yaxın həcmdə qarşılıqlı sərmayənin qoyulması ölkəmizdə qeyri-neft sektorunun inkişafına səbəb olacaq, eyni zamanda iqtisadiyyata əlavə dinamizm gətirəcək” Natiq Cəfərli: “Azərbaycanda istehsal sahələrinin yaranması, xarici investisiyanın artımı üçün Çin çox önəmli ölkədir”

Azərbaycan Çin investorlarının da ölkəmizə aktiv şəkildə sərmayə yatırmasında maraqlıdır. Prezident İlham Əliyev Pekində Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən  biri olan "CETC International" Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşündə  bu məsələni diqqətə çatıdırıb və qeyd edib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. 

Qeyd edək ki, Çin hazırda dünyanın iqtisadi gücə malik ən nəhəng ölkələrindən biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra digər ölkələr kimi Çinlə də geniş əlaqələr qurub. Xüsusən də iqtisadi sahədə bu əlaqələr durmadan inkişaf edir. Onu da qeyd edək ki, iki ölkə arasında əlaqələrin inkişafına dövlət başçıları səviyyəsində keçirilən görüşlər mühüm töhfə verir. Keçrilən belə görüşlər və atılan digər addımlar fonunda Çin sərmayəsinin də böyük həcmdə Azərbaycana axının da istisna edilmir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Çinlə münasibətlərin Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirdi: “Çin hazırda dünyanın ən güclü inkişaf edən ölkələrindəndir. Dünya inkişafının hazırkı perspektivi Çin və digər Cənub-Şərqi Asiya ölkələri üzərindən görünməkdədir. Ona görə də Çinlə münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Çin həmçinin dünyanın yeni innovativ texnologiyalar mərkəzinə çevrilməkdidir. Azərbaycan-Çin münasibətlərinin yaxşı tarıxı var. İpək yolu və onun mühüm həlqəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi Pekinlə Bakı arasında həm tranzit, həm də bir başa iqtisadi münasibətlərin qurulması nöqteyi-nəzərdən mühüm kommunikasiya yaratmış oldu. Hazırda Azərbaycanda kimya sənayesi inkişaf edir. Çinin Azərbaycanın kimya sənayesinə maraq göstərməsi, Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr inşa etmək istəyi təkcə ölkəmizin bazarı üçün deyil, eyni zamanda regional bazarlar üçün məhsul istehsalına gətirib çıxaracaq. Hansı ki, bunun da Azərbaycan iqtisadiyyatı üçün mühüm faydası vardır. Kənd təsərrüfatı sahəsində də Azərbaycanla Çin arasında iqtisadi-ticari münasibətlər inkişaf edir. Azərbaycanda münbit şərabçılıq təsərrüfat və plantasiyaları var. Şərabçılıq sənayesi inkişaf edir. Bütün bu amillər hər iki ölkəni iqtisadiyyatlarına sərmayə qoyuluşu baxımından cazibədar edir. 1 milyard dollara yaxın həcmdə qarşılıqlı sərmayənin qoyulması ölkəmizdə həm qeyri-neft sektorunun inkişafına səbəb olacaq, eyni zamanda Azərbaycan iqtisadiyyatına əlavə dinamizm gətirəcək”.    

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Çindən daha böyük həcmdə investisiya axını Azərbaycanda yeni iş yerləri, yeni istehsal sahələrinin yaranmasına şərait yaradacaq: “Çin dünyada iqtisadi yüksəliş və iqtisadiyyatın həcminə görə ABŞ-la baş-başa gedən bir ölkədir. Hətta Pekin bəzi parametrlərə görə dünyada ilk yeri tutur. Həmçinin bu dövlət kifayət qədər böyük həcmdə sərbəst sərmayəyə malik ölkələrdəndir. Onun dövlət Ehtiyat Fondu 3 trilyon dollara yaxındır ki, bu da dünyanın müxtəlif yerlərində böyük investisiya layihələrində birbaşa iştirak etməy imkan verir.

Pekin son zamanlar bir sıra Asiya və Afrika ölkələrində geniş investisiya siyasəti həyata keçirir. Bu böyük investisiya axınından Azərbaycan da faydalanmalıdır. Ölkəmiz loqistik mərkəzdə yerləşir. Çin sərmayəçiləri Azərbaycadakı istehsal sahələrinə maraq göstərməklə burada hansısa bir istehsal yaradıb ətraf dövlətlərə ixrac yolunun üzərində yerləşdiyimizi nəzərə alaraq ölkəmizdən istifadə edə bilərlər. Bu üstünlüyü maddi üstünlüyə çevirmək üçün də Çinlə daha sıx əməkdaşlıq etməliyik.

Azərbaycanda yeni iş yerləri, yeni istehsal sahələrinin yaranması, xarici investisiyanın artımı üçün Çin çox önəmli ölkədir. Bunun üçün də Çin tərəfinə kifayət qədər çevik və çəlbedici investisiya şərtləri təqdim edə bilərik. Son görüşlərdə bir neçə yeni istehsal sahələri, o cümlədən avtomobil şinlərinin istehsalı üçün Sumqayıtda yeni istehsal sahəsinin yaradılması ilə bağlı müqavilə də imzalanıb ki, bud a çox yaxşı addımdır.

Azərbaycanda şin istehsalı üçün yerli xammal var. Atılan həmin addım ölkəmizdə bu sahənin kifayət qədər uğurlu inkişafına stimul yarada bilər. Azərbaycanlılar da Çinin müxtəlif sahələrinə investisiya qoyub . Azərbaycanlılar bu ölkədə istehsal, ictimai iaşə, turizmlə bağlı bəzi investisiya layihələrini həyata keçirirlər.  Amma onun dövlət dəstəyi vasitəsilə mərkzələşdirilmiş qaydada həyata keçirilməsinə ehtiyac vardır. Ola bilər ki, dövlətin əlaqədar qurumları Azərbaycan investorlarının Çin bazarında qorunması üçün əlavə tədbirlər görsünlər. Çünki Çin bazarı sərt bazardır, rəqabət yüksəkdir və bəzi hüquqi məsələlərin sürətlə həll olunmasına ehtiyac yaradır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz