Əlaqə Arxiv
news Image
2019.05.14
11:00
| A A A
Əhalinin müsbət demoqrafiyası iqtisadi yüksəlişin real təcəssümüdür
Azərbaycanda həyata keçirilən islahatların miqyası və məzmunu beynəlxalq maliyyə qurumlarının diqqət mərkəzindədir

Bu günlərdə Dünya Bankının açıqladığı “South Caucasus in Motion” hesabatında respublikamız haqda növbəti müsbət rəy bildirilib: Azərbaycan Cənubi Qafqazda müsbət demoqrafiyası olan yeganə ölkədir. Belə ki, Cənubi Qafqazda həm ümumilikdə, həm də regionlar üzrə əhali artımı yalnız Azərbaycanda müşahidə olunub. Hesabata əsasən, 2010-2015-ci illərdə orta artım tempi 1,3 faiz təşkil edib. Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır.

Bu səviyyədə fikir və rəqəmlərin arxasında güclü iqtisadiyyat dayana bilər. Və təbii ki, iqtisadiyyatın sürətli inkişafı və gücü ağıllı, düzgün hesablanmış və müdrik siyasət tələb edir. Sadalanan şərtlər Azərbaycanda yüksək səviyyədədir və ölkənin hərtərəfli inkişafını təmin edən vasitələrdir. Bu silsilədə, ümumiyyətlə, şərtlər bir-birini tamamlayır və biri digərinə dayaq olur. Rəhbərliyin seçdiyi düzgün yol iqtisadiyyatı rels üzərinə keçirir, iqtisadi qüdrət siyasətin təkamülünə təkan verir, əlaqəli iqtisadi-siyasi gedişlər ölkənin maliyyə mənbələrini gücləndirir, bu amil sosial vəziyyəti yaxşılaşdırır, gün-güzəranı yaxşılaşan əhalinin sosial tərkibi təkmilləşir və dövrün tələblərinə, ölkə qarşısında qoyulan məqsədlərə uyğunlaşır. 

Təsadüfi deyil ki, hesabatda bu amil qeyd olunur. 2000-2015-ci illərdə Azərbaycanda ümumi daxili məhsul orta hesabla ildə 11 faiz artıb: “Bu əhəmiyyətli artıma yüksək sosial transfertlər sayəsində yoxsulluğun azaldılması və real əməkhaqqının kəskin artımı səbəb olub. Ölkədə adambaşına düşən real ümümi daxili məhsulun orta illik artımı Abşeron iqtisadi rayonunda 3 faiz, Naxçıvan Muxtar Respulikasında 10 faiz arasında dəyişir”.

Dünya Bankının hüsabatı yayılmamışdan bir gün əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının may ayına olan regional iqtisadiyyata dair icmalı (Regional Economic Prospects) açıqlanıb və Azərbaycan haqda irəli sürülən iqtisadi proqnozlar bütün aspektlərdə birmənalı şəkildə müsbətdir: 2019-cu ildə Azərbaycanda ÜDM 3,5%, 2020-ci ildə 3,3 faiz artacaq: “2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb ki, bu da neftin bahalaşması, eləcə də qaz hasilatı və ixracının artması ilə şərtlənib. Qeyri-neft sektoru 1,9% artıb.İnflyasiya 12,9%-dən (2017) 2,3%-dək (2018) azalıb, bu isə pul-kredit siyasətini daha da yumşaltmağa imkan verəcək”, – deyə bank qeyd edir.

Azərbaycan iqtisadi imkanlarını artırdıqca adları çəkilən hər iki bank qurumu ilə əlaqələr də güclənir. Yəni, bu beynəlxalq qurumlar ölkədə həyata keçirilən sosial və maliyyə yönümlü layihələrin sayını artırır. Məsələ burasındadır ki, Azərbaycanın iqtisadi qüdrəti imkan verib ki, hər iki bankın səhmdarları sırasında yer alsın. Bu addımla ölkə rəhbərliyi beynəlxalq maliyyə qurumlarının ölkənin əsas investorları sırasına cəlb edib. Bu günlərdə Prezident İlham Əliyevin qəbulunda olan Dünya Bankının icraçı direktoru Kristalina Georgiyeva ilə də bu haqda fikir mübadiləsi aparılıb. Görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevə ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi ilə bağlı məmnunluğunu ifadə edib və bildirib ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir.

Görüşdə qeyd edilib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək. Qarşılıqlı əməkdaşlığın faydasından bəhrələnən Azərbaycan da əlaqələri daha da gücləndirmək üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirə bilər. Çünki, 27 il ərzində  AYİB Azərbaycanda 167 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,2 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 44 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Dünya Bankı da Azərbaycanın gələcək iqtisadi inkişafına əlavə dəstək göstərilməsində maraqlıdır. Hazırda vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmaq arzusundadır. Göründüyü kimi, beynəlxalq maliyyə qurumları dalbadal neçə illərdir ki, Azərbaycanda gedən müsbət iqtisadi dəyişiklikləri, aparılan islahatları birmənalı şəkildə dəstəkləyir və əldə edilən uğurlu nəticələr əhalinin demoqrafiyasında müsbət meyilləri daim yaxşılaşdırır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz