news Image
2019.05.15
09:00
| A A A
Manat MDB-də ən sabit valyutadır
Vüqar Bayramov: “Sabit manatın olması istehlak bazarında qiymətlərin optimallaşdırılması, şirkətlər üçün öz xərclərini planlaşdırmaq və sosial müstəvidə bəzi müsbət təsirlərə malikdir” Natıq Cəfərli: “Manatın sabitliyi Azərbaycana olan güvəni artırır, ölkəmizə yeni investisiya qoyuluşu üçün imkanlar daha da genişlənir”

Azərbaycana qonşu olan Türkiyə və İranın milli valyutaları lirə ilə tüməni yenidən kəskin şəkildə dollara nisbətən dəyər itirməyə başlayıb. Bu da ABŞ-ın həmin ölkələrə münasibətdə yürütdüyü siyasətlə bağlıdır. Azərbaycanda isə bu iki ölkə ilə geniş ticari əlaqələrə rəğmən, manat stabil olaraq qalır. Ümumiyyətlə, manat MDB-də ən sabit valyuta sayıla bilər.

Artıq iki ildir ki, manat dollarla müqayisədə öz mövqeyini qoruyub saxlayır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd etdi ki, manatın sabit qalması Azərbaycanın yürütdüyü mövqe ilə bağlıdır: “Mərkəzi Bank  mövqeyi manatın sabitliyinə birbaşa təsir göstərir. Bu da manatın sabit qalmasını şərtləndirən əsas səbəblərdən biridir. Türkiyədə isə tam üzən məzənnə siyasətinə keçilib. Azərbaycan isə üzən məzənnə sisteminə tam olaarq keçməyib.

Güman olunur ki, növbəti illərdə ölkəmizdə də üzən məzənnə sistemi tətbiq ediləcək. Eyni zamanda, bir məsələni də qeyd edək ki, xüsusən 2017-ci ildən sonra ölkəmizə daxil olan valyutanın həcmində artımlar var. Neftin dünya bazarındakı qiyməti Azərbaycan üçün məqbul səviyyədədir. Bu da nəticə etibarı ilə ölkəyə daha çox valyutanın daxil olmasına imkan verir. Ölkəyə daha çox valyutanın daxil olması da manatın stabilliyinə birbaşa təsir göstərən amillərdəndir. Təbii ki, burada Mərkəzi Bankın istifadə etdiyi digər indikatorlar da var. Xüsusən də manat bazasının möhkəmləndirilməsi, bununla da dollara olan tələbin optimallaşdırılması milli vayutanın stabilliyinin qorunub saxlanılmasına öz təsirini göstərib.

Manatın məzənnəsinin sabit qalması şirkətlər üçün öz gəlirlərini proqnozlaşdırmaq baxımından vacibdir. Həmçinin, istehlak bazarında dxal olunan məhsulların qiymətlərinə təsir baxımından da vacibdir. Amma üzən məzənnə rejiminə  keçid manatın bazar dəyəri almasına və qeyri-neft ixracı baxımından daha məqsədəuyğun olardı. Bu sahədən ölkəyə daha çox valyutanın daxil olmasına ehtiyac var. Həmçinin bazarda manata olan psixoloji təsirlərin minimumlaşdırılmasına da ehtiyac var ki, gələcəkdə üzən məzənnə rejiminə keçid manatın məzənnəsində kəskin dəyişikliyə gətirib çıxarmasın. O baxımdan stabillik istehlak bazarında qiymətlərin optimallaşdırılması, şirkətlər üçün öz xərclərini planlaşdırmaq və sosial müstəvidə bir sıra  baxımından müsbət təsirlərə malikdir. Bütün hallarda Mərkəzi Bank gələcəkdə manatın üzən məzənnə sisteminə keçidini təmin etməlidir. Bu manatın real dəyərinin alınmasına imkan verər. Hansı ki, bu amil uzun müddətli dövrdə manatın stabilliyinin təmin edilməsi mənasında daha vacibdir”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycana güvənin artması baxımından manatın sabit qalması olduqca mühüm amildir: “Azərbaycan manatının məzənnəsinə təsir edən əsas amil neft faktorudur. Neftin qiyməti nəzərdə tutulduğundan yüksəkdir. Bu il büdcədə qiymət 60 dollar nəzərdə tutulsa da, hazırda Azərbaycan neftinin qiyməti 72 dollardır. Bu  il ərzində ortalama qiymət 70 dollar civarındadır. Yəni nəzərdə tutulandan 10 dollar artıq olduğundan tədiyyə balansımızda müsbət saldo formalaşır. Sataraq əldə etdiyimiz dollar ölkəyə idxal olunan məhsullara nisbətən daha artıqdır. Bu da manatın sabitliyinə təsir edən əsas amillərdəndir.

Qonşu İran və Türkiyədə məzənnənin dəyişməsinin fərqli-fərqli səbəbləri olsa da, onun mütləq mənada Azərbaycana da təsirləri var. Bu fonda həmin ölkələrdən Azərbaycana idxal artır. Manatın məzənnəsinin sabit qalmasının mənfi təsiri əsasən bundan ibarətdir.

Müsbət mənası odur ki, manatın sabitliyi Azərbaycana olan güvəni artırır. Ölkəmizə yeni investisiya, yeni iqyisadi layihələr üçün imkanlar daha da genişlənir. Çünki manat sabit olanda investorların güvənliyini qazanır”.

Rüfət NADİROĞLU