news Image
2019.05.16
09:55
| A A A
Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır
Azər Allahverənov: “4 səbəb əhalini daha çox mühərrikin həcmi kiçik olan avtomobilləri almağa sövq edib”

Avtomobil bazarında aparılan təhlil göstərir ki, mühərrikin həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır. Anoloji proses özünü avtomobillərin idxalı zamanı da göstərir. Belə ki, gətirilən avtomobillərin əksəriyyəti mühərrikin həcmi kiçik olan maşınlardır. Kiçik mühərrikli avtomobillərə tələbin artmasına səbəb nədir? Belə avtomobillərdə say artımı ölkənin ekoloji durumuna nə kimi təsirlər göstərə bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, mühərrikin həcmi kiçik olan avtomobillərə tələbin artmasında 4 səbəb rol oynayıb  : “Azərbaycan əhalisinin son dövrlər mühərrikin həcmi kiçik olan avtomobillərə üstünlük verməsi belə avtomobillərin qənzaətcil olması ilə bağlıdır. Bu avtomobillər daha qənaət rejimində yanacaq sərf edir. Yəni yanacaq sərfi nə qədər az olarsa, bu avtomobil sahibi üçün də bir o qədər əlverişlidir. Burada ikinci bir amil qiymət məsələsilə bağlıdır.

Aparılan araşdırmalar da göstərir ki, ölkəmizə gətirilən avtomobillər arasında iri həcmli mühərrikə malik maşınların qiyməti kifayət qədər yüksəkdir. Ona görə də insanlar daha çox kiçik həcmli mühərrikə malik avtomobillərə meyl edirlər. Digər tərəfdən, ölkəmizdə, xüsusən də paytaxt Bakıda avtomobillərin sayı kifayət qədər çoxalıb. Yəni belə vəziyyət daha çox Bakı üçün xarakterikdir. Bu müstəvidə yollarda maşınların manevr etmək imkanları da məhdudlaşır. Belə vəziyyətdə nisbətən kiçik həcmli mühərrikə malik avtomobillər daha mobil olurlar. Yəni onların ölçüləri digər avtomobillərə nisbətən daha balaca olur. Nəticədə kiçik mühərrikə malik maşınların manevr etmə qabiliyyəti daha yüksəkdir.  Xüsusən də indiki şəraitdə, tıxacların genş yayıldığı, yolun sağ və sol tərəfin avtomobillərlə dolu olduğu bir zamanda kiçik mühərrikli maşınlara tələbin artması gözləniləndir. Çünki belə şəraitdə məhz həmin avtomobillərlə idarə etmək daha məqsədəuyğundur. Bu amilin də sözügedən prosesə öz təsiri vardır.

Digər tərəfdən, burada başqa bir amil də qadın sürücülərilə bağlıdır. Belə ki, son zamanlar qadın sürücülərin sayı da sürətlə artır. Yəni avtomobil idarə edənlər arasında qadın sürücülər də kifayət qədər çoxdur.  Onlar isə birmənalı şəkildə mühərriki nisbətən kiçik, qənaətcil avtomobilləri idarə etməyə daha çox meyllidirlər. Bütün hallarda sadaladığım bu 4 amilin təsiri nəticəsində Azərbaycan əhalisi arasında kiçik həcmli mühərrikə malik avtomobillərə tələb artıb”.

Həmsöhbətimiz düşünür ki, mühərrikin həcmi kiçik olan maşınlara tələbin artması ekoloji duruma müsbət təsit göstərə bilər: “Ölkənin avtomobil parkında kiçik mühərrikə malik maşınlar çoxluq təşkil edir ki, bu da nəticə etibarı ilə atmosferə buraxılan zərərli maddələrin nisbətən az olmasından xəbər verir. Amma say baxımından avtomobillərin böyük hissəsinin Bakıda cəmləşməsi paytaxtdakı atmosferə bütün hallarda mənfi təsir göstərir. Belə ki, ölkədəki bütün avtomobil parkının 70 faizi Bakıda cəmləşib”.

R. SOLTANOV