Əlaqə Arxiv
news Image
2019.05.16
10:10
| A A A
Azərbaycanın dünya üçün tranzit əhəmiyyəti artacaq
Rəşad Həsənov: “Bu layihə Azərbaycanın maraqlarına cavab verə bilər, çünki dövlətimizin strateji maraqları ölkənin coğrafi mövqeyindən istifadə etməklə tranzit mərkəzə çevrilməkdir” Natiq Cəfərli: “Azərbaycan bu layihədən loqistik mərkəzə çevrilmək üçün istifadə edə bilər”

Xəzər dənizindəki limanları inkişaf etdirdikdən sonra Xəzər dənizi ilə Qara dənizi modernləşdirilmiş dəmir yolu və avtomobil yolları ilə birləşdirmək lazımdır.

Bu barədə Rusiyanın Şimali Qafqaz İşləri üzrə naziri Sergey Çebotaryov bildirib.

"Belə alınır ki, yüklər Xəzər dənizindən birbaşa yollarla Qara dənizə, Novorossiysk və digər limanlara gedəcək. Bax orada iqtisadiyyatın inkişafı üçün daha bir imkan yaranır. Təbii ki, bu, tranzit potensialıdır, amma eyni zamanda siyasi məqamdır. Ona görə də bu ideyanı həyata keçirmək üçün səylərimizə davam edəcəyik", - nazir deyib. Bəs, Xəzər dənizi ilə Qara dəniz limanlarını birləşdirmək mümkündürmü və bu hal Azərbaycana hansı üstünlüklər qazandıracaq? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, Azərbaycanın tranzit mərkəzə çevrilməsi yolunda Xəzər dənizi ilə Qara dənizdəki limanların birləşdirilməsinin mühüm əhəmyyəti vardır: “Ümumiyyətlə götürəndə, Xəzər dənizi ilə Qara dəniz limanlarının birləşdirilməsi mümkündür. Sadəcə, bu ideyanın gerçəkləşməsi üçün müəyyən ərazilərdə yeni dəmir yolu xətlərinin çəkilməsinə ehtiyac var. Amma əksər hissələrdə yenidənqurma işləri aparılmalıdır. Belə ki, həmin yolu birləşdirən ölkələrin ərazilərindəki dəmir yolu infrastrukturu əhəmiyyətli dərəcədə köhnəlib və müasir tələblərə cavab vermir. Prosesə Xəzər dənizinin yükgötürmə imkan və qabiliyyətinin artırılmasından sonra Qara dənizdə birbaşa dəmir yolu xəttinin yaradılması, həmçinin bu istiqamətdə tələblərə uyğun infrastrukturun formalaşması Azərbaycanın maraqlarına cavab verə bilər.  Çünki Azərbaycanın strateji maraqları ölkənin coğrafi mövqeyindən istifadə etməklə tranzit mərkəzə çevrilməsidir. Bu istiqamətdə də mərhələli şəkildə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilir. Prosesin reallaşması üçün iştirakçı ölkələrin birgə razılığına ehtiyac vardır. Bu mənada da hər bir ölkə layihənin reallaşmaslna öz töhvəsini verə bilər. Amma Azərbaycan prosesi eyni zamanda alternativlər üzərindən də dəyərləndirməlidir.

Bilirsiniz ki, Bakı-Tiflis-Qars dəmir yolu kifayət qədər xərc çəkilən layihələrdən olub. Ona görə də bu istiqamətdə alternativlərin olması, Avropaya yükdaşımalarda alternativlərin təklif olunması gələcəkdə Bakı-Tiflis-Qars dəmir yolunun potensial müştərilərinin digər alternativlərə yönəlməsinə gətirib çıxarar. O cümlədən onlar birbaşa olaraq Qara dəniz üzərindən daşınmalara yönələ bilərlər.  Bu da son nəticədə layihə üçün gözləntilərin müəyyən mənada aşağı düşməsinə səbəb ola bilər və xərclərin səmərəsizliyinə gətirib çıxarar. Bu baxımdan ölkəmizin Xəzər dənizi limanları ilə Qara dəniz limanlarının birləşdirilməsi layihəsinin iqtisadi və siyasi cəhətdən qiymətləndirməsinin aparılmasına ehtiyac vardır. Yəni, ilk öncə bu kimi təkliflər qiymətləndirilməli, layihənin ümumi xərci hesablanmalıdır. Yalnız bundan sonra həmin istiqamətdə konkret qərar vermək mümkündür”.

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, sözügedən layihənin gerçəkləşməsi Azərbaycanı regionun loqistik mərkəzinə çevirəcək: “Əslində, dolayısı ilə sözügedən iki dənizdəki limanlar arasında həm dəmir yolu, həm də avtomobil yolları mövcuddur. Amma həmin yolların infrastrukturunun köhnə və dolayısı olması çoxlu zaman itkisinə səbəb olur. Bu mənada Rusiya rəsmiləri tərəfindən Xəzər dənizindəli limanlarla Qara dənizdəki limanların birləşdirilməsi istiqamətində verilən bəyanatlar onu deməyə əsas verir ki, Kreml rəhbərliyi  yeni layihələr üzərində çalışır, yeni dəmir yolu və avtomobil yollarının çəkilişini düşünür.

Əslində, bu çox bahalı layihə olacaq və onu qısa zamanda başa vurub həyata keçirmək də mümkün görünmür. Ona görə ki, həmin layihənin həllinə kifayət qədər böyük vəsait tələb olunur. Həmin səbəbdən təklifin qısa zamanda reallaşacağını düşünmürəm. Amma ümumilikdə nə vaxtsa bu baş verəcəksə, Azərbaycanın da regional nəqliyyat taboru rolunu oynamağa çalışması, bunun üçün Azərbaycan müəyyən üstünlüklər qazanmaq və logistik mərkəzə çevrilmək üçün istifadə edə bilərBütün hallarda, Rusiya bu layihəni həyata keçirəcəksə, Azərbaycan ondan regional nəqliyyat mərkəzi kimi istifadə edə və ciddi dividendlər qazana bilər”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz