Əlaqə Arxiv
news Image
2019.05.18
07:00
| A A A
“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə sərtləşir
Fuad İbrahimli: “Vergilər Nazirliyinin yürütdüyü əsas siyasət də məhz bununla bağlıdır”

Vergilər naziri Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə mühüm addımların atılacağını deyib. O, həmçinin qeyd edib ki,  Azərbaycanda “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb.

"Bu qrupa makro və mikro iqtisadçılar daxildir. Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik", - deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına "kölgədənçıxma" halları artmqdadır: "Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə "kölgəyə çəkilməyə" üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır".

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, “kölgə iqtisadiyyatı”na qarşı aparılan effektiv mübarizə son nəticədə öz müsbət təsirini göstərəcək: “Ümumiyyətlə, “kölgə iqtisadiyyatı”nın kökünü tamamilə kəsmək mümkün deyil. Belə bir nə mexanizm, nə də nəzərriyə var. Nə də bu istiqamətdə konkret rıçaqlar, qanunvericilik bazası yoxdur.

Söhbət təkcə Azərbaycandan getmir, dünya iqtisadiyyatında iştirak edən bütün ölkələrdən gedir. Eyni zamanda, inkişaf etmiş ölkələrdə belə “kölgə iqtisadiyyatı” qalmaqdadır. ABŞ kimi dünya iqtisadiyyatının nəzəriyyəsinin beşiyi, flaqmanı olan ölkə belə “kölgə iqtisadiyyatı”nın öhdəsindən tamamilə gələ bilmir. Yağışdan sonra göbələklərin çıxması kimi “kölgə iqtisadiyyatı”nın da istənilən yerdə ocaqları yarana bilir. Bütün hallarda “kölgə iqtisadiyyatı”nın ifşa olunması istiqamətində aparılan effektiv mübarizələr öz müsbət nəticələrini də verir.

Azərbaycanda da “kölgə iqtisadiyyatı”na qarşı konkret mübarizənin aparılması fonunda sözsüz ki, gizli iqtisadiyyatın ifşa olunması, onun aktualılığının itirilməsi, məhdud vəziyyətə çatdırılması istiqamətində mühüm işlər görmək mümkündür.  O nöqteyi-nəzərdən Azərbaycan Respublikasının həm qanunvericilik, həm maddi-texniki təchizat bazasında, həm də ölkəmizin makroiqtisadi səviyyədə vəziyyətinə uyğun “kölgə iqtisadiyyatı”nın öhdəsindən gəlmək olar. Yəni, onun azaldılması, ifşa olunması və sıxışdırılması mümkündür. Vergilər Nazirliyi də müasir dövrdə həmin bəlaya qarşı mübarizədə hər cür imkanlara malikdir”.

Qeyd edək ki, “kölgə iqtisadiyyatı”nın çəkisinin yuxarı olduğu ölkələrdə ölkə iqtisadiyyatı daha çox itirir. Xüsusən də dövlət büdcəsi bu fonda əhəmiyyətli vəsaitlərdən məhrum olur. Bu mənada ona qarşı aparılan effektiv mübarizə həmçinin iqtisadiyyatda yeni canlanmaya səbəb ola bilər. Həmsöhbətimiz də vurğuladı ki, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək: “Gizli iqtisadiyyatın aradan qaldırılması ilk növbədə makroiqtisadi tarazlığın bərqərar olmasına gətirib çıxaracaq. İkinci bir tərəfdən biznes münasibətlərinə şəffaflıq gətirəcək. Bu addım biznes iştirakçıları olan satan və alanın hər birinin öz gələcəyinin bünövrəsinin şəffaf şəkildə qurulmasına şərait yaradır. Yəni gizli iqtisadiyyatın çökdürülməsinin sosial və iqtisadi nöqteyi-nəzərdən ölkə üçün mühüm effekti olacaq.

Buradan görünür ki, “kölgə iqtisadiyyatı”nın kökünün kəsilməsinin əhəmiyyəti əvəzolunmazdır. Bunun üçün də bir çox mexanizmlərdən istifadə edilməlidir. Müasir dövrdə fiskal, hansısa inzibati, qol gücü ilə nəyisə tətbiq etmək kimi addımlar keçərli deyil. İndiki halda ancaq maraq yolu ilə, hansısa bonus və stimullaşdırıcı proqramlar vasitəsilə gizli iqtisadiyyata qarşı daha effektiv mübarizə aparılır. Bunun da nəticəsində gizli iqtisadiyyat artıq öz aktualılığını itirir. Yəni elə edilməlidir ki, gizli iqtisadiyayta yanaşma aktualılığını itirsin. Prosesə qarşı mübarizədə ən gözəl yanaşma fikrimcə, məhz budur. Düşünürəm ki, Vergilər Nazirliyinin yürütdüyü əsas siyasət də məhz bununla bağlıdır. Onlar bu vəzifənin öhdəsindən uğurla gələcəklər”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz