Əlaqə Arxiv
news Image
2019.05.18
09:30
| A A A
Sənədsiz evlər problemi də həll olunur
Ruslan Atakişiyev: “BŞİH-nin başçısı tərəfindən dövlət başçısının tapşırığı ilə sənədsiz evlərin rəsmiləşdirilməsilə bağlı məsələnin vurğulanması bu məsələnin çözümünə səbəb olacaq”

Artıq sənədsiz evlərlə bağlı məsələ öz həllini tapmaq üzrədir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzimov Binaqədi rayonunun eyni adlı qəsəbəsində sakinlərlə görüşündə Prezident İlham Əliyevin sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdiyini bildirib.

Onun sözlərinə görə, tapşırığa uyğun olaraq, xüsusi komissiya yaradılıb: “Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”.

Qeyd edək ki, cari ilin martın ortalarında Əmlak Məsələləri Dövlət Komitəsi də özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırladıqlarını bəyan etmişdi. Xatırladaq ki, Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildən gündəmə gətirilib. Dövlət başçısı İlham Əliyev 2011-ci ilin martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə Başı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi.

Təxmini hesablamalara görə, hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayı 500 mindən artıqdır. Lakin dəmir yolları, magistralların, hərbi hissələrin, dövlət əhəmiyyətli obyektlərin ərazisində, sahilyanında tikilən evləri də nəzərə alanda Bakı ərazisindəki sənədsiz evlərin sayı daha çox olur. Nəhayət, 8 il ötəndən sonra sənədsiz evlərlə bağlı problemin öz həllini tapacağını gözləmək olarmı?

İqtisadçı-ekspert Ruslan Atakişiyev ümid edir ki, sənədsiz evlərlə bağlı məsələ öz həllini tapacaq:” Bakı şəhəri ətrafında, Binəqədidə, Sulutəpədə, Söyüdlü, Biləcəri qəsəbəsinin arxa hissəsi, Hökməli, Müşfiqabad, Güzdək və bir sıra digər yerlərdə Azərbaycan müstəqillik əldə edəndən üzü bəri bir sıra sənədsiz evlər tikilib. Hətta bir müddət həmin ərazilərdə qaçqınlar da məskunlaşdı. Ardınca rayonlardan Bakıya axın fonunda da çoxsaylı insanlar həmin torpaqlarda məskunlaşaraq ev tikdilər.

Bir müddət bələdiyyələr də öz qərarları ilə insanlara torpaq sahəsi verirdi. Ancaq həmin insanlar bu yerlərdə ev tikəndən sonra Binəqədi Neft Şirkəti, SOCAR və digər şirkətlər iddia qaldıraraq əhalini məhkəmələrə çəkdilər.

Ümumiyyətlə, sənədsiz evlər məsələsi problematik məsələdir. Sənədsiz evləri olan insanlar artıq beləcə uzun illərdir orada yaşayır, öz təsərrüfatlarını yaradıblar. Bu fonda da  bütün sosial xidmətlərdən, işıq, qaz, sudan istifadə edirlər. Amma günün bu günü də həmin ərazilərdə yaşayanlar ünvan olmadan yaşayırlar. Adicə təcili yardım, yaxud da Fövqəladə Hallar Nazirliyinin yardımçı qrup, hətta taksilər gəlsə də ünvanlar oladığından yeri tapmaqda çətinlik çəkirlər. İnsanlar yaşadıqları yerdə qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşmək üçün ünvan olmalıdır və sənəd almaq lazımdır. Bunun üçün də külli-miqdarda vəsait tələb olunur ki, insanların da buna imkanları çatmır. Ona görə də gələcəkdə hökumət tərəfindən sənədsiz evlərlə bağlı qərar verilərsə, bu həmin insanlara münasibətdə edilən mühüm dəstək olardı.

Hesab edirəm ki, qanunsuz adlanan tikililərdə yaşayan bütün insanlar sənədsiz evlərin rəsmiləşdirilməsini yüksək səviyyədə qəbul edəcəklər.  Yuxarıda bu fonda sadaladığım ərazilərdə 10 mindən çox sənədsiz evlər var.

Bu mənada BŞİH-nin başçısı tərəfindən dövlət başçısının tapşırığı ilə sənədsiz evlərin rəsmiləşdirilməsilə bağlı məsələnin vurğulanması sözügedən məsələnin gündəmə gəlməsinə köməklik göstərəcək. Gündəmə gəlməsindən sonra da bununla bağlı Nazirlər Kabinetinin qərarı lazımdır. Problemin konkret həllinə gəldikdə,  hər kəsin mövcud olan sənədləri əsasında, sənədləri olmayanlar da qonşularının zamini əsasənda hüquqi baxımdan müəyyənləşdrilməli, həmin ərazilər təsbit olunmalı, ona əsasən hər kəsin adına sənəd verilməli və insanlar yaşadıqları yerdə qeydiyyata düşməlidirlər”.

R. SOLTANOV  

 

Sizin Reklam Yeriniz