Əlaqə Arxiv
news Image
2019.05.21
09:55
| A A A
Dollara maraq sürətlə azalır, manat ön plana çıxır
Fuad İbrahimli: “İstehlak kreditləri və bank əmanətlərində dolların xüsusi çəkisinin azalması bir sıra amillərdən qaynaqlanır” Vüqar Bayramov: “Son 2 ildən artıq müddətdə manat öz məzənnəsini qoruyub saxladığından milli valyuta ilə yığımlara maraq yüksəlib”

 

Azərbaycanda aparılan araşdırmalar göstərir ki, son 3 ildə ölkəmizdə istehlak kreditləri verilişində dolların payı 10 faizə qədər enib. Eyni zamanda, son 3 ildə bank əmatənlərində də dolların payı azalıb. Burada dolların payı 60 faiz aşağı düşüb. Ümumiyyətlə, əhali arasında dollar yığımına maraq əhəmyyətli dərəcədə azalıb. Yaranmış bu tendensiyanın səbəbi nədir? Bu azalma perspektivdə dolların kursuna nə vəd edir?

İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, istehlak kreditləri və bank əmanətlərində dolların xüsusi çəkisinin azalması bir sıra amillərdən qaynaqlanır: “2015-ci ildən 2019-cu ilə qədər olan müddətdə statistik göstəricilərə görə, manata nisbətdə banklarda həqiqətən də dolların xüsusi çəkisi azalıb. Belədə dollarla verilən istehlak kreditlərinin həcmində də azalma baş verib.

İstehlak kreditləri və bank əmanətlərində dolların xüsusi çəkisinin azalması da bir sıra səbəblərdən qaynaqlanır. Nəzərə almaq lazımdır ki, bir neçə il bundan öncə ölkəmizdə yaranan problem təkcə manatla bağlı deyildi. Bu gün banklarda dolların həcminin azalması həmin valyutaya verilən depozit faizinin azalmasından irəli gəlir. Əhali banklarda vəsaitlərini ona görə dollarla yerləşdirmir ki, illik əldə edəcəkləri xeyir xeyli dərəcədə azalıb. Məsələn, devalvasiyaya qədər müxtəlif banklarda dollara görə verilən depozit 9-14 faiz idisə, hazırda heç bir bank 2-3 faizdən yuxarı depozit faizi vermir. Bu da o deməkdir ki, dollarla depozit faizi gəlir götürmək nöqteyi-nəzərdən azalıb.

İkinci bir tərəfdən, vətəndaşların banklara olan etibarı hələ tam şəkildə bərqərar olmayıb. Çünki iki devalvasiya nəticəsində dəyən ziyan fonunda bəzi bankların bağlanması, bəzilərinin də borcları qaytara bilməmələri ona gətirib çıxardı ki, çoxsaylı vətəndaşlarımız həmin vəsaitlərini bu banklardan hələ də geri ala bilməyib. Həmin məsələnin hansı formada həll olunacağı da sual altındadır.  Dollarla verilən istehlak kreditlərinin payının azalması həm də ondan irəli gəlir ki, artıq bankların  portfelində dollarla qoyulan əmanətlərin həcmi azalıb. Bu nöqteyi-nəzərdən manat kütləsi çoxdur və onunla kredit verilməsində pay nisbəti çoxdur.

Vətəndaşlar manatla vəsait yatırmağa həm də ona görə üstünlük verir ki, milli valyuta ilə depozit faizlərinə görə verilən faizin həcmi yüksəkdir. Manatla depozit faizi 7-9 faiz arasında dəyişir.  Ona görə də vətəndaşlar manatla depozit qoyulmasına maraq göstərir. Beləliklə də bankların portfelində manat kütləsinin həcmi daha çox olur”.

Həmsöhbətimiz yaranmış vəziyyətin manat dollar nisbətinə hər hansı bir formada təsir edəcəyini də düşünmür: “Yaxın gələcəkdə dolların manata qarşı ucuzlaşmasından söhbət gedə bilməz. Hələ də ölkənin maliyyə sahəsində müəyyən çətinlik və problemlər qalmaqdadır. Eyni zamanda, manatın da dollara nisbətdə ucuzlaşması baş verməyəcək. Bunu tam əminliklə söyləmək olar. Makroiqtisadi tarazlıq və idxal-xrac əməliyyatları arasındakı balans qənaətbəxşdir və yaxın gələcəkdə milli valyutamızın heç bir halda ucuzlaşması gözlənilmir”.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov düşünür ki, uzun müddət ərzində manatın öz mövqeyini qoruyub saxlaması istehlak kreditləri və bank əmanətlərində dolların payının azalmasına təsir göstərib:  “2017-ci ilin fevralından etibarən manatın məzənnəsi sabit qalmaqdadır. Eyni zamanda, kommersiya banklarının manatla depozitlərinin daha çox divident verməsi nəticədə dollarla deyil, manatla yığımlara marağın yenidən bərpa olunmasına imkan yaratdı.

Təbii ki, yenə də depozitlərin 60 faizindən çoxu dollarda saxlanılır. Bu da nəticə etibarı ilə dollarla əmanətlərin manatla olan vəsaitlərə nisbətən çox olması anlamına gəlir. Lakin bütün hallarda tendensiya ondan xəbər verir ki, manatla yığılan depozitlərin payında artım var. Bu da pozitiv tendensiyadır.  Nəzərə alaq ki, ümumi depozitlərdə dolların payı 84 faizə qədər yüksəlmişdi. Lakin son 2 ildən artıq müddətdə manat öz məzənnəsini qoruyub saxladığından artıq manatla yığımlara maraq yaranıb. Güman olunur ki, növbəti dövrlər üçün manat məzənnəsini qoruyub saxlayarsa, bu halda depozitlərdə əvvəllər mövcud olan 50-nin 50-yə nisbətdə limit yenidənb ərpa oluna bilər. Prosesin belə davam edəcəyi təqdirdə, növbəti 1 ildə 50-nin 50-yə nisbətdə bərabərliyi yaratmaq mümkün olacaq”.

V. Bayramov qeyd etdi ki, növbəti dövrlərdə də Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaq istəyir:  “Bunun üçün də növbəti dövrdə Mərkəzi Bank tərəfindən milli valyutanın məzənnəsinin qorunub saxlanılması vacibdir. Hələlik Mərkəzi Bank manatla dolların nisbətinin mövcud səviyyədə qalmasında maraqlıdır. Ona görə də güman olunmur ki, Mərkəzi Bank manatın möhkəmləndirilməsi siyasəti yürütsün. Əksinə, Mərkəzi Bank çalışır ki, mövcud şərtlər daxilində manatın dollara nisbətdə mövcud məzənnəsini qoruyub saxlasın. Bu səbəbdən növbəti dövrlərdə də Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaqla məşğul olacaq. Hələlik manatın dollara nisbətdə möhkəmlənməsi gündəmdə deyil”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz