Əlaqə Arxiv
news Image
2019.05.23
10:55
| A A A
İslahatlar Azərbaycanda biznes mühitinin inkişafına yeni təkan verir
Fuad İbrahimli: “Başlanan iqtisadi islahatlar ölkəmizdə biznes mühitinin daha da aktivləşməsinə gətirib çıxaracaq” Natiq Cəfərli: “Yeni müəssisələrin açılması ilə yeni iş yerləri yaranar, iqtisadi aktivlik artar, bu da dolayısı ilə insanların yüksək maaşlı işlə təmin olunmasına, büdcəyə vergi daxilolmaların artmasına səbəb ola bilər”

Azərbaycan öz dövrünün mühüm mərhələsinə qədəm qoyub. Hazırda ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirir. Bu xüsusda əsasən də iqtisadi islahatlar geniş vüsət alıb. Həyata keçirilən iqtisadi islahatlar  Azərbaycanda biznes mühitinin inkişafına nə vəd edir?

İqtisadçı ekspert Fuad İbrahimli bildirdi ki, iqtisadi islahatlar Azərbayanda biznes sahəsinin daha dinamik inkişafına şərait yaradacaq: “2015-ci ildə neftin qiymətinin aşağı enməsi nəticəsində Azərbaycan ardıcıl olaraq iki devalvasiya ilə üz-üzə qaldı. Son dövrlər, əsasən də 2017-ci ildən başlayaraq ölkə iqtisadiyyatında, əsasən də qeyri-neft sahəsində mühüm əhəmiyyət kəsb edən layihələr, qanun və sərəncamlar püxtələşdirilərək, elastikləşdirilərək mühitə uyğunlaşdırıldı. Belə vəziyyətdə tam əminliklə söyləmək olar ki, ölkəmizdə makroiqtisadi tarazlıq artıq tamamilə təmin olunub.

Artıq ölkəmiz inkişaf dinamikasına qədəm qoyub. Bu məsələdə vergi orqanlarının da xüsusi idarəetmə üslubundan istifadə etməsi nəzərə alaraq biznes mühitilə bağlı proqnozun müsbət olduğunu söyləmək olar.

 Hər hansı bir qeyri-adi kataklizim baş verməsə dinamik inkişaf yoluna çıxmışıq və onu da qoruyub saxlaya biləcəyik. Çünki dövlət quruculuğu sahəsində bünövrəli işimiz bəllidir. Bu nöqteyi-nəzrdən hesab  edirəm ki, yaxın gələcəkdə keçirilən islahatların töhfəsini hər bir sahədə, o cümlədən biznesin daha da inkişafı sahəsində hiss edəcəyik.

Proses onu deməyə əsas verir ki, başlanan iqtisadi islahatlar ölkəmizdə biznes mühitinin daha da aktivləşməsinə gətirib çıxaracaq. Banklarla bağlı Prezidentin sərəncamları birmənalı olaraq biznes mühitinin aktivləşməsinə istiqamətlənmiş sərəncamdır. Ondan irəli gələn məqamlarla bağlı olaraq da biznes mühitinin inkişafının şahidi olacağıq. Bankların kreditləşmə siyasətinin yenidən aktivləşməsi də biznes mühitinin inkişafının nəticəsidir. Bununla yanaşı. meqalayihələrin həyata keçirilməsi də bünövrəli şəkildə biznes mühitinin inkişafına şərait yaradacaq amillərdəndir. Ölkəmiz bütün hallarda biznes mühitinin inkişafı istiqamətində irəliləyir”.

İqtisadçı-ekspert Natiq Cəfərli də qeyd etdi ki, islahatlar davamlı xarakter alarsa, bu, ölkəyə yeni investisiya axınına, biznes mühitinin inkişafına gətirib çıxaracaq: “Ölkədə həyata keçirilən iqtisadi islahatlar davamlı xarakter almaqla yanaşı, institusional şəkildə sona çatdırılsa, proses Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına, bunun üçün münbit şəraitin yaranmasına səbəb ola bilər. Nəticədə hm daxili, həm də xarici investorların ölkəmizə marağı daha da artar.

Yeni müəssisələrin açılması ilə yeni iş yerləri yaranar, iqtisadi aktivlik artar. Bu da dolayısı ilə insanların yüksək maaşlı işlə təmin olunmasına, büdcəyə vergi daxilolmaların artmasına səbəb ola bilər.  

Əslində, bu islahatların məntiqi sonluqla başa çatması və yaxud dayanıqlı şəkildə davam etməsi Azərbaycanda iqtisadi aktivliyin artmasına gətirib çıxaran əsas hərəkətverici qüvvəyə çevrilə bilər”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz