Əlaqə Arxiv
news Image
2019.05.25
08:00
| A A A
Sosial islahatlar əhalinin alıcılıq qabiliyyətini yüksəldib
Ticarətin inkişafı pul kütləsinin dövriyyədə olmasının, eyni zamanda gəlirlərin artmasını və güzəranın yaxşılaşmasını ehtiva edir

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olub. Bu rəqəmin ötən illə müqayisədə daha yüksək olması əhalinin artan gəlirlərindən qaynaqlandığı şübhəsizdir. İlin əvvəlində President İlham Əliyevin həyata keçirdiyi geniş əhatəli islahatlar nəticəsində sosial paketin tətbiqi əhalinin aztəminatlı təbəqəsinin aylıq gəlirləırini xeyli artırıb. Xüsusilə, minimum əmək haqqının 180 manata çatdırılması, sosial müavinətlərin, pensiyaların və təqaüdlərin artırılması da gəlirlərin çoxalmasında mühüm rol oynayıb.

Şəhid ailələrinə birdəfəlik 11000 manat yardım göstərilməsi, əlil vətəndaşların bütün qrupları üzrə müavinətlərin böyük faizlə çoxalması da əhalidə olan pul kütləsinin artmasına və təbii olaraq dövriyyəyə daha çox pulun daxil olmasına şərait yaradıb.

Ticari dövriyyədə xərclənən vəsaitlə alınmış malların ərzaq və qeyri-ərzaq məhsullarının nisbəti təxminən bərabərdir. Fərq yalnız ötən illə müqayisədə artımın olmasındadır. Artım 2,3-3 faiz arasındadır. İstehlak məhsullarının alınmasında ticarət müəssisələrinin payının 20 faizə yaxın olması bu istiqamətdə də artımın olmasını göstərir. Fikir verin, qeyri-neft sektoruna, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və mütərəqqi texnologiyaların tətbiqi ilə sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi ticarət şəbəkələrinin işinə müsbət təsir edib. Təsadüfi deyil ki, pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artıb. Demək, əhalinin satışa çıxarılan məhsulların keyfiyyətinə inamı yaranıb. Bu mənada “Azərbaycan Brendi” ilə məhsullarımızın dünya bazarında yeni satış mövqeləri əldə etməsi məntiqidir və hökumətin apardığı məqsədyönlü siyasətin səmərəsini ortaya qoyur.   

Bir fakta diqqət yetirmək gərəkdir ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb. Son iki rəqəmi birlikdə yuvarlaqlaşdıranda bir nəfərin orta aylıq xərclədiyi vəsaitin 287,6 manat olması irəliyə doğru böyük sıçrayışdır.

Bəli, inkişaf, əhalinin pul gəlirlərinin artması göz qabağındadır. Mühüm cəhət odur ki, bu, hələ ilkin nəticələrdir. Hökumətin sosial proqramları ardıcıl olaraq genişlənir və sosial paketlərin portfeli ildən-ilə böyüyür. İqtisadi inkişaf gəlirləri, valyuta daxilolmalarını artırdıqca sosial layihələr daha da güclənir. Prezident İlham Əliyev son günlərdə əhali ilə görüşləri zamanı bildirib ki, maaşların, pensiyalar və müavinətlərin artırılması, vətəndaşların rifahının yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas məqsədidir. Bu istiqamətdə əhalinin gəlirlərinin artması, eyni zamanda ticarət dövriyyəsində kəskin yüksəlişin baş verməsi bu il də iqtisadi gözləntilər sırasındadır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz