Əlaqə Arxiv
news Image
2019.05.25
09:30
| A A A
Çin Qafqazda Azərbaycanı əsas tərəfdaşı qismində görür
Vüqar Bayramov: “Çindən investisiya axını Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək” İlqar Vəlizadə: “Çinin Azərbaycana marağının artması dolayısı ilə Qarabağ konfliktinin gedişinə təsir göstərəcək”

Son dövrlərdə Çinin Azərbaycana marağını əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Pekin Azərbaycanla siyasi, iqtisadi əlaqələri dərinləşdirməyə xüsusi önəm verir. Bu yaxınlarda Pekində baş tutan tədbir də göstərdi ki, Çin Azərbaycanla münasibətlərin inikşafına xüsusi diqqət yetirir. 

Bundan əlavə mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi əsas diqqət mərkəzinə yer alıb. Bəs, Çinin ölkəmizə marağının artması  Azərbaycana hansı üstünlüklər qazandıracaq? Başlıcası isə Qarabağ münaqişəsinin gedişinə necə təsir göstərəcək? 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Çinin ölkəmizə marağının artması Azərbaycanın iqtisadi potensial baxımından Cənubi Qafqazın lider dövləti olması ilə bağlıdır: “Çinin Azərbaycana marağının artması bir neçə səbəbdən irəli gəlir. Birinci amil odur ki, ümumiyyətlə, Çinin qlobal olaraq dünyadakı proseslərə marağının artması müşahidə olunur. Yalnız Pekində keçirilən son konfransda Çinlə əlaqədar 67 milyard dollarlıq investisiya layihələri imzalandı. Azərbaycanla Çin arasında da 1 milyard dollarlıq investisiya anlaşması əldə edildi. Bu konteksdən Çinin qlobal olaraq digər ölkələrə marağının artması və belədə investisiya qoyuluşunu artırmaq niyyətləri göz önündədir.

Cənubi Qafqaz ölkələri arasında Çin üçün əsas tərəfdaş Azərbaycandır. Çinin regionumuzla bağlı xarici ticarət dövriyyəsinin 45 faizindən çoxu Azərbaycanın payına düşür. Pekinin ölkəmizə marağının artmasında həmçinin Azərbaycan, onun iqtisadiyyatı ilə bağlı olan səbəblər də vardır. Azərbaycan iqtisadiyyatın həcminə görə Cənubi Qafqazın ən böyük ölkəsidir. Praktik olaraq Cənubi Qafqaz iqtisadiyyatının 60 faizi Azərbaycanın payına düşür. Bu da ölkəmizin Çin üçün cəlbedici olmasının əsas səbəblərindən biridir.

Pekinlə Bakı arasında siyasi əməkdaşlıq da inkişaf edir. İki ölkənin rəhbərləri arasında  strateji əməkdaşlıq və dostluq münasibətləri nəticə etibarı ilə Çindən Azərbaycana daha çox investisiyanın cəlbinə zəmin yaradır. Pekin Azərbaycan vasitəsilə regiona çıxış imkanlarını artırmağa çalışır. Azərbaycana Pekin tərəfindən yatırılan investisiyalar nəticə etibarı ilə Çinin ölkəmiz vasitəsilə digər dövlətlərə də ixrac imkanlarını artırmaq baxımından da vacibdir. Azərbaycan Çin üçün habelə nəqliyyat dəhlizləri və “bir kəmər, bir yol” ideyasının reallaşması mənasında da maraqlıdır. Göründüyü kimi, kifayət qədər çoxsaylı faktorlar növbəti dövrlərdə də Çin Azərbaycan münasibətlərinin daha sürətlə inkişaf edəcəyindən xəbər verir”.

Bu münasibətlərin Azərbaycana verəcəyi üstünlüklərə gəldikdə, ekspert Çindən qeyri-neft sektorumuza investisiya axının artacağını dedi: “Çin sərmayəsi daha çox qeyri-neft sektoruna cəlb olunur. Bu da ölkəmizə imkan verəcək ki, qeyri-neft sektoruna olan sərmayə tələbini həm də Çindən olan sahibkarların cəlb edilməsi yolu ilə həll etsin. Nəticə etibarı ilə Çin investisiyası Azərbaycanın qeyri-nef sektorunun inkişafına dəstək mənasında bir töhfə kimi qiymətləndirilməlidir”.

Politoloq İlqar Vəlizadə düşünür ki, Çinin Azərbaycana marağının artması ancaq dolayısı ilə Qarabağ konfliktinin gedişinə təsir göstərə bilər: “Hər hansı bir ölkənin digər dövlətlərdə marağı artdıqca çalışır ki, həmin ərazilərdə stabillik olsun. Azərbaycan Çin üçün vacib nəqliyyat qovşağıdır və Pekinin “bir kəmər, bir yol” strategiyasında mühüm yer tutur. Çin də çalışır ki, bu qovşaqdan maksimum yararlansın.

Keçən il ərzində Çindən gələn 20 minə qədər konteyer məhz Azərbaycandan keçib. Çin həmçinin bölgəmizdə stabilliyin olmasında maraqlıdır. Çin Azərbaycanın ərazi bütövlüyünü də tanıyır. Pekin Qarabağın Azərbaycan torpağı olduğunu, Ermənistanın mövqeyinin yalan və səhv olduğunu başa düşür. Bu mənada Çinin ölkəmizə marağının artması dolayısı ilə münaqişənin gedişinə də təsir göstərəcək.  Amma bu təsirin birbaşa, bilavasitə olacağını söyləmək çətindir. Çünki Çin hərbi sahədə bura müdaxilə edə bilməz. Düzdür, Azərbaycana hərbi texnika sata bilər, necə ki, satır. Eyni zamanda, beynəlxalq aləmdə ölkəmizə müəyyən dəstək verə bilər. Lakin ondan artığını gözləmək mümkünsüzdür”.

R. SOLTANOV    

Sizin Reklam Yeriniz