news Image
2019.06.11
08:55
| A A A
Kəskinləşən ticarət savaşları dünya iqtisadiyyatının yeni bəlasına çevrilib
Dünya nəhənglərinin ticarət müharibəsi iqtisadi-siyasi düzənin dəyişməsini labüdləşdirir

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndə amerikalılara iş və varlı həyat söz vermişdi. Ötən mçüddət ərzində onun fəaliyyətini təhlil edəndə verdiyi iqtisadi vədləri qismən yerinə yetirdiyi görünür. Trampın dövründə ölkədəki işsizlik səviyyəsi nisbətən aşağı düşüb, bu, faktdır. İşləyən vətəndaşların gəlirləri artıb. Bu da faktdır. Amma nəyin hesabına?

Donald Tramp iqtisadçı-alim deyil, iqtisadi qanunları, sadəcə olaraq bilmir. Amma o milyarderdir, pul qazanmağı yaxud onu əldə etməyin yollarını bilir. Qlobal iqtisadiyyat isə bunu o qədər də təqdir etmir. Ona görə ki, bu yolla varidat əldə etmək müvəqqəti haldır və inkişaf potensialı yoxdur. Bu gün sən müxtəlif yollarla pul qazanırsan, sabah bir başqası səni üstələyərək daha qıvraq tərpənərək sənin pullarını səssis-səmirsiz əlindən alan üsullar fikirləşib tapa bilər. Yəni, elmi şəkildə işlənib hazırlanmış iqtisadi strategiya olmadan qazanılan pullar daimi gəlir gətirmir.

D.Trampın həyata keçirdiyi üsullar yalnız amerikalılar üçündür. Lakin dünyanın dörd bir yanında yaşayan insanlar da yaxşı yaşamaq istəyir və bütün istiqamətlərdə amerikalılardan nə əskikdirlər, nə də geri qalırlar. Yalnız pul üçün çalışan Tramp qarşısına çıxan bütün dövlətlərlə ticarət müharibəsinə gürüşüb. Təbii ki, bu dövlətlər arasında Çin birinci sıradadır. Əhalinin çoxluğu bu ölkədə əmək çox ucuzdur və bu məhsulun maya dəyərinin aşağı olmasını təmin edir.  Əhali amili sarıdan tədqiqatlara vaxt qalmadığından sahibkarlar aparıcı texnologiyaların surətini çıxarmağa məcburdur. Bu yolla ucuz Çin məhsulları bütün bazarları, o cümlədən ABŞ bazarını da fəth edir. Amerika məhsulları nə qədər keyfiyyətli sayılsa da, ucuz qiymət hesabına Çin məhsulları onlıarı ciddi surətdə sıxışdırır. Nəticədə valyuta Qərbdən Çin istiqamətində Şərqə axır. Və ABŞ öz valyutasını ölkədə saxlamaq üçün Çin ilə ticarət müharibəsinə başlayır.  

Bu müharibə ötən il sentyabrın 24-dən ABŞ Çin istehsalı olan daha 200 mlrd. dollarlıq malın ölkəyə idxalına 10%-lik gömrük rüsumu tətbiq etməsilə daha güclənib. Həmin vaxt Çində ABŞ dollarının məzənnəsi 6,85 yuan idi. Lakin ötən müddətdə yuan dollar qarşısında bir qədər ucuzlaşaraq hazırda 1 dollar 6,93 yuan səviyyəsinə çatıb. Güman ki, Çin hökuməti ABŞ-la gərginlik fonunda CNY/USD nisbətinin 7-ni keçməməsi üçün tədbirlər görəcək və kəskin devalvasiyaya imkan verməyəcək. Lakin əli qoynunda oturub gözləməklə buna nail olmaq mümkün deyil. Qarşılıqlı olaraq Çin də Amerika mallarına müəyyən rüsumlar tətbiq etməklə balansı qoruyub saxlamaq istəyir. Bu da ABŞ-a, daha doğrusu, Trampın dünyada şəriksiz hökmranlıq arzularına mane olur. Nəticə etibarı ilə ticarət savaşı yeni fazalara doğru irəliləyir.

Ötən ay ticarət üzrə ABŞ-ÇXR danışıqlarının Vaşinqtonda keçirilən növbəti raundu Çin məhsullarına rüsumun növbəti dəfə artırılması fonunda nəticəsiz başa çatıb. Belə ki, Çindən idxal olunan 200 milyard dollar həcmində malların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin mallarına rüsumun qaldırılması prosesinə başlamaq barədə göstəriş verib. Düadür,  hələlik bununla bağlı qərar qəbul olunmayıb. Amma qəbul olananlar artıq ciddi rəylər doğurub. Bundan bir həftə sonra ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunacaq məhsullara əlavə vergi tətbiq etməsi barədə təhdidini şərh edərkən bildirib: “Əvvəlki təcrübə Çinin ticarət müharibəsi istəmədiyini, lakin ondan qorxmadığını göstərdi. Kim evimizin kandarında müharibə etmək istəsə, biz qələbəyədək mübarizə aparacağıq”.  Qen Suan ABŞ-ın vəziyyəti obyektiv qiymətləndirəcəyinə və Çinin öz maraqlarını qorumaqda qətiyyətli olduğunu anlayacağına ümidini ifadə edib. ABŞ-ın addımlarına cavab olaraq, Çin Maliyyə Nazirliyi iyunun 1-dən dəyəri 60 milyard dollar olan ABŞ mallarına rüsumun artırıldığını elan edib. Beləliklə, müharibə getdikcə daha da qızışır.

Bəs, bu müharibənin axırı nə ola bilər? Aydın məsələdir ki, belə müharibələr ilk növbədə dünyada qütblərin dəyişilməsinə səbəb olur. İndi ABŞ nə qədər istəsə də vahid lider statusuna yiyələnə bilməyəcək. Çünki, dünyada texnologiya və texnika sarıdan kifayər qədər inkişaf etmiş dövlətlər var. Onlar daha “qapazaltı” olmaq istəmirlər. Tarix sübut edib ki, bütün dünya dövlətləri əl-ələ verməsələr, onda ümumi inkişafdan geri qalacaqlar. Bu səbəbdən ABŞ-ın apardığı ticarət və sanksiyalar müharibəsi son olaraq onun özünə qarşçı çevriləcək və yeni beynəlxalq ticarət bloklarının yaranmasına gətirib çıxaracaq. Çin kimi nəhəng iqtisadiyyata malik ölkənin belə bir blokun önündə gedəcəyi heç də şübhə doğurmur.

Digər regionlar, o cümlədən Azərbaycanın daxil olduğu Cənubi Qafqaz bölgəsi nəhənglərin müharibəsində heş bir itkiyə yol verməyəcək. Əslində bu sözlər əsasən Azərbaycana və qismən də Gürcüstana aiddir. Çünki, Azərbaycan regionun şəriksiz lideri, Gürcüstan isə gəlirini-çıxarını bilən ölkədir. Qaldı ki, Ermənistan Rusiyanın “quyruğundan tutub süründüyünə” görə bu aspektdə onun heç bir rolu olmadığından adı siyahıya da düşmür. Çindən Avropaya uzanan Qədim İpək Yolunun Azərbaycandan keçməsi isə başqa bir aspektdə uğura təmin edən amildir.

N.NOVRUZ