news Image
2019.06.12
08:30
| A A A
Problemli kreditlər həll olunsa da banklar yenə faizləri aşağı salmır
Əkrəm Həsənov: “Kommersiya banklarının problemli kreditlərin həlli fonunda belə kredit faizlərini yüksək olaraq saxlamaqda davam etməsinin iki fundamental səbəbi var” Ruslan Atakişiyev: “Maliyyə bazarında alətlər çoxalarsa, əhalidə daha çox mənbədən maliyyə cəlb etmək imkanı yaranarsa, kreditlər üzrə faizlər də aşağı enəcək”

Azərbaycanda ölkə əhalisinin mütləq əksəriyyətinin sevincinə səbəb olan problemli kreditlərlə bağlı məsələnin həllindən sonra belə fikirlər səsləndi ki, yaranmış situasiyada banklar kredit faizlərini də aşağı salmağa başlayacaq. Ancaq hələ də bu hal baş verməyib. Banklar kredit faizlərini yenə də yüksək olaraq saxlamaqdadırlar. Bir çox banklar əhaliyə kredit faizlərini 30-35 faizdən verməkdə davam edir.

Maraqlıdır ki, banklar kredit faizlərini aşağı salmasalar da, əmanətlərin cəlbi üzrə faiz dərəcəsini aşağı endiriblər. Görəsən, bankların yüksək dərəcəli kredit faizləri məsələsi niyə hələ də öz həllini tapmır?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, kommersiya banklarının kredit faizlərini yüksək həddə saxlamalarında Mərkəzi Bankın yürütdüyü siyasətin də rolu vardır: “Kommersiya banklarının problemli kreditlərin həlli fonunda belə kredit faizlərini yüksək olaraq saxlamaqda davam etməsinin iki fundamental səbəbi var. Bankların heç də hamısı Mərkəzi Bankdan kredit götürə bilmir. Mərkəzi Bank son illər uçot dərəcəsinin endirilməsi siyasətini yürüdür. Hazırda Mərkəzi Bankın banklara verdiyi kreditə görə uçot dərəcəsi 8,5 faizdir. İki il bundan əvvəl isə bu rəqəm 15 faiz olub. Görünən odur ki, uçot dərəcəsi enə-enə gedir. Ancaq məsələ ondadır ki, uçot dərəcəsini endirsə də, Mərkəzi Bank heç də bütün banklara  kredit vermir.

Ölkədə mövcud olan 30-a yaxın bankın heç də hamısı Mərkəzi Bankdan kredit almır. Əksər banklar bu amildən yararlana bilmir. Halbuki, bankların hamısı Mərkəzi Bankın ucuz kredit siyasətindən yararlana bilsə, həmin banklar arasında sağlam rəqabət yarana bilər. Nəticədə banklar da verdiyi kredit faizlərini aşağı salmalı olacaqlar. Lakin prosesdən bütün banklar yararlana bilmədiyndən onlar kredit faizlərini də yüksək olaraq saxlamaqda davam edirlər”.  

Ekspertin fikrincə, bankların kredit faizlərini yüksək saxlamasının digər səbəbi isə risq amilinin yüksək olmasından irəli gəlir: “İkinci bir tərəfdən bank kredit verəndə onun müəyyən hissəsinin qayıtmayacağını da anlayır. Deməli, bu halda həmin müştəriləri məhkəməyə verməli və istəyinə nail olmaq üçün uzun bir prosesdən keçməlidir. Bank nəticədə bu kimi riqsləri də nəzərə almaqla həmin risqi yüksək kredit faizlərilə kompensasiya etməyi düşünür. Yəni banklar yüksək faiz hesabına başına gələ biləcək risqləri qarşılamalı olur”.

İqtisadçı-ekspert Ruslan Atakişiyevin fikrincə, əhalinin daha çox mənbədən maliyyə əldə etmək imkanı yaranarsa, tələb müqabilində təklif artarsa bankların kreditlər üzrə verdikləri faizlər də aşağı düşəcək: “Banklar həmişə cəlb etdikləri əmanət və onun sahibkarlara çatması aralığındakı faiz məbləğinin daha yüksək olmasında maraqlıdır. Bu amil onların gəlirlərini maksimallaşdırmaq baxımından əhəmiyyət kəsb edir. Ona görə də banklar həmişə çalışıb ki, gəlirləri maksimal olsun. Bankların kredit faizlərini yüksək saxlamasının digər mühüm səbəbi riqslərlə bağlıdır. Banklar digər əməliyyatlar çərçivəsində müəyyən ödəmələrdə risq amili ilə üzləşməmək üçün məhz belə əməliyyatlar hesabına risqləri neytrallasdırmağı düşünür. Bəzi hallarda isə bank özünün investisiya qoyuluşunu həyata keçirən zaman da kreditlər üzrə yüksək faiz qoymaqda maraqlı olur.

Belədə bankların kreditlər üzrə faizlərinin yüksək olaraq qalmasının başlıca səbəbi maliyyə bazarında maliyyə alətlərinin az olmasından qaynaqlanır.

Maliyyə bazarlarında maliyyə vəsaitlərinə olan tələb və ehtiyaca nisbətən təklif azdır. Maliyyə bazarında alətlər çoxalarsa, əhalidə daha çox mənbədən maliyyə cəlb etmək imkanı yaranarsa,  bazarda təklif edilən maliyyə vəsaiti çox olarsa, rəqabət təmin olunarsa, bu hallarda kreditlər üzrə faizlər də aşağı enəcək”.

R. SOLTANOV