Əlaqə Arxiv
news Image
2019.06.15
07:00
| A A A
Avropa bazarlarında daha çox Azərbaycan məhsulları satılacaq
Qadir Bayramlı: “Avropa bazarları Rusiya bazarı ilə müqayisədə fermerlərimizə daha çox gəlir gətirə biləcək bir məkandır”

Keçən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi  237 milyon dollar olub. Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib, 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə ölkəyə idxal olunub. Mövcud potensialı nəzərə alınaraq bu rəqəmlər daha da arta bilər.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov isə xatırladır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hazırda müzakirəsi aparılan yeni saziş ikitərəfli ticarətin artmasında önəmli rol oynayacaq: "Sənəd Aİ ilə Azərbaycan arasında münasibətlərin qaydasını müəyyən edəcək. Burada biz beynəlxalq standartları tətbiq etməyə çalışırıq. Saziş Azərbaycanda rəğbətlə qarşılanır, Avropa da bu prosesdə maraqlıdır. Saziş Aİ-dən Azərbaycana, ölkəmizdən Avropa İttifaqına investisiyaların cəlbinə təsir göstərəcək. Həmçinin Azərbaycandan Aİ-yə ixrac edilən malların keyfiyyətini artıracaq".

İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək, bu sahə məhsulları üzrə ixracı genişləndirmək üçün geniş potensialı vardır: “Əhəmiyyətli olan bu potensialın dəyərləndirilməsidir. Digər tərəfdən, burada başqa bir əhəmiyyətli məqam Azərbaycan fermerləri üçün yeni bazarların tapılması və onların bu bazarlara çıxış imkanlarının asanlaşdırılmasıdır.

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün hazırda Rusiya kimi nəhəng bazar var. Amma Avropa bazarları Rusiya bazarı ilə müqayisədə fermerlərimizə daha çox gəlir gətirə biləcək bir məkandır. Avropa İttifaqı ölkələrilə aqrar sahədə əməkdaşlığın genişlənməsi, ixracımızın artması üçün istehsal edilən məhsulun keyfiyyət göstəriciləri yüksək olmalıdır. Avropa İttifaqı öz ölkələrinə məhsulların idxalı zamanı müəyyən standartların olmasına xüsusi diqqət yetirir. Bunun üçün də birlik ölkələri öz sərhədlərində gətirilən məhsulları qısa müddətdə analiz etmək imkanına malikdirlər.

Bundan başqa, Avropada məhsulun qablaşdırılması məsələsinə də önəm verilir. Bu proses də beynəlxalq standartlara uyğun olmalıdır. Bütövlükdə Azərbaycan fermerlərinə öz təsərrüfatlarını inkişaf etdirmək üçün lazım olan addımlar atılarsa, onlar uzun müddətli və az faizli kreditlərlə təmin olunarlarsa, təbii şəraitimiz, iqlim indikindən  bir neçə dəfə çox məhsul istehsal etməyə və onu ixraca yönəltməyə imkan verir. Digər tərəfdən, Avropanı ilgiləndirən məsələlərədn biri də ekoloji təmiz məhsullardır. Bu cəhətdən də ölkəmizin imkanları genişdir. Zənn edirəm ki, yeni sazişin imzalanması ilə hər iki tərəf arasında iqtisadi əlaqələr daha da genişlənəcək və bu prosesdə kənd təsərrüfatı məhsulları da xüsusi rol oynayacaq. Yetər ki, yuxarıda qeyd etdiyim şərtlər yerinə yetirilsin”.

Ekspertin fikrincə, Aİ ölkələrilə ticarət əlaqələrini genişləndirməklə Azərbaycan qıza müddətdə bu ölkələrlə ticarət həcminin iki dəfədən də çox qalxmasına nail ola bilər: “Kənd təsərrüfatı nöqteyi-nəzərindən Aİ ölkələrinin də üstün və zəif tərəfləri var. Düşünürəm ki, Aİ ölkələri deyəndə Azərbaycan kənd təsərrüfatı sahəsində Almaniya, Fransa, Şərqi Avropa və Şimali Avropa ölkələrilə daha geniş əməkdaşlıq qura bilər.  Ağ dənizdə yerləşən Avropa ölkələri Azərbaycanla demək olar ki, eyni iqlim qurşağına malikdirlər. Ona görə də subtropik meyvələr, zeytun məhsulu ilə bağlı Aİ ölkələrilə rəqabət çətindir. Amma yaxşı olar ki, Azərbaycan Orta və Şimali Avropa ölkələrinin bazarlarını hədəf olaraq seçək. Çünki həmin ölkələrə orada yetişməyən bir sıra məhsulları çox asanlıqla ixrac edə bilərik. Azərbaycan məhsulları təmiz və keyfiyyətli olması baxımından da Avropada maraq doğurur. Xüsusən quru subtropik və qərzəkli meyvələri həmin məkana daha geniş həcmdə ixrac edə bilərik. Bunun üçün də həmin ölkələrdə ciddi tanıtım işləri aparılmalı, daha çox kənd təsərrüfatı sərgilərinə qatılmalıyıq.

İlk növbədə isə öz fermerlərimizə diqqəti artırmalıyıq ki, onlar daha çox məhsul istehsal edərək onu Avropa bazarlarına yönəltməkdə maraqlı olsunlar. Onların bu bazarlara çıxış imkanlarını təmin etməliyik. Başlıcası isə ekstensiv təsərrüfat üsulundan qurtarmalıyıq ki, məhsuldarlıq bol olsun. Bütün bu addımların atılması ilə bu sahədə əhəmiyyətli irəliləyişə nail ola bilərik. Azərbaycanin potensialı Avropa İttifaqı ölkələrinə indi olduğundan daha çox aqrar məhsul satmağa imkan verir. Bütün imkanlarımız səfərbər edilərsə, Aİ ilə ticarət əlaqələrinin həcmini yaxın 5 ildə indi olduğundan azı iki dəfəyə qədər yüksəldə bilərik. Buna gücümüz çatır”.

Q. Bayramlı düşünür ki, Avropaya aqrosənaye məhsulları ixracını da artırmalıyıq: “Yaxşı olar ki, təkcə meyvə-tərəvəzlə kifayətlənməyək, aqrosənaye məhsulları istehsalını da genişləndirməklə də Avropa bazarlarına çıxa bilərik. Çünki bu sahə daha çox gəlir gətirir. Ona görə də bunun üçün qida sənayesi emalına xüsusi önəm verməli, dünya standartına uyğun yeni fabriklər qurulmalıdır. Eyni zamanda, orta və kiçik sahibkarlara da həmin müəssisələri qurub işlətməyə imkan yaradılmalıdır”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz