news Image
2019.06.26
09:00
| A A A
Məhsulun keyfiyyəti yüksəldikcə xaricdə ona tələbat da artır
“Made in Azerbaijan” brendi beynəlxalq ticarət şəbəkəsinin genişləndirilməsində ciddi rol oynayır

Qeyri-neft sektorunun inkişafına yönələn iqtisadi strategiya getdikə özünü daha dərindən büruzə verir. Artıq dünya bazarlarında “Azərbaycan brendi” dəyərli markalardan sayılır. İndi təbii karbohidrogen ehtiyatları ilə yanaşı becərilən kənd təsərrüfatı məhsullarımız xarici bazarlarda ayaq açıb yeriyir. Dövlətin sahibkarlığın inkişafına qayğısı, ixracyönümlü məhsulların istehsalına hərtərəfli yardım və xaricdə təşviq edilməsi ölkəmizin xarici ticarətinin əsas atributuna çevrilib.

Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı, ixracyönümlü qeyri-neft məhsullarının istehsalı, ixracın strukturunun şaxələndirilməsi, istehsalda və ixracda özəl sektorun payının artırılması öz nəticəsini verir. Bu sektorda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Qeyri-neft sənaye məhsulları ixracının artmasında  sənaye parklarının rolu böyükdür. Burada istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsi ixrac olunub.  olunduğunu bildirib. Bu gün Azərbaycandan 2166 adda məhsul xarici bazarlara çıxarılır. Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb.

İqtisadiyyat Nazirliyi Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur. Qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb.

Bir neçə ildir ki,  “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. Belə ki, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.

Bu gün Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir. Ticarət nümayəndələri ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır. Hazırda Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır.

Xarici ticarətin inkişaf perspektivləri imkanlı bazarlara mal ixracı ilə ölçülür. Bu mənada Avropa bazarlarının fəthi Azərbaycan məhsullarının ixrac coğrafiyasında ən əhəmiyyətli yerlərdən birini tutur. Belə ki, Azərbaycan yaxın gələcəkdə Mərkəzi Avropa ölkələrində ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır. Bunu Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib. Onun sözlərinə görə, ticarət evlərinin Almaniya, Çexiya və Macarıstanda açılması planlaşdırılır.
Polşadakı Azərbaycan Ticarət Evi yerli bazarda “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim edir və Azərbaycan mallarının Polşaya ixracının genişlənməsinə və təşviqinə dəstək göstərir. Polşadakı ticarət evində 30 Azərbaycan şirkətinin spirtli içkiləri, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə şirələri kimi məhsullar satılır. Hazırda Azərbaycanda Polşanın təqribən 20 şirkəti xidmət, sənaye və ticarət sahələrində fəaliyyət göstərir. Azərbaycan məhsulları arasında fındıq və nar şirəsinə polşalıların tələbatı çox böyükdür. Qeyd edək ki, hazırda Azərbaycanın ən iri ticarət tərəfdaşları İtaliya, Rusiya, Türkiyə, İsrail, Almaniya və Çindir.  Polşa böyüklüyünə görə Azərbaycanın yeddinci tərəfdaşıdır. Yaxın gələcəkdə Azərbaycan məhsullarının ixrac coğrafiyası daha da genişlənəcək.

N.NOVRUZ