Əlaqə Arxiv
news Image
2019.06.26
09:30
| A A A
Yaxın illərdə əkinə yararlı torpaqların sahəsi artacaq
Nicat Nəsirov: “İstifadəyə yararsız torpaqların əkinə yararlı hala gətirilməsi üçün investisiya proqramları olmalıdır”

Azərbaycanda son illər kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə bir sıra uğurlu addımlara imza atılıb. Aqrar sahədə yaşanan problemlərdən biri də torpaq ərazisinin bir hissəsinin erroziyaya uğrayaraq yararsız hala gəlməsidir. Belə bir vəziyyətdə, aqrar sahəsinin inkişafı fonunda istfiadəyə yararsız torpaqların yenidən dövriyyəyə cəlb edilməsi məsələsi aktuallaşır. Bu mümkündürmü və reallaşsa Azərbaycana hansı üstünlüklər qazandıracaq? 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirov müəyyən işlərin görülməsi ilə yararsız torpaqların yenidən istifadəyə verilməsini tamamilə mümkün hesab edir: “ Azərbaycanda əkinə yararlı torpaq sahəsi 5 milyon 801 min hektara yaxındır. Real olaraq əkin dövriyyəsində olan isə 1 milyon 800 min hektardır. Onun da hamısını əkə bilmirik. Çünki bir hissəsi  erroziyaya uğrayıb, şoranlaşma baş verib və digər subyektiv və obyektiv amillərdən hazırda əkin üçün əlverişli deyil. Ümumi rəqəmlərə görə bu gün əkin altında olan torpağın 37 faizi şoranlaşmaya məruz qalıb. Bəzi sənədlərdə isə bu rəqəmin 47 faiz olduğu bildirilir. Amma istənilən halda, bu çox yüksək göstəricidir. Şoranlaşmaya məruz qalmayan ərazilərdə isə başqa problemlər yaranır. Bu da son nəticədə məhsuldarlığa mənfi təsir edir. Yaranmış durum onu deməyə əsas verir ki, məsələ çox aktual və ciddi olaraq qalır. Bir məsələni də unutmamalıyıq ki, şoranlaşmış ərazinin yenidən bərpası kifayət qədər elm tutumlu sahədir. Bunun üçün ilk növbədə həmin ərazilərdə drenaj kanalları bərpa olunmalıdır. Çünki şoranlaşmanın əsas səbəbi torpağın alt qatında qrunt sularının formalaşmasıdır. Bu atmosfer çöküntüləri və yer altından axan müəyyən tərkibli sulardır.

Şoranlaşma prosesi əsasən suvarılan ərazilərdə gedir. Həmin ərazilərə verilən normadan artıq su yer qatına çökür və orada qrunt suyu əmələ gətirir. Bu su da sonradan yenidən həmin əkin sahəsinin üzərinə çıxır, şor kanallarında suyun miqdarı artır və daşaraq sahəni basır. Ona görə də yararsız  torpaqları yararlı hala gətirmək üçün ilk növbədə sadə əməliyyatlardan başlamaq lazımdır. Əvvəllər ərazinin 4 tərəfəindən şor kanalı qazmaqla qrunt sularını həmin ərazidən çıxarırdılar. İkinci bir tərəfdən, suvarılan ərazilərdə suyun verilməsi normativlərinə ciddi nəzarət edilirdi. İndi isə kanalın ağzını açıb buraxırlar. Heç düşünmürlər ki, bitki və torpağa nə qədər su lazımdır. Yəni, bugün aqrobecərmə normativlərinə əməl etmirlər. Nəticədə birinci növbədə məhsuldarlıq xeyli aşağı düşür. Əkilən bitkidə müxtəlif  xəstəliklər yaranır. Xəstəliklər nəticəsində həmin sahənin məhsuldarlığı da xeyli aşağı düşür.

 

İlk növbədə əkinə yararsız ərazilər bərpa olunmalıdır. Lakin bu da uzun müddətli prosesdir. Bir, beş ilə həyata keçən deyil, bunun üçün 50 və daha çox il lazımdır. Torpaq bərpa edildikdən sonra orada münbitləşmə getməlidir. Sonradan həmin sahə əkin dövriyyəsinə daxil olmalıdır. Azərbaycan, torpaq ehtiyatı baxımından dünyada ən kasıb ölkələr sırasında yer alıb. Əkinə yararlı, münbit torpaqlarımız çox azdır.

Ona görə yaxşı olardı ki, istifadəyə yararsız torpaqların əkinə yararlı hala gətirilməsi üçün investisiya proqramı hazırlansın. Bu hökmən olmalıdır. Onun həyata keçirilməsi qaçılmazdır”.

Həmsöhbətimizin fikrincə, yararsız torpaqların istifadəyə verilməsilə məhsuldarlığın artımı və istehsalda ciddi yüksəlişin olduğunu müşahidə edə bilərik: “Sevindiricidir ki, son illər həm dövlət səviyyəsində aparılan siyasət, həm də qeyri-neft sektorunda gedən proseslər, dünyadakı çağırışlar Azərbaycanda da aqrar sahəyə diqqətin artmasına gətirib çıxarıb. İndi kimin bir balaca imkanı olan kimi çalışır ki, onu kənd təsərrüfatı sahəsinə yatırsın. Bu da gözəl tendensiyadır. Ancaq lazımdır ki, həmin potensial düzgün idarə olunsun. Həmçinin, əkin dövriyyəsinə yeni torpaqları əlavə etmək lazımdır. Bu təkcə əkinə yararsız ərazilər deyil, eyni zamanda, rayonlarda hektarlarla fond torpağı deyilən torpaqlar var ki, illərdir əkilməyərək qalıb. Həmin torpaqların da hökmən təyinatı müəyyənləşdirilməlidir. Nazirlər Kabineti tərəfindən onların təyinatı dəyişdirilməli və həmin sahələr də əkin dövriyyəsinə daxil olmalıdır. Bu istiqamətdə iş gedir. Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri və Nazirlər Kabineti bu istiqamətdə fəaliyyətə başlayıb. Məsələn, Haramı düzü , Taxtakörpü deyilən ərazilər əkin dövriyyəsinə daxil edilib. Nəticədə 100 min hektara yaxın ərazi əkin dövriyyəsinə daxil olub. Bu gün faktiki dəmyə ərazisilə məhsuldarlığa nail ola bilmirik. Ona görə də birmənalı şəkildə ondan imtina etməliyik. Hökmən innovativ texnologiyalardan istifadə etməklə suvarma sisteminə keçməliyik. Müasir suvarma texnologiyaları kiçik damcıya qədər bitkiyə nə qədər su lazım olduğunu müəyyənləşdirir. Nəticədə torpaqda heç bir erroziya prosesi getmir. Ona görə də müasir suvarma texnologiyasının gətirilməsi istiqamətində həm dövlət dəstəyi olmalı, həm də investisiya təşəbbüsləri həyata keçməlidir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz