news Image
2019.07.09
11:47
| A A A
Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərə müraciət edib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə müraciət edib.

DANX-dan Movqe.az-a bildirilib ki, Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus “Mercedes Vito” markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib və bunlardan 3-ü azyaşlıdır. Dəfələrlə sərnişinlərə müntəzəm qanuni daşımalardan istifadə edərək ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsi ilə bu cür qeyri-qanuni daşımalardan istifadə edilir. Qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirilən monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edilərkən sərnişinlərin bu cür işbazları müdafiə edərək qohum olduqlarını iddia etmələri nəticəsində arzuolunmaz bu cür hallarla müşayiət olunur.

Respublikanın sərnişin axını sıx müşayiət edilən bütün avtovağzallarından mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün sərnişinlər heç bir problem olmadan qanuni daşımalarla səfərlərini daha təhlükəsiz başa vura bilər. Sərnişindaşıma üçün standartlara cavab verməyən mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır.