Əlaqə Arxiv
news Image
2019.07.10
07:28
| A A A
Azərbaycan beynəlxalq logistik mərkəzə çevrilir
Ölkələrarası nəqliyyat qovşaqları şəbəkəsini uğurla tətbiq edən ölkəmiz iqtisadi əlaqələri genişləndirir

Son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Тифлис-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialından real istifadəyə istiqamətlənib.
Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədi ilə 1922-ci ildə yaradılmış Beynəlxalq Dəmir Yolları İttifaqına bu gün təxminən 100 ölkədən 200-dən çox dəmir yolu şirkəti daxildir. İttifaqın əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabət qabiliyyətinin artırılmasıdır. İttifaq, həmçinin konteyner daşımaları və dəmir yolu ilə digər malların daşınması üçün standart tələblər irəli sürür.  

Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir. Fəxrlə qeyd etmək olar ki, artıq Azərbaycan Avropa ilə Asiya arasında çoxşaxəli logistik qovşaqdır.

Azərbaycanın bütün Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Bakı-Тифлис-Qars dəmiryol xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırəb. Bu marşrut Asiya və Avropa ölkələrini birləşdirən  ən qısa yoldur və tezliklə bu yolla daşınan yükün həcmi hər il 30 milyon tona çatacaq.

Tarixi Böyük İpək yolu təxminən 2 min il ərzində Qərblə Şərqi birləşdirən böyük ticarət marşrutu olub. Bu yol bir sıra ölkələrin ərazilərindən keçib və həmin dövlətlərin iqtisadi, mədəni inkişafında mühüm rol oynayıb. Azərbaycan lap əvvəldən bu nəhəng ticarət və nəqliyyat qovşağının bir hissəsi olub. “Tarixi ipək yolu”nun bərpası əsas iqtisadi və strateji məqsədlər daşıyır və hazırda öz funksiyasını uğurla yerinə yetirir.

İpək yolunun bərpasından sonra ölkəmizdən tranzit yüklərin daşınması ilbəil artır. Təkcə cari ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon  sərnişin daşınıb. Yüklərin 14 milyon tonu və ya 49,7 faizi avtomobil, 9,5 milyon tonu və ya 33,9 faizi dəmir yolu, 4,6 milyon tonu və ya 16,4 faizi dəniz nəqliyyatları ilə həyata keçirilib. Yük daşımaları fəaliyyətindən 242,5 milyon, sərnişin daşınmasından 52,3 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq  dövründəkindən müvafiq olaraq 7,1 və 12,6 faiz çoxdur. Eyni zamanda, Xəzəryanı ölkələrdən tranzit yolla Köhnə Dünya istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu bu dəhlizin payına düşür.

Bu il Ukrayna da Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşularaq Çinə 10 vaqon və 20 konteyner yük göndərib. Sınaq qatarı Qara dənizlə Gürcüstanın Poti limanına, sonra dəmiryolu ilə Bakıya, buradan isə Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau limanına və nəhayət, Çinə çatıb. Marşrutun uğurlu test sınağından sonra Ukrayna və Litva “Vikinq” konteyner qatarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıblar. Bu, ondan xəbər verir ki, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çinlə yanaşı, Avropa İttifaqı ölkələri də İpək Yoluna qoşulacaqlar. Heç şübhəsiz, tezliklə Koreya Respublikası da bu sərfəli nəqliyyat dəhlizindən bəhrələnəcək.

Ötən il Çinin Sian şəhərindən Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Çin ”Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və digər ölkələrlə  əməkdaşlığı sürətlə genişləndirir. Bu yaxınlarda başa çatmış G20 sammitində görüşən Türkiyə və Çin rəhbərləri ölkələri arasında ticarətin dövriyyəsini 2 dəfə artıraraq 50 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar.  Bu 25 milyardlıq yükün daшınmasında Azərbaycanın iştirakı mütləqdir və bu, ölkəyə əlavə valyuta gətirəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz