Əlaqə Arxiv
news Image
2019.07.11
14:22
| A A A
KİV nümayəndələri Kür Sutəmizləyici Qurğular Kompleksində olub
Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin içməli su ilə təminatında Kür Sutəmizləyici Qurğular Kompleksinin əhəmiyyəti böyükdür.

Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin içməli su ilə təminatında Kür Sutəmizləyici Qurğular Kompleksinin əhəmiyyəti böyükdür. Kompleks 1970-cı illərin əvvəllərində istifadəyə verilib və onun ərsəyə gəlməsində Ülu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.

İyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Heydər Əliyev 1969-cu ilin iyulun 14-də Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Birinci katib seçilməsindən sonra Heydər Liyevin xüsusi diqqət ayırdığı layihələrdən biri Kür Sutəmizləyici Qurğular Kompleksi olub. Onun ciddi səyi və təşkilatçılığı nəticəsində kompleks bir neçə ilin ərzində tikilərək istifadəyə verilib.

Hazırda bu kompleks “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin idarəçiliyindədir. “Azərsu” ASC Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Kompleksə mediatur təşkil edib.

Mediatur zamanı “Azərsu” ASC sədrinin müşaviri, əməkdar mühəndis Telman Ağayev kompleksin yaranma zərurəti və onun inkişaf mərhələləri haqqında ətraflı məlumat verdi.

T.Ağayev qeyd etdi ki, 1970-ci illərə qədər Bakı şəhəri və Abşeron yarımadasındakı digər yaşayış məntəqələri içməli su ilə “Şollar”, İkinci  Bakı su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına təchiz olunurdu. Bakı və Sumqayıtın sürətli inkişafı, yeni sənaye müəssisələrinin yaradılması mövcud tələbatı ödəmədiyindən əhalinin içməli su  təminatında ciddi çətinliklər yaranırdı. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranır.

Əməkdar mühəndis söylədi ki, SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür su kəmərləri sistemnini birinci növbəsinin inşasına 1968-ci ildə başlanılır, lakin işlər olduqca ləng gedirdi: “1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilir. Ulu Öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilir. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılır”.

 Kür su magistral kəmərinin birinci hissəsi 1970-ci il sentyabrın 27-də istifadəyə verilir. Bir il sonra, 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verilir.

T.Ağayev məlumat verdi ki, 1980-88-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisi həyata keçirilir. İkinci növbə çərçivəsində mərhələlərlə Bakıya daha üç magistral su kəməri çəkilir.  

Kür Sutəmizləyici Qurğular Kompleksi müstəqillik illərində də inkişaf etdirilir. Əməkdar mühəndis vurğuladıki, 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf  Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.

Kür sutəmizləyici qurğularında suyun təmizlənməsi prosesi 3 mərhələdə həyata keçirilir. “Azərsu”nun mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı  məlumat verdi ki, 4 ədəd üzən nasos stansiyaları vasitəsilə Kür çayından götürülən su əvvəlcə radial su durulducularına ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. 2-ci mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçərək standartlara uyğun təmizlənən su anbara ötürülür. Burada xlorlanaraq zərərsizləşdirilən su nasoslar vasitəsilə magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur.

1970-ci illərdə Bakının içməli su ilə təminatının 40-45 faizi Kür çayından gətirilən suyun payına düşürdü. Hazırda Bakının aldığı suyun 10 faizi Kür çayından gətirilir.

A.Cəbrayıllı qeyd etdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi, eləcə də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi ilə əlaqədar Abşerona verilən içməli suyun həcmi xeyli artdı. Bu da Kür sutəmizləyici qurğular kompleksindən Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran rayonlarına yönəldilməsi üçün geniş imkan yaradır. Məhz bu məqsədlə 2012-ci il iyulun 16-da də Prezident İlham Əliyev tərəfindən Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulur.

2012-2013-cü illərdə 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəməri və kəmərin marşrutu boyunca Hacıqabul, Salyan və Biləsuvar su anbarları tikilib. 2013-cü ilin  aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də Biləsuvar, 2016-cı ilin sentyabrın 3-də isə Salyan şəhərlərinə içməli suyun verilməsi təmin olunub.  Gələcəkdə bu kəmərdən Neftçala şəhərinə də suyun verilməsi nəzərdə tutulur.

A.Cəbrayıllı söylədi ki, Şirvan-Muğan Qrup su kəmərindən gələcəkdə 5 şəhər və 121 kəndin 470 min nəfər sakini faydalanacaq: “Bununla yanaşı, 2014-cü ildə uzunluğu 62 km olan Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri tikilərək istismara verilib. Həmin kəmər 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya  olan tələbatını ödəyəcəkdir”.

 A.Cəbrayıllı onu da əlavə etdi ki, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib.

 

 

Sizin Reklam Yeriniz