Əlaqə Arxiv
news Image
2019.07.12
12:59
| A A A
Yerli mallara tələb artır
Pərakəndə ticarətdə idxal mallarının payı 36 faizə düşüb

Azərbaycan əhalisinin pərakəndə ticarət xərclərində idxal məhsullarının payı azalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə pərakəndə ticarətdə alınan məhsulların 36,1 faizi idxal edilən mallar olub. 2015-ci ildə bu göstərici 37,2 faiz, 2017-ci ildə 36,8 faiz təşkil etmişdi.

Pərakəndə ticarətdə idxal edilən malların payının azalması onlara xərclənən pulun azalması ilə bağlı deyil. Əksinə ötən il idxal məhsullarına xərclənən vəsait bir qədər də artıb. 2017-ci ildə idxal mallarının alınmasına 12,963 milyard manat xərcləndiyi halda, ötən il çəkilən xərc 13,383 milyard manata yüksəlib.

Pərakəndə ticarətdə idxal mallarının payının azalması yerli məhsulların alınmasına çəkilən xərcin daha çox artması ilə əlaqədardır. 2015-ci ildə yerli istehsal mallarının alınmasına 16,166 milyard manat xərcləndiyi halda, 2018-ci ildə yerli malların pərakəndə ticarətinə çəkilən xərc 23,706 milyard manat olub.

Bu faktın özü yerli istehsal mallarına tələbin artması ilə də izah edilə bilər. Əhali əvvəlki illərlə müqayisədə sadəcə ərzaq sektorunda yox, həm də qeyri-ərzaq sahəsinə aid olan yerli malları almaqda tərəddüd etmir. İqtisadiyyatın qida məhsullarının istehsalı, yüngül sənaye və digər emal sahələrində yeni müsəssisələrin yaradılması bir sıra idxal mallarının daxili bazarda payının azalmasına gətirib çıxarıb.

Son məlumatlara əsasən idxal mallarına daha böyük tələb əsasən iri şəhərlərdə və sərhəd rayonlarında müşahidə edilir. Bakıda əhalinin pərakəndə ticarət xərclərinin 40,4 faizi idxal məhsullarının payına düşür. Bu göstərici Gəncədə 45 faiz, Sumqayıtda 36 faizdir.

Ən yüksək göstərici Qusar rayonunda qeydə alınıb. Qusar sakinlərinin aldığı ərzaq və qeyri-ərzaq mallarının 51,6 faizi idxal mallarıdır. Bu göstərici 2015-ci ildə 37 faiz səviyyəsində idi.

İdxal mallarının alınmasına ən az pulu isə Xızı rayonunun sakinləri ayırıb. Bu rayonda insanlar pərakəndə ticarətdə xərclərin 21 faizini idxal mallarının alınmasına ayırıb.

Vasif        

Sizin Reklam Yeriniz