Əlaqə Arxiv
news Image
2019.07.18
09:42
| A A A
Yerli avtomobil istehsalı idxalı azalda bilmir
Azərbaycana avtomobil idxalı 60 % artıb

2019-cu ildə Azərbaycana idxal edilən avtomobillərin sayında ciddi artım qeydə alınır. Artım daha çox minik avtomobillərində baş verir. Ötən illə müqayisə bu ilin birinci yarısında idxal edilən avtomobillərin sayı 7040 ədəd artaraq 18 min 740 ədədə çatıb. Bu il avtomobil idxalında 60,17 faiz artım olub.

Avtomobillərin 16 min 965 ədədi minik maşınıdır. 2018-ci ilin birinci yarısına nisbtətən minik avtomobillərinin idxal sayı 6563 ədəd və ya 63,1 faiz artıb.

Avtomobil idxalının artması ölkəmizdə avtomobil istehsalına başlanılması fonunda baş verir. Artıq bir ildir ki, ölkəmizdə minik avtomobilləri istehsal olunur. Yerli istehala başlanılmasına baxmayaraq avtomobil idxalında böyük artım davam edir.

Azərbaycan istehsalı olan avtomobillərin əsas alıcısı hələlik dövlət təşkilatlarıdır. Amma azsayda olsa da fərdi şəxslər də yerli avtomobillərin alıcısıdırlar.

Dünya təcrübəsinə əsaslansaq yerli məhsulların satışını artırmaq, xarici malların idxalını azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlardan biri də antidempinq tədbirləridir. Burada məqsəd idxal edilən malların satışını zəflətmək, onları bazarda sıxışdırmaq, nəticədə yerli istehsal mallarının satışına nail olmaqdır.

Azərbaycanda yerli avtomobillərin satışının artırılması üçün idxal avtomobillərinə qarşı hansı tədbirlər görülməlidir?

“Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlının fikrincə, hökumətlərin yerli malların satışı üçün müxtəlif tədbirlər görməsi təcrübəsi var. Onun sözlərinə görə, bir sıra hallarda yerli mallar yüksək marka dəyərinə malik olan mallarla rəqabər aparmaq imkanına sahib olmur. Ekspert deyir ki, bu səbəbdən müəyyən inzibati və iqtisadi tədbirlər görülür.

 

 

O, xarici təcrübəyə əsaslanaraq qeyd etdi ki, inzibati tədbirlər yerli malların satışını qısamüddətli dəstəkləyir. Uzunmüddətli dövrdə o qədər də səmərə vermir: “Yerli istehsalın artırılması üçün müəyyən inzibati tədbirlər görülə bilər. Qonşu Rusiyada avtomobil istehsal sənayesi inkişaf edib və onlar çoxlu sayda avtomobil istehsal edir. Rusiyada tapşırıq verilmişdi ki, qurum rəhbərləri istisna olmaqla digər vəzifəli şəxslər və başqa məqsədlər üçün yerli istehsal avtomobilləri alınsın. Burada məqsəd yerli avtomobillərin təşviqini aparmaq, eyni zamanda yerli istehsalı stimullaşdırmaq məqsədi var idi”. R.Osmanlı bildirdi ki, Azərbaycanda da buna oxşar qərar qəbul etməklə yerli istehsala dəstək vermək, istehsalı artırmaq olar. Amma o, bu cür tədbirlərin geniş əhali kütləsini əhatə etmədiyini də söylədi.

Onun sözlərinə görə əsas satış hədəfi fərdi şəxslər olmalıdır: “Avtomobil satışında ən önəmli məqam əhalinin avtomobilə olan tələbatıdır. Ölkəmizdə avtomobilləşmə prosesi əvvəlki illərdə daha sürətlə gedirdi. Xüsusən 2010-2013-cü illər ərzində ölkəmizdə hər il 100 min ədəddən artıq avtomobil gətirilib. 2014-cü ildən qəbul edilən qərarlar, kreditləşmə şərtlərinin ağırlaşdırılması, eyni zamanda idxal rüsum və vergilərinin artırılması avtomobil idxalını xeyli dərəcədə azaltdı.

Bu tədbirlərdən sonra idxal azalsa da ikinci əl avtomobillərə tələbat artdı. Görürük ki, son illərdə idxal yenidən artır və bu artımda ikinci əl avtomobillərin xüsusi çəkisi yüksəkdir. Avtomobil idxalının artmasının səbəbi avtomobilə tələbatın hələ də yüksək olmasıdır. Minik avtomobilləri üzrə götürsək ölkəmizdə hər 10 nəfərdən birinin avtomobili var. İnkişaf etmiş ölkələrdə isə hər 10 nəfərə 7-8 avtomobil düşür”.

R.Osmanlı qeyd etdi ki, artan tələbatı ödəmək üçün bir tərəfdən idxalı məhdudlaşdırmaqla yanaşı, digər tərəfdən yerli avtomobillərin alışını təşviq etmək lazımdır: “İdxal xərclərini artırdıqda ölkə daxilindəki köhnə avtomobillərin dövriyyədən çıxması çətinləşir. Qiymətlər yüksələndə avtomobil sahibləri köhnə avtomobillərdən imtina etmir. Buna görə də yaxşı olardı ki, yerli istehsal avtomobillərinin satışı üçün inzibati deyil, iqtisadi tədbirlərdən istifadə edilsin. O cümlədən satış şərtləri, kredit şərtləri yaxşılaşdırılsın”.

Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 1112 ədəd minik avtomobili istehsal edilib. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə minik avtomobili istehsalı 8,5 dəfə artıb. Ötən il ərzində 969 ədəd minik avtomobili istehsal edilmişdi.

2019-cu ilin yanvarında 89 ədəd, fevralında 87 ədəd, martında 107 ədəd, aprelində 153 ədəd, mayında 490 ədəd, iyununda 186 minik avtomobili istehsal edilib. İstehsaldakı artım dövlət təşkilatlarının sifarişləri ilə bağlıdır.

İstehsal edilən avtomobillərin 848 ədədi satılıb. 

Bu il Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz