Əlaqə Arxiv
news Image
2019.07.19
09:38
| A A A
Xarici ticarətdə milli valyutaya maraq artır
Ekspert: “Bunun üçün real mexanizm olmalıdır”

Rusiya, Çin, İran, Türkiyə, Hindistan, Brazilya və bir sıra digər ölkələr qarşılıqlı ticarətdə milli valyutadan istifadə həcminin artırılmasına çalışırlar. Bu məqsədlə ölkələr arasında müxtəlif razılaşmalar da mövcuddur.

Azərbaycan da son illərdə xarici ticarət əlaqələrində milli valyutalardan istifadə olunması təcrübəsi ilə maraqlanır, bu istiqamətdə müəyyən addımlar atır. Artıq ölkəmizin az miqdarda olsa da Türkiyə və Rusiya ilə ticarət əməliyyatlarında milli valyutalardan istifadəyə etdiyi bilinir.

Azərbaycanın bu istiqamətdə daha sıx əməkdaşlıq etdiyi ölkə Türkiyədir. Hər iki ölkənin mərkəzi bankları və iqtisadiyyat nazirlikləri xarici ticarət əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadəyə keçə bilməsi üçün mexanizm üzərində çalışır.

Bəs, milli valyutalarda ticarətın artımı dollar sisteminə nə vəd edir? ABŞ dolları ilə dövriyyənin azalması mümkündürmü? Azərbaycan bu istiqamətdə hansı addımlar atmalıdır?

İqtisadçı-ekspert Pərviz Heydərov ölkələr arasında xarici ticarətdə öz valyutalarından istifadə ilə bağlı fikirlərin həmişə mövcud olduğunu bildirir. Onun sözlərinə görə, beynəlxaql sferada, xüsusən də ABŞ-la münasibətlərdə gərginlik yarandıqda bu təkliflər daha da güclənir.

P.Heydərov hesab edir ki, xarici ticarətdə mübadilə üçün dollardan başqa digər valyutalardan istifadə məsələsi sadə və asan məsələ deyil. O, deyir ki, hər hansı inzibati qərarla, bəyanatla, istəklə bunu həll etmək qeyri-mümkündür. “Bunun üçün ortada real mexanizm olmalıdır”, - söyləyən ekspert bu sistemin işləməsi üçün maliyyə təminatının olmasının da əhəmiyyət daşıdığını vurğuladı: “Məsələn, böyük iqtisadiyyata, istehsal imkanlarına malik olan Çinlə Rusiya arasında milli valyutada ticarətin aparılması söhbəti uzun illərdir var. Amma indiyə qədər ortaya real mexanizm qoya bilməyiblər. Eynilə Rusiya ilə Türkiyə arasında da oxşar tədbirlər görülür, müxtəlif qərarlar qəbul olunub. Lakin təcrübə göstərir ki, hansı valyuta ilə əməliyyat aparılmasından asılı olmayaraq istənilən halda ABŞ dollarına istinad edilməlidir”.

 

 

Heydərova görə burada bir vacib məsələ də var. O, bildirdi ki, hər bir ölkənin milli valyutasının arxasında onun iqtisadiyyatı, istehsal etdiyi məhsul dayanır. Dünya miqyasında da belə olduğunu söyləyən ekspert ABŞ dollarının hegomonluğunun təsadüfi olmadığını vurğuladı: “ABŞ dolları ona görə əsas valyutaya çevrilib, böyük əksəriyyət ondan istifadə edir ki, dünyada istehsal edilən ümumi daxili məhsulun 25-26 faizi bu ölkədə istehsal olunur. Eyni zamanda dünyada aparılan ticarətin 60 faizindən çoxu ABŞ dolları ilə aparılır. Bundan başqa beynəlxalq birjalarda bir çox əmtəənin dəyəri ABŞ dolları ilə müəyyən edilir. Hansısa ölkə hesab edirsə ki, milli valyuta ilə əməliyyat aparmaqla dollarla dövriyyə azalacaq, ABŞ-ın qlobal istisadiyyatda mövqeyi zəifləyəcək, bu, real deyil”.

Bununla belə P.Heydərov ölkələr arasındadı ticarət əlaqələrində milli valyutadan istifadə məsələsinin getdikcə daha çox müzakirə obyektinə çevrildiyini, aktuallığının artdığını dedi. O, hesab edir ki, milli valyuta ilə əməliyyatlar üçün hələlik özünü doğruldan real mexanizm yaradılmayıb.

Ekspertin fikrincə, indiki vəziyyətdə Azərbaycanın milli valyuta ilə əməliyyat aparması üçün imkan yoxdur, çünki ölkəmizin ixtacında dollarla gəlir əsas valyuta gəlirini təşkil edir: “Azərbaycanın iqtisadi vəziyyəti xarici ticarətdə manatdan geniş istifadəyə imkan vermir. Ona görə ki, istehsal edilən məhsulun 95 faizə qədəri xam neft, neft məhsulları və təbii qazdır. Bu məhsulları da ancaq və ancaq ABŞ dolları ilə satmağa məcbursan. Azərbaycanın xarici valyutada olan gəlirinin 100 faizə yaxınını ABŞ dolları təşkil edir. Belə olan vəziyyətdə manatın sərbəst dönərli valyuta kimi digər ölkələrlə ticarət əlaqələrində istifadə edilməsi imkanları olduqca məhduddur”.

P.Heydərovun qənaətincə manatla xarici ticarət o zaman real ola bilər ki, Azərbayacanın ixracında qeyri-neft mallarının payı ən azı 50 faizə çatsın. “Qeyri-neft məhsullarının ixracı ölkəmizə valyuta mədaxilinin heç olmazsa 49 fazini təmin etməlidir”, - deyən Heydərov ixracda bu göstəriciyə nail olmaqdan ötrü bizə çox vaxt və zəhmət lazım gəldiyini vurğuladı: “İstehsal etdiyimiz qeyri-neft sektoruna aid olan məhsulların ixracının artırılması üçün ilk növbədə özümüzün daxili tələbatı ödənilməlidir, ikincisi həmin məhsullar yüksək rəqabət qabiliyyətinə malik olmalıdır. Rəqabət qabiliyyəti yüksək olmasa məhsulları xarici bazarlara çıxarmaq, satışı artırmaq mümkün olmayacaq”.

Əlavə edək ki, Azərbaycanın xarici ticarət əməliyyatlarında sövdələşmələrin 0,2 faizə qədəri manatla aparılır. 2019-cu ilin birinci yarısının məlumatına əsasən, ölkəmiz  9 milyard 979 milyon dollarlıq ixrac həyata keçirib. Bunun 26 milyon 170 min dollar dəyərində olan hissəsi, yəni 0,26 faizi milli valyutada aparılıb.

İxracımızın 78 faizi və ya 7,752 milyard dollar dəyərində olan hissəsi sərbəst dönərli valyutanın (dollar, avro) payına düşüb.

İdxalda isə milli valyutanın payı 0,07 faiz olmaqla 5 milyon dollar səviyyəsində olub.

Vasif CƏFƏROV

    

Sizin Reklam Yeriniz